Aparılan mübarizələrə baxmayaraq hazırda dünyada 1 milyarddan çox insan siqaret çəkir və hər il 7 milyon insan bu səbəbdən dünyasını dəyişir. Bu barədə məlumat Ümumdünya Səhiyyə Təşkilatının (WHO) 2017-ci ilə aid statistikasında öz əksini tapıb. Bu ölümlərdən 6 milyonu birbaşa siqaret çəkilməsi, 890 mini isə siqaret tüstüsünə məruz qalınması səbəbindən baş verir.
Siqaretin tərkibində təxminən 5 min kimyəvi maddə var. Onlardan 90-ı xərçəng xəstəliyini inkişaf etdirir. WHO-nun 2015-ci il statistikasına görə, ən çox siqaret çəkən ölkələr siyahısında İndoneziya, Rusiya və Çin ilk 3 yeri tutur.
Siqaretlə mübarizədə qutuların üzərində yerləşdirilən xəbərdarlıq qrafiklərinin əhəmiyyətli təsiri var. Bu, insanlar arasında siqaretə başlama nisbətini azaldır və siqareti tərgidənlərin sayını çoxaldır. WHO-nun məlumatına görə, dünya əhalisinin 19%-nin yaşadığı 42 ölkədə siqaret qutularının üstündə şəkilli xəbərdarlıq var. Bu ölkələrin böyük əksəriyyəti aşağı və orta gəlir səviyyəsinə malik insanlardır.
Dünya əhalisinin yarısından çoxunun yaşadığı 39 ölkədə son iki ildə siqaret əleyhinə ən azı bir kütləvi mətbuat kampaniyası keçirilib. Tütün məmulatlarının reklam və sponsorluğuna qarşı qadağaların bütün dünyada siqaret istehlakını təxminən 7%-ə qədər azaltdığı, bu nisbətin bəzən 16%-ə çatdığı bildirilir.
Tütün məmulatlarının qeyri-leqal ticarətinin yasaqlanmasının zəruri olduğunu deyən WHO diqqəti, bu ticarətin sağlamlıqla yanaşı iqtisadi və təhlükəsizlik problemi yaratdığına cəlb edib. Dünyada çəkilən hər 10 siqaretdən birinin qeyri-leqal olduğu, bu bazarın səyyar satıcılardan mütəşəkkil cinayətkar dəstələrə qədər bir çoxları tərəfindən dəstəkləndiyi bildirilir.
Xəbər: Şirəli MƏMMƏDOV