Hər mömin yaxşılıq gördüyü kimsəyə imani bir vəzifə olaraq minnətdarlıq hissi duyar, təşəkkür və dua edər. İmkan olduqda isə ona daha gözəl şəkildə qarşılıq vermək istəyər.
İkram edilən bir stəkan su üçün də nəzakət gərəyi təşəkkür etmək lazımdır.
Ayeyi-kərimədə:
“Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz.” (ən-Nəhl, 18) buyurulur. Şübhəsiz ki, bu nemətlərin ən böyüyü “iman”dır. Hər nemətin bir əvəzi və qarşılığı olduğu kimi, iman nemətinin əvəzi də həmd, şükür, zikr, ixlas və təqva üzrə bir qulluq həyatı yaşamaqdır.
Mömin ona bəxş edilən bütün nemətlərin və xüsusən də “iman”ın şükür adlanan əvəzini Rəbbinə ödəmək məcburiyyətindədir. Çünki əvəzi ödənməyən bir şeyə sahib olduğunu iddia etmək əbəs yerə məşğuliyyətdir.
İman ilahi lütflərin ən böyüyüdür. İmtahan isə bu nemətin hansı nisbətdə qiymətini bildiyimizi, ona nə qədər sahib çıxa bildiyimizi ölçən bir meyardır. Mömindən gözlənən davranış dəyişən həyat şərtləri içində səbir və təslimiyyətlə imanını mühafizə etməkdir. Bu, həmçinin ilahi mükafatlara nail olmağın əvəzidir. Ayeyi-kərimədə buyurulur:
“Allah, möminlərin canlarını və mallarını onlara vəd edilmiş cənnət müqabilində satın almışdır.” (ət-Tövbə, 111)
Dünyada keçirilən vaxt axirətin sonsuzluğu yanında bir zərrə və ya bir damla belə deyil. Lakin dünya imtahanının nəticəsi ya səadət yurdu olan cənnət, ya da əbədi bir cəfa yeri olan cəhənnəmdir. Bəndənin yolçuluğunun hansı istiqamətdə olacağı bu fani həyatda “axirəti və ya dünyanı” seçməsindən asılıdır. Bu baxımdan qısa dünya həyatında axirəti seçməkdə qəflət göstərməkdən daha böyük bir aldanış ola bilməz.
Haqqa yaxınlığın nuru ilə qəflətdən oyanmış olan Allah dostları isə, kainat kitabının hər hərfini könül gözü ilə və hikmət nəzərilə oxuyurlar. Kainatın ülvi bir qayə ilə var edildiyini, heç bir şeyin boş və əbəs yerə yaradılmadığını, hər ötən günün ömür təqvimindən bir yarpaq qoparıb insanı qəbirə bir addım da yaxınlaşdırdığını yaxından idrak edərlər. “Həyat nemətinin məna və hikməti nədir? Dünya nə üçün insan oğlunun əmrinə verildi? İki qapılı bir ev olan bu cahana haradan gəldik, səfərimiz haradır?” kimi suallar üzərində təfəkkür edərək ömürlərini incə, dərin və həssas bir ruhani hal ilə yaşayarlar.
QƏLBİ-SƏLİMİN ƏLAMƏTİ
Qiyamət günündə ən çox möhtac olduğumuz şeyi uca Rəbbimiz belə bəyan edir:
“O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!” (əş-Şüəra, 88-89)
Qəlbi-səlimə nail ola bilmək qəbir aləmindən dəvətnamə gəlmədən əvvəl axirət yolçuluğuna hazırlanmağa bağlıdır. Ona görə qəlbi Allahdan uzaqlaşdıran hər şeydən təmizləmək, saflaşdırmaq və dünyada bəxş edilən hər neməti axirət səadətinin sərmayəsinı çevirmək lazımdır.
Haqq dostları qəlbi-səlimin ən mühüm iki vəsfini belə ifadə etmişlər:
- Heç kimi incitməmək, heç kimdən inciməmək. Çünki qəlb ilahi nəzərgahdır.
