Bir oxucumdan internet vasitəsi ilə belə bir məktub aldım.
“Adım Ayşə Mügədir. Konyadan sizə məktub yazıram. Şəbnəm dərgisindəki yazılarınızı bəyənərək oxuyuram. Ağlıma və həyatıma təsir edən bir mövzuda sizdən məsləhət almaq istəyirəm. Mənim 23 yaşım var. 2013-cü ildə Türk dili müəllimliyi fakultəsinin məzunu olmuşam. Universitetə daxil olarkən fikirlərim indikindən daha fərqli idi və dini yönlərə diqqətim çox yüksək deyildi: “İşləyərəm, çalışaram, pulumu qazanaram!” deyirdim. Amma indi fərqli düşünürəm. Bir dostumun vəsiləsi ilə bütün düşüncələrim dəyişdi. Qarışıq mühitdə işləməyin düzgün olmadığını gördüm, amma bir tərəfdən də uşaqları düşünürəm və bu anda qərarsız qalmışam. İndi özəl bir gənclik mərkəzində dərs deyirəm və bura dini qaydalara diqqət olunan bir yerdir və şükürlər olsun ki, yalnız qız uşaqlarına dərs keçirik. Ancaq dərnək şəklində olduğu üçün maaşlar bir o qədər yüksək deyil. Ətrafımdakı insanlar mənə psixoloji təsirlər edirlər. “Sənin kimi ədəbli, təsəttürlü müəllimələrə şagirdlərin ehtiyacı var!” deyirlər. Amma şərait münasib deyil, təcrübə zamanı özüm şəxsən görmüşəm. Qadınların işləməsi ilə bağlı çox araşdırmalar aparmışam. Bəzi dindarlarla da söhbət etmişəm. “Doğrü düşünürsən”, dedilər. Amma mən yenə də qərarımı dəqiqləşdirə bilmirəm. İnsanlar israrla düşüncələrimə müdaxilə edirlər. Müəllim olmağı istəmədiyimi eşitdikləri zaman: “Sən ədəbli olduqdan sonra şəraitin nə önəmi var?”, deyirlər. Amma arada nəfs var… Bunu düşünmürlər. Mən sizin də fikirlərinizi bilmək istəyirəm, əsasən də möhtərəm Osman Nuri Topbaşın bu mövzuda mənə nə deyəcəyini bilmək istəyirəm, onun bu mövzuda fikirləri necədir? Sizin bu mövzuda məlumatınız varmı? Bu mövzuda mənə yardım etsəniz çox sevinərəm. İndidən Allah razı olsun…”
Əslində, bu məktub bəlkə bir insandan gəlib, amma çoxları bu mövzuda şübhəli və narahatdırlar. Son zamanlarda dövlət əhalinin müəllimə olan təlabatını ödəmək üçün müəllimləri işlə təmin edir. Məlumdur ki, qızlarımız da min cür başörtüsü mücadiləsi ilə təhsillərini davam etdiriblər. Bəziləri:
“Boş yerəmi oxuduq, işləyib, pul qazanmalıyıq!” deyə düşünürlər, ya da yuxarıdakı məktubumuzda olduğu kimi:
“Xeyr! Şərait xanımların işləməsinə münasib deyil! Kişi və qadının birlikdə işləməsi haramdır!” deyə, işləməkdən çəkinirlər. Bəs hansı doğrudur? Nə etmək lazımdır?
İxtilat
“İxtilat” bir neçə şeyin bir-birinə qarışması deməkdir, kişi və qadınların birlikdə oturub eyni mühitdə ünsiyyətdə olmaqları deməkdir. Dinimiz, bir-birinə yad olan kişi və qadının məhdudiyyətsiz bir şəkildə oturub-durmalarını və ya işləmələrini uyğun görmür. Nəinki oturub-durmağı, camaatla namaz qılmaq çox önəmli vəsavablı bir ibadət olduğu halda, sırf qadın və kişi ixtilatını (fitnəni) önləmək üçün bəzi zamanlarda xanımların evdə namaz qılmaları belə təşviq edilmişdir.
Bu mövzuda Peyğəmbərimiz (s.ə.s.): “Qadınların ən xeyirli məscidləri evlərinin bir küncüdür”, buyurmuşdur (Əhməd ibn Hənbəl, VI, 297).
Həzrət Aişə, Əməvilər dövründə qadın və kişilərin namaza gedib, çıxdığı zaman bir-birinə qarışdığını gördüyü zaman belə demişdi:
“Rəsullullah (s.ə.s.) qadınların belə etdiyini görsəydi, İsrayıloğulları qadınlarını məscidlərdən uzaqlaşdırdığı kimi onları məscidlərdən uzaq tutardı” (Buxarı, Azan 183).
