İLK MÜSƏLMAN XANIM KİMDİR?

0

Evində sevimli həyat yoldaşı Hz. Xədicə və uşaqları ilə xoşbəxt həyat keçirən Hz. Peyğəmbərin yaşı qırxa yaxınlaşdığı zaman bəzi fövqəladə hadisələr baş verməyə başladı. Keçdiyi yollarda bəzən ağaclar Ona salam verir, bəzən daşlar Onunla danışır və qeybdən səslər eşidirdi. Bu halını Allah Rəsulu (s.ə.s.) belə ifadə edir:

“- Məkkədə, Peyğəmbər olmadan əvvəl mənə salam verən daşı indi də bilirəm” (Əhməd bin Hanbəl, Müsnəd,V, 89).

Məkkədəki insanların vəhşət və zülümlərindən narahat olan Allah Rəsulu ibadət etmək üçün tez-tez Hira Mağarasına gedirdi. Xədicə anamız da orada olduğu zamanlarda ona yemək göndərir, bəzən öz əlləri ilə yeməyini gətirirdi.

Rəsulullah (s.ə.s.) Hira Mağarasında inzivaya çəkilməyi o qədər çox sevirdi ki, Qureyş qadınları Hz. Xədicənin yanına gəlib dedi-qodu edirdilər:

“- Sən Məhəmmədin (s.ə.s.) uğrunda nələr etdin, bütün malını-mülkünü ayaqlarının altına sərdin. O isə səni tərk edib gedir”.

Peyğəmbərimizin hiss etdiklərinə yaxından şahid olan və Ona dəstək olan Xədicə anamız, onların bu sözlərinə gülüb keçirdi və:

“- Sizin dedikləriniz mənim ağlıma belə gəlmir. Təxmin etdiyim bir şey var ki, o da yaxın zamanlarda ortaya çıxacaqdır”,- deyirdi.

Allah Rəsulu (s.ə.s.), bir gün yenə Hira Mağarasında inzivaya çəkilmiş bir halda ikən Cəbrayıl (ə.s.) öz surətində gəlmiş və Ona Ələq surəsinin ilk beş ayəsini təbliğ etmişdir. İlk dəfə belə bir hal ilə qarşılaşan Allah Rəsulu, böyük bir həyəcan içində, titrəyərək evinə gəldi və Xədicə Anamıza:

“-Məni örtün, məni örtün!”- dedi.

Üzərindən bu mənəvi hal keçib sakitləşdikdən sonra başına gələnləri Hz. Xədicəyə anlatdı və:

“- Özümdən qorxdum!”-dedi.

Hz. Xədicə sonsuz sədaqət və bəsirətlə Onu təsəlli etdi və hər zaman yanında olduğunu ifadə edərək belə dedi:

“-Elə demə! Allaha and içirəm ki, Allah heç bir zaman səni utandırmaz. Çünki sən qohumlarını qoruyursan, işini görməkdə çətinlik çəkənlərə kömək edirsən, kasıblara yardım edirsən. Haqq yolunda xalqa yardım edirsən.

Daha sonra Hz. Xədicə anamız Hz. Peyğəmbərlə birlikdə əmisinin oğlu Varaka bin Nevfəlin yanına gedir. Varaka İbrani dilini yaxşı bilən, Tövrat və İncildən də xəbərdar olan, kor və yaşlı biri idi.

Hz. Xədicə Varakaya:

“-Ey əmioğlu, qulaq as gör qardaşının oğlu nə söyləyir.

Rəsulullah gördüklərini ona danışdı. Bundan sonra Varaka dedi:

“- Bu gördüyün Allah Təalanın Musaya göndərdiyi Cəbrayıldır. Ah, kaş ki, sənin dəvət günlərində gənc olsaydım! Ah, qövmün səni şəhərindən çıxaracaqları zaman həyatda və yanında ola bilsəydim.

Bundan sonra Rəsulullah:

“- Onlar məni Məkkədən çıxaracaqlarmı?”-deyə soruşdu. O da:

“- Bəli, Sənin gətirdiyin şeyi gətirən kəs yoxdur ki, düşmənliyə uğramasın. Əgər Sənin dəvət günlərinə qədər qala bilsəm, Sənə əlimdən gəldiyi qədər kömək edərəm”- cavabını verdi. Ancaq çox keçmədi ki, Varaka vəfat etdi.

Hz. Xədicənin və Varakanın söylədikləri Allah Rəsuluna təskinlik vermiş və O, artıq Allahın göndərəcəyi yeni vəhyləri gözləməyə başlamışdı.

Vəhyin sonrakı mərhələlərində Hz. Xədicə ilə Peyğəmbərimizin arasında maraqlı bir hadisə olmuşdur. Hz. Xədicə həm özünün, həm də yoldaşının ürəyindəki tərəddüdləri aradan qaldırmaq üçün belə bir yola baş vurmuşdu:

Hz. Xədicə Peyğəmbərimizdən xahiş edir ki, mələk gəldiyi zaman ona da xəbər etsin. Bir müddət sonra Allah Rəsulu mələyin gəldiyini söylədi. Hz. Xədicə:

“- Gəl, sol tərəfimə otur, onu görüb görmədiyini mənə söylə”- dedi.

Peyğəmbərimiz onun dediyini etdi və gördüyünü söylədi. Hz. Xədicə:

“- Bu səfər sağ tərəfimdə otur, görüb görmədiyini söylə”- dedi.

O da sağ tərəfində oturdu və görməyə davam etdiyini söylədi. Daha sonra ön tərəfinə oturmağını söyləyən Hz. Xədicəyə Peyğəmbərimizin cavabı yenə eyni oldu.

Bu söz üzərinə Hz. Xədicə Onu bir zövcə məhəbbəti ilə qollarına aldı və yenidən soruşdu:

“- Onu görürsən?”

Bu səfər aldığı cavab əvvəlkilərdən fərqli idi:

“- Xeyr, artıq görmürəm”.

Bu zaman Hz. Xədicə belə dedi:

“- Müjdələr olsun. Mütləqdir ki, o bir mələkdir. Əgər şeytan olsaydı bizi tərk etməzdi”. (İbni-Hişam, əs-Sirə, I, 174)

Bu imtahan, Hz. Xədicənin zəka və anlayışını göstərən gözəl bir örnəkdir. Beləcə hər ikisi də, gələnin “həya sahibi şərəfli bir varlıq” (mələk) olduğuna inanırlar.

Müddəsir surəsinin ilk 5 ayəsi nazil olduğu zaman, Hz. Peyğəmbər böyük vəzifənin başlayacağını anladı və sevimli xanımına:

“- İndi mənə kim inanar?”- deyə soruşdu.

Həyatı boyunca ən böyük dəstəyi, bu yolda parlayan ilk nuru Hz. Xədicə:

“- Mən inanıram!”- deyərək kişi və qadınlar içərisində Ona ilk iman etmə şərəfinə nail oldu.

Fidan Seyfullazədə 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İNTERNET DÜNYASININ AİLƏYƏ TƏSİRİ

Dövrümüzün ən qiymətli kəşflərindən biri olan internet son zamanlarda təsəvvür edilməyəcək qədər çox insanın həyatında əhəmiyyətli bir yer tutmağa başlamışdır.

Bağla