BÜTÜN PİS ƏMƏLLƏRİN ANASI: İÇKİ

0

Allah-Təala biz qullarını çox sevir.

Bu sevginin əlamətidir ki, bizim, bu dünyada səadət içində yaşayıb, öldükdən sonra da əbədi səadəti əldə etməyimiz üçün doğru yolu göstərmiş və qulluq vəzifələrimizi öyrətmişdir. Heç şübhə yoxdur ki, bizi Yaradan bizim üçün nəyin xeyirli və nəyin zərərli olduğunu daha yaxşı bilir. Uca Rəbbimiz bir çox əmrləri ilə yanaşı bizə bəzi haramlar və qadağalar da qoymuşdur. Dinimiz tərəfindən istifadəsi qadağan olunan hər şey bəşəriyyət üçün, ölkələr üçün, cəmiyyətlər üçün son dərəcə təhlükəli və acı nəticələrə gətirib çıxardacaq şeylərdir. Uca Rəbbimiz əşrəfi-məxluqat olaraq yaratdığı insanı, bu kimi cəmiyyəti sarsıldacaq təhlükələrdən qorumaq məqsədi ilə də içkini, qumarı, zinakarlığı, falçılığı və buna bənzər pis vərdişləri qadağan etmişdir. Qurani-Kərimin bir ayəsində içkinin və qumarın insanlar arasında düşmənlik, kin və nifaqa yol açdığını, eyni zamanda Allahdan, dindən, imandan və namazdan uzaqlaşdırdığını bildirərək belə buyurulur: 

“Şübhəsiz ki, şeytan içki və qumar vasitəsi ilə aranıza düşmənçilik və kin salmaq və sizi Allahı anmaqdan, namazdan uzaqlaşdırmaq istəyər. Artıq bunlardan vaz keçdiniz elə deyilmi?” (əl-Maidə, 91)

Doğrudan da biz günümüzdə belə halların tez-tez şahidi oluruq. Çox vaxt bir yerdə ağıllı başlı oturub yemək-yeyib söhbət edən dostlar, qadağan olunmuş, sərxoşluq verən içkini qəbul etdikdən sonra bir-birlərinə düşmən kəsilrilər.

Allah-Təala öz mərhəmətindən irəli gələrək bizim üçün sayısız-hesabsız nemətlər yaratmış, hamısını istifadəmizə vermişdir. O qədər çox halal nemətlər var ki, saymaqla qurtarmaq mümkün deyil. Amma çox təəssüf  ki, bəzi insanlar bu qədər çox halal nemətin içində olduğu halda saydığımız zaman çox cüzi rəqəm meydana çıxaran haramlara yönəlməkdə, eyni zamanda Uca Yaradanın bu qədər nemətinə qarşı nankorluq etməkdədirlər. Bu həqiqəti də Qurani-Kərim belə bildirir; “

Şübhəsiz insan Rəbbinə qarşı çox nankordur. Heç şübhəsiz buna özü də şahiddir (əl-Adiyat, 6-7)

Rəsulullah (s.ə.s) bir hədisində belə buyurmuşdur; “İçki bütün pis əməllərin anasıdır.” (Nəsai; Əşribə, 44) Bir insanın ayıq başına etməyəcəyi bir pis əməli, sərxoş olduqdan sonra etməsi, içkinin həqiqətən də nə qədər pis bir şey olduğunu göstərməkdədir.

İçkinin fiziki, psixoloji, sosial və iqtisadi bir çox zərərləri vardır. Hər birimiz bilirik ki, içki qəbul etmək insan sağlamlığı üçün çox zərərlidir. İçkinin psixoloji zərərləri isə daha dəhşətlidir. İçki, zehin, şüur ve iradə üzərində qorxunc pozuntulara səbəb olur. Dəhşətli dərəcədə  ümidsizlik və bədbinlik doğurmaqda, diqqətin, şüur və iradənin zəifləməsiylə dava-dalaşlara, cinayətlərə, ailədaxili problemlərə, bir çox ailələrin dağılmasına, dostluqların pozulmasına, acı nəticələr doğuran yol qəzalarına səbəb olmaqdadır. Ailəsinin, övladlarının çörək pulunu içkiyə verənlər, faydasız və boş yerə pul xərcləmiş, israf etməklə bərabər, ailəsinin və uşaqlarının haqqını da yemiş olurlar.

Xülasə, içki içmək, həyatına qiymət verən, qazancının dəyərini bilən, qul haqqına riayət edən və sağlamlığına önəm verən ağıllı bir şəxslərin edəcəyi iş deyil.

Dinimizə görə içki böyük günah sayılır. Ancaq Allah-Təalanın əfvi, mərhəməti və bağışlaması genişdir. Hər kim günahı tərk edər və Allahın yoluna qayıdarsa, əfv və məğfirətə nail olacağına dair ayələr, hədislər vardır.

Aqil Əliyev

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SİQARET SƏBƏBİNDƏN HƏR İL 7 MİLYON İNSAN ÖLÜR

Aparılan mübarizələrə baxmayaraq hazırda dünyada 1 milyarddan çox insan siqaret çəkir və hər il 7 milyon insan bu səbəbdən dünyasını...

Bağla