Məscidi-Nəbəvidə qadınlara məxsus xüsusi bir qapı vardı. Həzrət Ömər (r.a.) kişilərin bu qapıdan girmələrini qadağan etmişdi. Pəyğəmdərimiz namaz bitdikdən sonra bir qədər oturar, qadınlar məsciddən çıxıb getdikdən sonra qalxardı (Buxarı, Azan, 162).
Allah Rəsulu bir gün məsciddən çıxarkən kişi və qadınların bir-birinə qarışdığını görür və qadınlara səslənərək: “Çəkilin, yolun ortası ilə getməyə haqqınız yoxdur, yolun kənarı ilə gedin!” buyurdu. Bundan sonra qadınlar divarın dibi ilə getməyə başladılar, belə ki, paltarları hasarlara ilişirdi (Əbu Davud, Ədəb 179).
Göründüyü kimi, dinimiz ibadət zamanı ola biləcək ixtilatı belə uyğun görməmişdir. Və “Harama səbəb olacaq yolların qapanması” (səddi zərai) vacibiyyəti ilə ixtilatı qadağan etmişdir.
Qadının işləməsi
Məlumdur ki, islama görə qazanc əldə etmək, ehtiyacları ödəmək kişilərin vəzifəsidir. Yəni qadının işləyib pul qazanmaq kimi bir məsuliyyəti və məcburiyyəti yoxdur. Amma istisnalar da vardır: “Yoldaşı olmayan, atası ya da ona baxa biləcək kişi qohumu olmayan, ya da olduğu halda ona baxmayan xanımlar da vardır, onlar nə etsin?” deyilsə, İslam qadınların işləməsini qadağan etməmişdir. Əlbəttə, işləyə bilərlər. Ancaq hansı mühitdə? Yaradılışına uyğun, kişi-qadın ixtilatının olmadığı iş yerləri seçilməlidir. Bəli, bu gün bir sıra məktəblərin müəllimlər otağı kişi-qadın qarışıqdır və hər gün eyni mühitdə işləməkdən yaranan səmimiyyət və daha da çoxu ola bilir. Digər tərəfdən məsələ sadəcə müəllimlər otağı deyil, xanım müəllimlərin həddi-büluğa çatmış oğlanlara dərs verməsi heç uyğun deyil. Qadın müəllimlər qızlar üçün xüsusi məktəblərdə və liseylərdə işləsələr daha yaxşı olar. İmkan daxilində heç olmasa kişi müəllimlərlə qadın müəllimlərin otaqları ayrı olmalıdır.
Bu yazını oxuyanlar, mənə bəlkə: “Həzrət Aişə anamızın yanına kişi səhabələr gəlib, suallar verərdilər”, deyəcəklər. Həzrət Aişə anamız kişilərlə pərdə arxasından danışıb və suallarına cavab verirdi. Təsəttürlə əlaqəli ayə endikdən sonra, analarımızın hamısı təsəttürə keçməklə kifayətlənməyib, üzlərinə niqab (örtük) də örtmüşdülər. Eyni zamanda onlar özlərindən sual soruşan kişilərin mənəvi anası hökmündə idi və heç bir şəkildə evlənmə imkanları da yox idi. Buna baxmayaraq onlarla danışdıqları zaman oturuşlarına, qalxmalarına diqqət etmişlər, cahil və pis niyyətli insanların ağlına yanlış düşüncələrin gəlməsinə fürsət verməmişdilər.
Biz, siyər kitablarından Həzrət Xədicə anamızın ticarətlə məşğul olduğunu bilirik. Bəli, Həzrət Xədicə anamız Allah Rəsulu ilə evlənmədən əvvəl ticarətlə məşğul idi. Peyğəmbərimizlə evləndikdən sonra isə malının bütün idarəetmə haqqını yoldaşına həvalə edərək evinə çəkilmişdi. Həmçinin Xədicə anamızın zamanında hələ təsəttür ayəsi enməmiş və ixtilatla bağlı qadağan da gəlməmişdi.
Lakin bu, qadının heç vaxt işləməyəcəyi mənasını vermir. İslam, ehtiyac zamanlarında qadınların kişilərlə birlikdə olmasına və işləməsinə icazə vermişdir. Bu məcburiyyət nə vaxt olur? Məsələn, müharibələrdə, qadınlar kişilərlə birlikdə cihad meydanına getmiş, bəzən orada tibb bacısı kimi, bəzən də əlinə qılınc, bəzən də ox-yay alaraq savaşa qatılmışdır. Muavvizin qızı Rubayyı buyurur ki,
“Biz Allah Rəsulu ilə birlikdə döyüşə çıxardıq və əsgərə xidmət edib, onlara su içirər, yaralıları müalicə edər, şəhidləri Mədinəyə daşıyardıq” (Buxari, Cihad, 68).
