Başqa bir ayeyi-kərimədə belə buyurulur:
“Sən dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər”. (ən-Nəml, 88)
Bu ayədə dünyanın hərəkətinin buludlar üzərindən ifadə edilməsinin bir hikməti də belə izah olunur:
Yerdən təxminən 3,5-4 kilometr yuxarıda olan əsas bulud topaları – hava şərtlərinin təsiri yoxdursa- daima qərbdən şərqə tərəf hərəkət edir. Dünya da eyni istiqamətdə fırlanır.
Dünya saatda 1667 km sürətlə öz oxu ətrafında, günəş ətrafında isə təxminən 30 km sürətlə fırlanır, həmçinin günəş sistemi və Samanyolu qalaktikası ilə birlikdə fəzada da sürətlə hərəkət edir. Amma ilahi qanuna görə biz bu dəhşətli sürəti hiss etmədən rahat yaşayırıq. Çünki atmosfer də eyni sürətlə fırlanır.
Qeyd olunan ayeyi-kərimədə qitələrin bir-birindən ayrılması həqiqətinə də işarə olunur. Qitələr hər il təxminən 1-5 sm məsafə ilə fərqli istiqamətlərə doğru hərəkət edərək bir-birindən ayrılır. Alfred Veqenerin 20-ci əsrin əvvəllərindəki bu kəşfi öncə ciddi qəbul edilməmiş, lakin 1980-ci ildən sonra geoloji bir gerçək kimi qəbul olunmuşdur.
Yeri gəlmişkən, geoloji cəhətdən dağların zəlzələni azaltdığı və təsirini yüngülləşdirdiyi həqiqəti də ayeyi-kərimələrdə xəbər verilmişdir:
“Məgər Biz yeri döşək etmədikmi?! Dağları da dirək?!”. (ən-Nəbə, 6-7)
Çadır dirəyinin yarısına yaxını yerə vurulur. Bunun kimi
“Dağları da yerə bərkitdi” (ən-Naziat, 32) ayəsi ilə dağların yerə sancıldığı həqiqətindən söz açılır.
Müasir geologiyada da dağların yeraltı hissəsinin dirək kimi olduğu qəbul edilir. Sanki onları tutub saxlayan kök təbəqədən bəhs olunur.
Yumurtanın sarısı, ağı və qabığı olduğu kimi, dünya da üç təbəqədən ibarətdir. Mərkəzdə nüvə, onu əhatə edən mantiya və səthdə yer qabığı mövcuddur. Yer qabığı sərt, qabığın altındakı maqma qızğın və axıcıdır. Yer qabığının qalınlığı okeanların dibində nazik (8-10 km.), yüksək dağların olduğu ərazilərdə qalındır (30-40 km.).
Həmçinin dağlar maqma üzərində üzən litosfer tavalarının sabitliyini təmin edən mühüm ünsürdür. Bu gerçək yaşadığımız əsrdə məlum olmuşdur. Qurani-Kərim isə bu həqiqəti on dörd əsr əvvəl bir çox ayədə ifadə etmişdir. Həmin ayələrdən birində belə buyurulur:
“…Sizi yırğalamasın (atıb-tutmasın) deyə, yerdə möhkəm durmuş dağlar bərqərar etdi…” (Loğman, 10)
Geofizikada 110-a qədər “qaynar nöqtələr” adlanan böyük dağ kütlələri var. Bunlar yer qabığının hərəkətinə mane olaraq yerin çox dərinliklərindən yüksələn və yer qabığını dəldikdən sonra bərkiyərək pərçim halında qabığı sabit tutan, mükəmməl müvazinəti təmin edən maqma kütlələridir.
OSMAN NURİ TOPBAŞ
KAİNAT, QURAN və İNSAN, İPƏKYOLU NƏŞRİYYATI