- Dünya və axirət işləri qarşı-qarşıya gəldiyi zaman axirət işini üstün tutmaq.
DÜNYALARI VERSƏLƏR DƏ BİR AXİRƏT ƏMƏLİ İLƏ DƏYİŞMƏRİK!..
Musa (ə.s) Fironun sarayında bolluq içində yaşayarkən Fironun onu öldürmək istədiyini xəbər almış və dərhal yanına heç bir azuqə almadan Mədyən istiqamətində yola çıxmışdı. Düz səkkiz gün ac-susuz yol getmiş, taqətsiz bir halda Mədyən qalasının qarşısına gəlib çıxmışdı. O qədər çarasiz idi ki, nəhayət:
“Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyrə möhtacam!” (əl-Qəsəs, 24) deyə yalvarırdı. Sonra orada kim olduqlarını bilmədiyi Şüeyb (ə.s)-ın qızlarına, qoyunlarına su verməkdə kömək etdi. Həzrət Şüeyb bunu eşitdikdə onu evinə yeməyə dəvət etdi. Həzrət Musa səkkiz gündən bəri mədəsinə bir loğma da olsun girmədiyinə baxmayaraq, qarşısına qoyulan yeməyə əl uzatmadı. Həzrət Şüeybə də:
“- Biz elə bir ailəyik ki, bütün dünyanı versələr də, bir axirət əməlinə dəyişmərik! Mən sizə bu yemək üçün deyil, Allah rizası üçün kömək etdim.” dedi.
Şüeyb (ə.s) bu cavabdan çox məmnun oldu və:
“- Bu ikramımız etdiyin yaxşılıq üçün deyil, Allah qonağı olduğun üçündür.” buyurdu. Bundan sonra Musa (ə.s) ikramı qəbul etdi.
Budur axirətə imanın davranışlara əks etmiş nümunəsi… Aclıqdan bütün gücün tükənsə də, bir axirət əməlini dünyəvi heç bir qarşılıqla dəyişməmək fürsəti…
Haqq dostlarından birinə ona çox təsir edən hər hansı bir hadisə ilə qarşılaşıb qarşılaşmadığı haqqında soruşulduqda belə cavab vermişdi:
“Məkkeyi-Mükərrəmədə pul kisəmi itirib möhtac vəziyyətdə qalmışdım. Bəsrədən pul gələcəkdi, onu gözləyirdim, ancaq hələ də gəlməmişdi. Saç-saqqalım da bir-birinə qarışmışdı. Bir bərbərə gedərək:
“- Pulum yoxdur, Allah rizası üçün saç-saqqalımı düzəldə bilərsən?” dedim.
O əsnada bərbər bir adamın başını qırxırdı. Yandakı boş yeri göstərib: “Buyur otur.” dedi və müştərisini gözlədərək mənim başımı qırxmağa başladı. Gözlədilən müştəri etiraz etdikdə isə:
“- Bağışlayın, sizin işinizi pul qarşılığında görürdüm, lakin bu şəxs Allah rizası üçün saçını kəsdirmək istədi. Allah üçün olan işlər daim ilk növbədə və maddi heç bir qarşılıq olmadan yerinə yetirilməlidir. Allah üçün görülən işin qarşılığını bəndə əsla verə bilməz” dedi.
Bərbər işini bitirdikdən sonra zorla cibimə bir miqdar pul da qoydu və:
“- Zəruri ehtiyaclarını həll edərsən. Bağışla, gücüm buna çatır.” dedi.
Bir müddət keçdi, nəhayət Bəsrədən gözlədiyim pul gəldi. Bir kisə qızıl götürüb bərbərin yanına getdim və qızılları ona vermək istədim. Bərbər:
“- Əsla almaram! Allah üçün olan işin qarşılığını ödəməyə bəndələrin gücü çatmaz. Siz bunlarla öz ehtiyaclarınızı həll edin, Allah köməyiniz olsun.” dedi.
