Heç kim bir-birinə ölüm arzulamaz bu həyatda. Sadəcə düşmənlərə rəva bilinər bu qorxulu reallıq.Ölüm hər kəsin ən son düşündüyü bir hadisə olaraq qəbul edilər. Hər kəsə fərqli şəkillərdə gələr ölümlər. Ölümün rənginin qara olduğunu düşünər insanlar. Ölənlərin arxasından qara libaslara bürünər sevdikləri. Ölən insanların otaqlarına girilməz aylarla, bəlkə də illərlə. Arxada buraxdıqlarının gözlərində canlanar onların hər hərəkətləri. Qulaqlardan getməz aylarla səs-sədaları. Əşyalarına sarılıb göz yaşları tökər insanlar. Gözlərdə yaş, ürəklərdə qəm buraxar ölümlər. Sevənlər arasına ayrılıq toxumu ölümlərlə səpilər.
Ölənlərin arxasından ilk günlər hönkürərək ağlamalar ara-sıra göz yaşlarına çevrilər günlər keçdikcə. Ölənləri ölü kimi düşünər sağ qalanlar. Onların öldüklərinə və hər şeyin onlar üçün çətin olduğuna inanar insanlar. Onların bağışlanması üçün əl açıb dua edər yerdə qalanlar. Torpağın soyuqluğu zamanla soyudar aradakı isti sevgiləri.Yavaş-yavaş unudular onlar. Sahibsiz görünər məzar daşları. İllərlə ziyarətə möhtac qalar qəbirləri. Canını, ömrünü verdiyi insanlar tərəfindən soyuq torpaqlara gömülüb sahibsizliyə məhkum edilər ölülər. Arxada buraxdıqları əşyalar paylanar insanlara. Evdə ölüdən heç bir şey qalmasın deyə. Məzarı üstündə dayanan əzizlərinə əli çatmaz onların. Səslərini duyura bilməzlər sevdiklərinin qulaqlarına. Təklik və qaranlıq sarar məzarlarının içini. Ömrü boyu evdə tək başına qalmağa qorxanlar, vahiməli məzarlıqlarda və yalnız başına öz məzarlarında tərk edilərlər. Ata, ana deyib səslənər əzizlərinə ölənlər. Ona dayaq olub onu qoruyanlara ehtiyac duyarlar torpaqlar altında. Ancaq nə onları duyacaq qulaqlar olar, nə də onların çıxaracaq səsləri. Hər şey bir anın içərisində dəyişər. Anlamadığın, bilmədiyin bir həyatla üz-üzə qalarsan ani qərarla.
Ölənlər nə düşünür görəsən? Bəlkə də onlar arxada buraxdıqlarını ölü kimi görürlər. Onların ölümündən az sonra onları unutduqları üçün. Onların ayrılığına deyil onlardan sonra yaşayacaqları problemlərə sinə gərə bilməyəcəkləri üçün ağladıqlarına görə. Öldükdən sonra sənə hər zaman can deyənlərin vəfasızlığını görmək də acıdır əslində. Səni əbədiyyən unutmayacağını zənn etdiyin insanlar tərəfindən unudulmaqdır əsl ölüm. Bəlkə də ölənlər öldüklərində deyil öldüklərindən sonra gördüklərinə dözə bilmədikləri üçün ölürlər.
Bu bir həqiqətdir ki, ölümü sevməyənlərlə birlikdə sevənlər də var. Ona qucaq açıb sevə-sevə gözləyənlər və ona doğru qaçanlar da. Bu dünyada görmədiklərini ölümdə görəcəklərini zənn edənlər də var. Öz canlarına qıyıb ölümə tələsənlər də. Ölüm əslində insanların haqqında heç bir zaman düşünmək istəmədikləri, ancaq çətin anlarında ilk düşündükləri bir hadisədir. İnsanlar dünyanın qaranlıqlarından çıxmaq üçün ölümün zülmətinə üz tutarlar. Bəlkə gedəcəkləri yerdə daha rahat olarlar deyə. Əslində insanlar ölümdə qurtuluş gördükləri üçün deyil, ölümlə bu dünyadakı hər şeydən qopduqları üçün ölümü seçərlər. Bu dünyada yaşamağı ölüm, ölümü isə yaşamaq kimi qiymətləndirər ölümə gedənlər.
Sözümün əsası isə odur ki, bizim yolumuz ölümə, ölümün də yolu bizə sarıdır. O bizdən ayrı, bizlər də ondan ayrı deyilik. Hər an, hər yerdə bədənlə ölümün qovuşması mümkündür. Nə onun bizdən qaçışı, nə də bizim ondan qaçışımız var. Ölüm mələyinin bizə yaxınlaşması bir göz qırpımı qədər yaxındır. Hər meyvənin öz mövsümü olduğu kimi, hər canın da, ölüm üçün bir vaxtı vardır. Bu vaxtı tələsdirmək nə ölənin, nə də onun sevdiklərinin xeyrinədir. Yaradanın razı olmadıqlarına, insanların razı olub yönəlmələri Yaradanla yaradılan arasında bir xüsranın başlanğıcıdır. Ən azından sevdiyimiz insanlara bu dünyada yaşamaq üçün verəcəyimiz şans, ölümlərinə yaradacağımız şəraitdən çox olmalıdır. Onlara ölmək üçün verəcəyimiz hər bir səbəb, qarşıda bizi gözləyən cəzanın ağırlığından xəbər verir əslində.Bir şeyi də unutmayaq ki, bu dünyada ölmək üçün yaşamaq, yaşamaq üçün ölməkdən yaxşıdır. Çünki ölüm hər zaman vardır. Ondan geri dönüş isə mümkünsüzdür.
ELDAR KƏRİMOV