Avstraliyanın Sidney şəhərindəki məscidlərdən birinin divarına yazılmış Kəliməi-Şəhadət və ingiliscə tərcüməsi bəzi yerlilərin narahatlığına səbəb olub. Məlumata görə, Coşua Flin adlı avstraliyalı məscidin divarında olan bu lövhənin şəklini çəkərək şəxsi facebook səhifəsində paylaşıb. Həmin şəkil sosial şəbəkə istifadəçiləri tərəfindən geniş müzakirə edilib.
Flin qeyri-etik ifadələrlə, müsəlman məhəlləsi olsa da bu lövhənin ictimai yerdə asılmasının açıqca terroru təbliğ etdiyini bildirib.
Bir çox yerli lövhənin asıldığı yerin müsəlman məhəlləsi olduğunu, belə bir şeyin normal olduğunu yazıb. İslam düşməni olan fanatiklər isə ölkələrində ərəbcə yazılı lövhə asılmasının son dərəcə təhlükəli olduğunu, müsəlmanların öz dinlərini üstün görməsi baxımından da onların cəzalandırılmalarının labüd olduğunu qeyd ediblər.
“Daily Mail”in xəbərinə görə, foto-şəklin çəkildiyi Qərbi Sidney ərazisində yerləşən Lakemba Avstraliyanın çoxmədəniyyətli qəsəbələrindən biridir. Avstraliyanın ən böyük məscidi də məhz buradadır.
Xəbər:Şirəli MƏMMƏDOV