Hallallaşıb ayrıldım, lakin düz qırx ildir ki, səhər vaxtlarında onun üçün dua edirəm.”
Bax budur Allah üçün edilən bir əməli dünyalara dəyişməməyin fəziləti… Hər şeyi zahiri görünüşünə görə dəyərləndirməyə öyrənmiş və dünyalıq qazanma tamahı ilə halal-haram sərhədlərini belə, görməyəcək hala gəlmiş kəm idrakın əsla qavraya bilməyəcəyi bir davranış mükəmməlliyi…
ƏSL AĞILLI KİMDİR?
Hədisi-şərifdə həqiqi ağıl sahibləri belə tərif edilir:
“Ağıllı adam nəfsinə hakim olub onu hesaba çəkərək ölümdən sonrası üçün çalışan; axmaq isə nəfsini istəklərinə tabe etdiyi halda Allahdan (xeyir) umandır.” (Trmizi, Qiyamət, 25/2459)
Bəli, bir insanın nə qədər sağlam ağıl sahibi olduğu bu həqiqətlər işığında ölçülməlidir. Sağlam ağıl əbədini fanidən üstün tutar.
Peyğəmbərimiz (s.ə.s) belə buyurur:
“Axirətin yanında dünyanın halı sizdən birinin barmağını dənizə batırıb çıxarması kimidir. Barmağınızla (dənizdən) nə çıxarda bildinizsə dünya da elədir.” (Hakim, Müstədrək, 4/319)
Əshabi-kiram Məkkə dövründə müşriklərin təzyiq və zülmü altında ikən öz-özlərinə:
“Biz Rəbbimizə bəndə ola bilmək üçün hər cəfaya qatlanırıq. Allaha üsyan edən kafirlər isə dünyada rifah içində rahatlıqla gəzir, dünya mənfəətlərini istədikləri kimi istifadə edirlər.” dedilər. Buna görə Rəbbimiz möminlərə dünyadan daha çox xeyirli olan axirəti seçmələrini əmr etdi:
“(Ya Rəsulum!) küfr edənlərin diyar-diyar gəzib dolaşması (xoş güzəran keçirməsi)səni aldatmasın! Bu, (axirət nemətləri ilə müqayisədə) azacıq bir mənfəətdir. Sonra isə onların məskəni cəhənnəmdir. Ora necə də pis yataqdır! Lakin öz Rəbbindən qorxanları (ağacları) altından çaylar axan cənnətlər gözləyir ki, onlar orada Allah qonağı kimi həmişəlik qalacaqlar. Allah yanında olan nemətlər yaxşı əməl sahibləri üçün daha xeyirlidir.” (Ali-İmran, 196-198)
Dolayısıyla axirət pəncərəsindən baxıldıqda dünyanın bütün rahatlığı və zövq-səfası azacıq bir mənfəətdən ibarətdir. Əgər dünyanın Allah qatında bir dəyəri olsaydı, uca Allah ən çox sevdiyi bəndələri olan Peyğəmbərlərini qiyamətə qədər saraylarda rifah içində yaşadardı. Lakin Allah təala Peyğəmbərlərinə və saleh bəndələrinə fani dünyanın həqiqi üzünü göstərmiş və onların qəlblərini dünyadan daha çox xeyirli olan axirətə yönləndirmişdir.
