Günümüzdə dəb halını almış və insanlar tərəfindən rəğbət bəslənən mövqelərdən biri də rəhbər (idarəçi) olmaq həvəsidir.
Xarici müşahidələr əsasında asan və prestijli görünən bu vəzifə əslində həm məsuliyyət, həm də işin ağırlığı baxımından çox da arzuedilən bir yük deyildir. Buna baxmayaraq, kapitalizm zehniyyəti və biznes, marketinq, fərdi inkişaf kimi sahələrdə yazılmış diqqət çəkən ədəbiyyat və təlimlər insanların yüksək vəzifələrə maraqlarını artırmışdır. Hər sahədə öz sözünü deyən Hz. Peyğəmbərin (s.ə.s) idarəçilik məsələsi barəsindəki fikirləri də hər bir müsəlman üçün, hətta bütün bəşəriyyət üçün əhəmiyyət kəsb edir. Məhz buna görə də Hz. Peyğəmbərin (s.ə.s) idarəçilərə və idarəçilik həvəsində olanlara bəzi tövsiyələrini xatırlamaq yerinə düşərdi.
İdarəçilik məsələsi bəşər tarixi qədər qədim tarixə malikdir. Çünki ilk insandan bəri hər bir insan həm insanlara, həm ailəsinə, həm də özünə qarşı məsuliyyət daşımışdır. Bu məzmunda Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Hamınız çobansınız və öhdənizdə olanlara görə məsuliyyət daşıyırsınız: amir (rəis) məmurların, kişi ailəsinin, qadın da ərinin evinin və uşaqlarının çobanıdır. Bir sözlə, hamınız çobansınız və hamınız rəiyyətinizdən (öhdənizdə olanlardan) məsulsunuz”.(Buxari) Yəni vəzifəsindən və peşəsindən asılı olmayaraq hər bir insan idarəçidir; hərəkətlərindən hesaba çəkiləcək.
Məsuliyyət baxımından idarəçilik altından çıxılması çətin olan bir vəzifə, eyni zamanda ilahi bir əmanətdir. Əmanətə sahib çıxmaq üçün ləyaqət və qabiliyyət şərtdir. İdarəçilik vəzifəsini layiqli şəkildə icra etməyənlər qul haqqı yedikləri üçün axirətdə həmin vəzifə və məsuliyyət onlara dəhşətli peşmançılıq və rüsvayçılıq səbəbi olacaqdır.
Mənəvi tərbiyəsində nöqsanları olan şəxslər şan-şöhrət, başçı olmaq və lider olmaq xüsusunda çox ehtiraslı olurlar. Halbuki İslam dini məcbur qalmadıqca gözütox davranmağa və idarəçilikdən çəkinməyə çağırır; rəhbərlik xüsusunda istəyən deyil, istənilən olmağı tövsiyə edir. Rəhbərlik vəzifəsi sahibini cənnətə apardığı kimi, cəhənnəmə də götürə bilər. Peyğəmbərimiz (s.ə.s): “Allahın insanlara rəhbər təyin etdiyi bir şəxs onlara səmimiyyət və ixlasla sahib çıxıb qorumazsa, cənnətin ətrini (belə) duymaz”, – buyurmuşdur (Buxari). İdarəçilikdə haqq-hüquqa riayət etmək və məqsədinə müvafiq istifadə etmək üçün müraciət edəcəyimiz ən gözəl nümunə, şübhəsiz ki, Hz. Peyğəmbərdir (s.ə.s). Bu xüsusda onun bəzi tövsiyələrini belə sıralamaq mümkündür:
Rəhbər insan tabeliyində olan insanlara irq, rəng, məzhəb fərqi qoymadan, əhəmiyyətli-əhəmiyyətsiz demədən bütün işçilərin məsələləri və dərdləri ilə yaxından maraqlanmalıdır.
Rəhbərlər idarə etdikləri insanlara qarşı son dərəcə səmimi və mülayim davranmalıdır. Əks təqdirdə həmin rəhbərin Allaha verəcəyi hesab çox ağır olacaqdır. İdarəçi şəxs Hz. Peyğəmbərin (s.ə.s) bu duasını unutmamalıdır: “Allahım! Ümmətimin rəhbərliyini boynuna götürdüyü halda çətinlik çıxardan şəxsə Sən də çətinlik çıxart. Ümmətimin rəhbərliyini boynuna götürdüyü halda onlara mülayim davranana Sən də mülayim davran!” (Müslim)
Rəhbər vəzifədə olan şəxs ibadətlərinə diqqət göstərməli və vaxtlı-vaxtında yerinə yetirərək tabeliyindəkilərə nümunə olmalı, can rahatlığına və həddindən çox yatmağa meyl etməyib gecələrini ibadət və təfəkkürlə keçirməlidir. Həmçinin qapısını hər kəsə açmalı və dərdlərini onunla bölüşmək istəyənlərin işini asanlaşdırmalıdır. Ehtiyac sahibi kimsələri get-gələ salmaq müsəlman idarəçilərə yaraşan davranış deyildir. Hz. Peyğəmbər (s.ə.s) də bu davranışdan qəti şəkildə çəkindirmişdir: “Allah bir şəxsi müsəlmanların başına rəhbər edərsə, o da xalqın işlərinin bitirilməsinə, ehtiyac və sıxıntılarının qarşılanmasına mane olarsa, Allah-Təala da onun işlərinin bitirilməsinə, ehtiyac və sıxıntılarının qarşılanmasına mane olar”. (Əbu Davud)
Rəhbər şəxs heç bir şəkildə vəzifəsi ilə öyünməməli, bunun bir əmanət olduğunu bilməli və layiqincə sahib çıxmalıdır. Dünyadakı nemətlər insanlar üçün müvəqqəti verilmiş imtahan vasitələridir. O elə bir rəhbərlik etməlidir ki, vəzifə əlindən getsə belə, insanlar ona hörmət etməyə davam etsin və onu xeyirlə yad etsin. Unutmayaq ki, rəhbərlər doğru yolda olduqca tabeliyindəki insanlar da doğru yolda olarlar. Kutatqu-bilik əsərinin müəllifi Yusif Xas Hacib rəhbərlərə xitabən söylədiyi gözəl tövsiyələrində belə deyir:
– Məmləkətdə bir insan bir gecə ac qalarsa, Allah səndən soruşacaqdır. Gözünü aç!
– Bəyliyin əsası gözüaçıq və ehtiyatlı olmaqdır. Yeni bir dünya istəyirsənsə, onu da bunlarla əldə edərsən.
– Acgöz adama vəzifə vermə. Onun nizamı pozacağından şübhən olmasın!
– Öz mənfəətini güdmə. Xalqın mənfəətini düşün. Sənin mənfəətin xalqın mənfəətindədir.
– Sən saray və malikanələr tikdirmə. Qara torpaq altında sənin evin hazırdır. Ehtişamlı, cah-cəlallı sarayların bu dünyada qalacaq. Sən axirətdəki evini gözəlləşdirməyə çalış.
– Ey idarəçi! Sən bu gün həkimsən, tabeliyində olanlar da xəstələrindir. Onların əlacı səndədir. Onların həkimi ol, dərman ver və müalicə et.
Rüfət ŞİRİNOV