ETİBARLI MAYAK

0

Müqəddəs kitabımız olan Qurani-Kərimin müxtəlif adlarının, onu vəsf edən müxtəlif ifadələrin olduğu bir gerçəkdir.

Quran bizim üçün doğru yolu göstərən, haqq ilə batili bir-birindən ayıran, qaranlıqdan aydınlığa çıxardan, bilmədiklərimizi öyrədən, bizi hidayətə çağıran bir rəhbərdir, şübhəsiz.

Uca Rəbbimiz kitabında fəsih bir ərəb dilində, mühüm məqamları çox-çox təkrar edərək, keçmiş qövmlərdən misallar gətirərək, yaddaqalıcı məsəllər çəkərək öz məramını açıq-aydın ifadə edir. Buna baxmayaraq, o kitabı insan oğluna bütöv bir paket halında, tamamlanmış bir bağlama içində göndərmədi. Onu öyrətməsi, açıqlaması, sualları cavablandırması və tətbiqinin mümkünlüyünü göstərməsi üçün həqiqi bir təmsilçi – rol modeli ilə göndərdi.

Bir gün Həzrət Aişə anamızdan Rəsulullahın əxlaqını soruşdular. Anamız (r.anhə) belə cavab verdi: “Onun əxlaqı Quran idi. O, Quranın razı olduğuna razı olar, Quranın bəyənmədiyini bəyənməzdi”. Quranın canlı modeli 45 dəqiqəlik deyil, bir-iki saatlıq deyil, üç-beş günlük deyil, 23 illik nümunəvi bir həyat təqdim etdi. Rəbbin qullarına bundan daha böyük bir ikramı ola bilərmi?!

Öz ümmətinin aqibəti üçün daim bir narahatlıq keçirən peyğəmbər (s.ə.s) “şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər” ayəsinin də ifadə etdiyi kimi, vəfatından sonrası üçün də ümmətinə yol göstərmək cəhdi və səyi içərisində idi. Odur ki, əmanət qoyduğu “kitab və sünnə”nin yanında: “alimlər peyğəmbərlərin varisləridir” deyərək özündən sonrakı rol modelləri üçün də onlara yol göstərdi. Alimlər, həqiqi alimlər… Quran və peyğəmbərin məhəbbətindən, kitab və sünnənin izindən ayrılmayan etibarlı alimlər…

Dünyanın ən güclü və inkişaf etmiş gəmiləri belə onlara yön verəcək, istiqamət bildirəcək mənbələrə – etibarlı mayaklara ehtiyac duyarlar. Bu dünyanın ucu-bucağı olmayan fırtınalı dənizlərində gecə-gündüz yol alan, içində uğurlarımızı, uğursuzluqlarımızı və ən əsası da ümidlərimizi daşıyan can gəmimiz rotasını necə təyin edir? Gəmimizin kapitanı olan qəlbimiz kiminlə əlaqə qurur, kimin verdiyi koordinatlarla istiqamətini təyin edir? Əlaqə qurduğu mayak etibarlıdırmı?

“Qəlb” sözünün ərəb dilində kəlmə mənasına baxsaq, onun “dəyişkən, çevrilən, tez yön dəyişən” kimi mənalara gəldiyini görərik. İçimizə qəlb yerləşdirən və “dəyişəbilən” xasiyyətə malik edən Rəbbimiz onu hansı istiqamətdə saxlamağımızı da təlim etmişdir. Qurani-Kərimdə yer alan “fəstəqim” ayəsi  bunun ən açıq və dəhşətverici ifadələrindən biridir: “Sənə əmr olunduğu kimi istiqamətini düz yolda tut, elə səninlə birlikdə iman gətirib tövbə edənlər də! Həddi aşmayın! O, sizin bütün etdiklərinizi görür”. (Hud surəsi, 112)

Peyğəmbərimiz (s.ə.s) bir hədisində “saçının birdən-birə ağarmağa başladığını” soruşanlara bunun əsas səbəbinin Hud surəsinin içindəki “fəstəqim” əmri olduğunu bəyan etmişdi. O (s.ə.s), təkcə özünün deyil, ayədə buyurulduğu kimi, arxasınca gedib iman edən və qurtuluş ümidini ona bağlayanların da dərdini çəkməkdən bu təlaşın içində idi. Bəs biz? Arxamızca apardıqlarımız üçün heç narahatlıq keçirdikmi? Hər birimiz bir çobanıq: ətrafımızda bizə etibar edən insanlar, ən azından ailə fərdlərimiz var. Bizi etibarlı bir liman, güvənilir bir mayak bilib saçdığımız işığa doğru gələnlərin məsuliyyətini çiyinlərimizdə hiss edirikmi?

Bu gün dünyada ən çox rəğbət görən məqamlardan (yaxud xəstəliklərdən) biri məhz mayak kimi görünmək və səni hiss edərək üstünə axışanları, arxanca gələnləri görmək həvəsidir. Səni təqib edənlərin sayını gündən-günə artırmaq, hər nə yolla olursa-olsun, sənə pərəstiş edənlərin bağlılığını günbəgün canlı tutmaq şöhrət xəstəliyinin günümüzdə çatdığı ən təhlükəli mərhələlərindən sayılır. “Fenomen” adı ilə taclandırılan bu mərtəbə virtual aləmin ən vazkeçilməzlərindən biridir. Bu xəstəliyin içinə almadığı sahə, demək olar ki, yoxdur. İnsan nəfsinin tərbiyəsi ilə ən dərindən və ən bariz şəkildə məşğul olan “din sahəsi” də, çox təəssüf ki, bu mənada təsir altına düşən sahələrin içinə qarışmışdır. “Fenomen” rütbəsinə yüksəlmiş və o mərtəbədən enməmək üçün hər cür cildə girməyə hazır olan xəstələr, adına çıxış etdikləri “din sahəsi”nə ağır zərbə vurmaqdan və müalicəsi çox çətin, sağalmaz yaralar açmaqdan da çəkinmirlər. Bəs onların arxasınca gedənlərin halı necə olacaq?

Öz aqibətinin dərdini çəkən insan özünə kimi rəhbər seçdiyinə, kimin arxasınca düşüb getdiyinə qərar verməkdə çox həssas davranmalıdır. İnsan “hər ümmətin öz başçısının arxasında həşr olunduğu gün” kimin arxasında olmaq istəyirsə, indidən onun arxasınca düşməli deyilmi?!

Hər gün neçə-neçə gəmi bu təlatümlü dənizin acımasız burulğanlarında sovrulub başı gicəllənə-gicəllənə dibə vurur. Gec olmadan kapitanınızla danışın, onu, etibarlı bir mayakla əlaqə saxlamağa razı salın.

ƏZİZ SULTANOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PEYĞƏMBƏRLƏR ŞƏHƏRİ

Qurani-Kərimdə “ətrafı bərəkətli qılınmış” deyə ifadə edilən Məscidi-Əqsaya ev sahibliyi edən Qüds şəhəri bəşər tarixində ən qədim yaşayış məskənlərindən biridir....

Bağla