Rəsulullah (s.ə.s) buyurur:
“Mənim dünyadakı halım bir ağacın altında kölgələnən, sonra da yoluna davam edən bir yolçu kimidir.” (Tirmizi, Zöhd, 44)
Nəbəvi tərbiyə ilə yetişən Əshabi-kiramın həyat tərzi də bu xüsusda bizə misilsiz bir nümunədir. Onların axirət yurdunu arzulamaları və şəhid olmaq həvəsləri dillərə dastandır:
Allah Rəsulunun islama dəvət məktubunu amansız cəlladların arasından keçərək kralların qarşısında iman cəsarətiylə oxuyan gənc səhabələrin gözündən dünya arzusu silinmiş, ən kiçik hüceyrələrinə qədər bütün varlıqlarına Allah və Rəsulunun məhəbbəti hopmuşdur. Peyğəmbərimizə elə ürəkdən bağlıydılar ki, ölüm təhlükəsi olduğu anlarda belə:
“Ya Rəsulallah! Sən necə istəyirsən elə hərəkət et, bizə əmr et. Biz həmişə səninlə bərabərik. Səni Peyğəmbər olaraq göndərən Allaha and olsun ki, sən dənizə girsən biz də səninlə bərabər girərik, heç birimiz geri qalmarıq!..” deyirdilər. (İbn Hişam, II, 253-254)
Bugünkü insanların dünyada rahatlıq içində və uzun müddət yaşaya bilmə arzu və təlaşının əksinə olaraq səhabə nəslinin ən böyük arzusu üz ağıyla, vicdan rahatlığıyla və saf bir qəlb ilə axirətə köçə bilməkdi.
Allah Rəsulu (s.ə.s) müxtəlif səbəblərlə tez-tez: “Allahım! Həqiqi həyat yalnız axirət həyatıdır.” buyururdu. (Buxari, Riqaq, 1)
Onun ümməti olan biz də bu düsturu könüllərimizə nəqş etmək məcburiyyətindəyik. Hər hansı fani bir nemətə qovuşduğumuz zaman: “Allahım! Həqiqi həyat yalnız axirət həyatıdır.” deyərək nemətlərin əsl sahibinə şükür etməliyik və öyünməkdən, azğınlıqdan və qəflətdən qorunmalıyıq. Belə bir həssasiyyətdən məhrum olanların halını Rəbbimiz görün necə xəbər verir:
“…(Onlar) dünya həyatı (bol ruzi) ilə sevindilər. Halbuki dünya həyatı (neməti)axirət həyatı (neməti) ilə müqayisədə çox cüzi (əhəmiyyətsiz) bir şeydir (dünya neməti müvəqqəti, axirət neməti isə əbədidir).” (ər-Rəd, 26)
Həmçinin, möminlər olaraq hər hansı bir müsibət və ya bəla ilə qarşılaşdığımız və səbrimizin daşdığı anlarda da: “Allahım! Həqiqi həyat yalnız axirət həyatıdır.” deyərək riza, təslimiyyət, səbir və təvəkkül ilə mətanətimizi və ruhi tarazlığımızı qorumalıyıq. Daim Rəbbimizə sığınaraq:
“…Dünyanın ləzzəti və faydası azdır, lakin müttəqilər üçün axirət daha xeyirlidir…” (ən-Nisa, 77) şüuru içində rahat bir qulluq həyatı yaşamalıyıq.
Bu qısa ömür içində ediləcək ən ağıllı iş Haqqa gözəl bir qulluqdur. Lakin bütün nemətlər kimi həyat nemətinin də qiyməti əlimizdən çıxmadan lazımınca anlaşıla bilməz.
Loğman Həkimin bu nəsihəti çox mühümdür:
“Övladım! Axirətin üçün dünyanı fəda et ki, hər ikisində də qazanasan. Ancaq əsla dünyan üçün axirətini fəda etmə, hər ikisini də itirərsən.”
Həqiqətən də dünya və axirət bir tərəzinin iki gözünə bənzəyir. Birinə daha çox əhəmiyyət verildikdə, digəri zəifləyir. Sağlam ağıl sahibi olan hər möminin könlü daim axirətə meyil etmək məcburiyyətindədir. Çünki dünyanın fani istəklərinə və içiboş həvəslərinə ram olub onunla xoşbəxt olanın qəlbindən axirət sevgisi və düşüncəsi çıxar. Axirətə dəvət səsi qəlbə yerləşdikdə isə dünyaya dəvət fikri könlə yadlaşır.