Bu günkü vəziyyətimiz
Sadəcə başörtüsü örtməklə iş bitmir, təsəttürümüz nə haldadır? Təsəttür, örtmək, gizləmək deməkdir. Təəssüf ki, bu gün “təsəttürlü xanım” dediyimiz xanımların neçəsinin təsəttürü onu örtüb haram baxışlardan gizləyir?!
Başörtüsü təsəttürü tamamlayan, onun varlığını göstərən bir simvoldur. Təsəttür yoxdursa, başörtüsü də yox olmağa məhkumdur. Bunun üçün əvvəlki dönəmlərdə təsəttürlü xanımların geyimlərinə, bir də bu günkü təsəttür geyimlərinə baxaq. Məsələ günahkarı tapıb onu cəzalandırmaq deyil. Hər birimiz özümüzdən soruşmalıyıq: “Hansı geyim tərzi əsil təsəttürə uyğundur?”
Bir seminar vəsiləsi ilə qızlar üçün olan özəl məktəbə dəvət olunmuşdum. Seminardan sonra kitab imzalatmaq üçün növbədə gözləyən qızların müəllimlərinə hörmətsizlik etdiyini gördüm və xəbərdarlıq edərək: “Müəllimlərinizə hörmət göstərsəniz elmin ləzzətini alarsınız!” – dedim. Qızlardan biri yanımızdan ayrılıb uzaqlaşan müəlliminə: “Bu müəllimə hörmət edəcəyik?! O özü danışdıqlarına əməl etmir”, dedi.
Başqa bir şagird: “Sus. O din müəllimidir, günaha batarsan, alimallah!” deyərək, lağ etdi. Müəllimin arxasından baxdım. Din müəllimi olduğunu da bilmirdim. əynində çox dar və göstərişli bir şalvar və köynək var idi. Tələbələrinin gözündə nə sözü təsirli idi, nə də halı. Əslində, hər şey aydın görünürdü. Unutmayaq! “İnsanlar, şəxsiyyətə və xarakterə məftun olarlar!” Şəxsiyyət və xarakterin ən vacib göstəricisi dediyimiz sözlə yaşantımızın uyğun olmasıdır. Bir sıra dostum, müəllim olaraq seçildi. Bəlkə geri dönmək imkanları da olmayacaq.
Xahiş edirəm, başınıza örtdüyünüz örtünü əmr edən Rəbbimizin bu əmrinə layiq bir təsəttürdə olaq. Geyimləriniz uzun və geniş olsun. Geyiminizlə, halınızla sözünüz bir ahəngdə olsun. Məktəblərdə başörtünüzlə siqaret çəkməyin. Kişi müəllim və tələbələrlə yersiz söhbətlər etməyin, mümkün olduğu qədər ixtilatdan uzaq durma əmrinə riayət etməyə çalışın.
Hansı ixtisasta olduğunuzdan asılı olmayaraq, unutmayın ki, başınızda örtü olduğu müddətdə əvvəla halınızla “din müəlliməsi” hökmündəsiniz.
Təsəttürünüzlə, məktəbdə namaza verdiyiniz diqqəti göstərərək şagirdlərə örnək olsanız, tələbələriniz sizə məftun olacaqlar. Ən sonda məktubu yazan Ayşə bacımıza bir neçə söz demək istəyirəm. Ayşə bacım, düz yoldasan. Unutma, bu gün unudulmayan, hələ dualarımızda olan: “Əsabım göydəki ulduzlar kimidir, hansından yapışsanız qurtularsınız!” müjdəsinə nail olan səhabələri “səhabə” edən xüsusiyyətlərdən biri də islamın əmirləri xüsusunda mallarından, vətənlərindən, canlarından, qısacası, nəfsə şirin gələn hər şeydən tərəddüt etmədən əl çəkib Allah rızasını seçmələri idi. Sən də bu seçiminlə əsrimizin Ayşəsi, Fatiməsi olmaq yolunda addın atmış olursan! Qul, Allah rızası üçün bir qapını bağlayarsa, Allah da o qul üçün bundan daha xeyirli on qapı açar. Bu cür seçimlər də bizim cihadımız sayılır. Cihad və əzmin mübarək olsun!
Halime Demireşik