QƏBAHƏT DÜNYADA DEYİL, ONA ALDANANDADIR…
Allah təala nəfsin xoşlandığı dünyəvi mənfəətləri əslində bir imtahan səbəbi olaraq qarşımıza çıxarır. Bu mənfəətlərə aldanmaq eynilə balığın qarmağa düşməsinə bənzəyir. Balıq gördüyü yemə aldanır, ancaq yemin içində gizli olan qarmağı görmür.
Məhz bu tələni görməyənlər ona aldanmaqdan qurtulmazlar. Nə qədər ayağın sürüşdüyü, nə qədər iradələrin yox olduğu ilahi imtahanlardan müvəffəqiyyətlə keçə bilmək dünyəvi mənfəətlərin iç üzünü görə bilməyə və onlardakı “imtahan sirri”ni sezə bilməyə bağlıdır. Bu fərasəti əldə edə bilmək üçün isə sərvət, şəhvət və şöhrət kimi dünyanın cazibəli tələlərinə qarşı oyanıq olub həyatın istənilən mərhələsində axirət yurdunu seçə bilmək şərtdir.
Rəbbimiz bu xüsusda bizi belə tənbeh edir:
“Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz! Halbuki axirət daha xeyirli və daha baqidir.” (əl-Əla, 16-17)
“… Siz puç dünya malını istəyirsiniz, Allah isə (sizin) axirəti qazanmağınızı istəyir…” (əl-Ənfal, 67)
Dünyada əldə edilən zənginlik sahibinə ən çox qəbrə qədər yoldaşlıq edər. İnsanın dünyadan qəbrə apara biləcəyi yeganə şey kəfəndir. Bu, məsələnin zahiri tərəfi. Əslində isə insan imanı və əməlləriylə qəbrə girəcəkdir. Ona görə də dünyanın vəfasız sərvətinə güvənməmək, müvəqqəti zövqlərinə aldanmamaq lazımdır.
Allah Rəsulu (s.ə.s) biz ümmətinə bu hikmətli nəsihəti vermişdir:
“…Sizə beş əsası vəsiyyət edirəm ki, Allah onlar ilə sizin üçün xeyirlərinizi kamala çatdırsın: Yeyə bilməyəcəyiniz şeyləri yığmayın; içərisində yaşamayacağınız evlər tikməyin; sabah tərk edib gedəcəyiniz şeylərdən ötrü başqaları ilə çəkişməyin; Hüzuruna qovuşub hüzurunda toplanacağınız Allahdan qorxun; gedəcəyiniz və orada əbədi qalacağınız yer üçün hazırlıq görün.” (Əli əl-Müttəqi, Kənzul-Ummal, 1363)
Xülasə, son nəfəsdə aldandığını dərk edib dünyanı günahlandırmaq faydasızdır. İnsan dünya nemətlərinin arxasınca gedərək iman və fəzilət həyatı yaşamamaqla, ancaq özünü tələf etmiş olur. Bitməz-tükənməz arzular, gəlib-keçici sevdalar və fani ləzzətlər uğrunda sonsuz bir istiqbalı ziyan etmək necə də həzindir. Düşünmək lazımdır ki, nə dünyada ölümdən qaçacaq bir zaman və məkan, nə qəbirdə geri dönəcək bir imkan, nə də qiyamətin şiddətindən qorunacaq bir sığınacaq var.
Haqq təala hamımızı dünyəvi imtahan təcəlliləri qarşısında ixlasını qoruduğu fərasət və bəsirət sahibi təqvalı bəndələrindən etsin! Dünya və axirəti saleh bəndələrinə göstərdiyi kimi həqiqi mənası ilə görə bilməyimizi, həyatın hər mərhələsində qəlbən axirətə dönə bilməyimizi lütf və kərəmiylə ehsan etsin!..
Amin!
Osman Nuri TOPBAŞ