SƏNİ SEVİRİM “TWİTTER”

0

Ən kiçik hekayə adı altında bir ömürdə yaşananlar bir twitə sığışdırıla bilirsə, deməli, ifadələri çox uzatmaq lazım deyil. Elə mən də çox yazmaq istəmirəm. 

Yazdıqlarımın çox görünüb oxunmayacağından qorxuram. Çünki özüm də böyük yazıları oxumaq istəmirəm. Bəlkə də bu, böyük yazılarda bəsit fikirlərə tez-tez rast gəldiyimə görədir. Amma nə qədər belə fikirləşsəm də, elə bu mövzunu da kifayət qədər böyük yazmaq məcburiyyətindəyəm. Çünki çox şeyin narahatçılığı ilə yaşanan bir dünyada az yazmaq elə bil mümkünsüz görünür. Elə burda dərdimi təzələməmək üçün bir nöqtə qoyub keçmək istəyirəm məsələnin əsas hissəsinə.

Bəli, əziz oxucular! Qış aylarında günlər qısaldığı kimi ömrümüzdəki illər və aylar da qısalmağa başladı. Günlərin necə gəlib keçdiyini bilmədən illər illərə calandı. Ömrümüzdə sadəcə zamanlar deyil, fikirlər, düşüncələr, xəyallar və deyəcəyimiz sözlər də qısalmaq məcburiyyətində qaldı. Beyinlərimiz çoxluqları həzm etməz oldu. Bir kiçiyin içərisində yüz böyük toplandı. Kiçiklərdən böyüklər, böyüklərdən kiçiklər hasil etməyə başladıq. Valideynlərimizə verdiyimiz dəyər, ailəmizə ayırdığımız vaxt, dostlarımız arasındakı ünsiyyətimiz azaldığı kimi papağımızı qarşımıza qoyub özümüzlə baş-başa qalmağımıza da imkan tapmaz olduq. Bütün böyüklər xırdalanıb kiçik hissələrə parçalandı. Böyük dediyimiz bir dünya var idi, onu da əlimizdəki telefonlarda kiçildib qarşımıza qoydular. Hələlik ən böyük Allahdır deyirik. Buna da nə qədər şükür etsək yenə də azdır. Ancaq Ona da ayırdığımız vaxtı kifayət qədər azaltdıq. Tək ona ünvanladığımız sevgini ona çatana qədər dünyadakılara payladıq. Ona doğru atdığımız hər addımda bir şeyimizi istədilər. Bir sevgili üçün bütün sevgililəri verdik. Amma göstəriş və riya üçün oldu bunlar hamısı. Zahirdə özümüzü hər şeydən uzaq göstərib, qəlbimizdə yüz əllə yapışdıq fani sevgililərdən.  Açıqda şeytana lənət oxuyub, gizlində onun yaxın sirdaşına çevrildik. Bu gedişlə Ona çatdığmızda bəlkə də ortaya qoyacaq bir şeyimiz olmayacaq.

 Bu minvalla uzun məqalələr, qalın kitablar,  geniş müzakirələr canımızı sıxdı. Hər şeyi qısa və öz görməyə çalışdıq.  Demək istədiklərimizi o qədər ürəyimizdə saxlayıb məhv etdik ki, bir gün söz deyiləcək vaxt gəldiyində deməyə heç nə tapmadıq. Unutduqca unutduq və bir daha unutduqlarımızı xatırlaya bilmədik. Elə bir vəziyyətə qaldıq ki, özümüzün unudulmasını istəməsək də biz də başqaları tərəfindən rahatlıqla unudulduq. Qəribə də orasıdır ki, bütün xırdalıqları bütöv əldə etmədiyimiz halda min bir əzabla bütövləşdirdiyimiz xırdalıqları birdən və rahatlıqla itirdik. Bütün bunlardan sonra elə bir vəziyyətə gədik ki, fəaliyyətlərimizi 140 işarədən ibarət olan bir twitdə sığışdırmağa məcbur etdilər. Bununla da elit təbəqəyə mənsub olduğumuzu söylədilər. Biz də inandıq. Başımızı aşağı salıb hamı necə edir biz də elə etdik. Sən demə hamı elə etmirmiş, bizə onu elə göstərənlər böyük işlər görüb azını paylaşdılar bizimlə, biz isə elə bildik ki, az yazmaq üçün az iş görmək lazımdır. Bəlkə də bu qısa twitlərlə bizə çox şey demək istədilər, amma biz anlamadıq. Qısa ifadələrlə çatdırmaq istədiyimiz fəaliyyətlərimizin əhatə dairəsi də azalmağa başladı. Gördüyümüz işlər cılızlaşdıqca, onu ifadə etdiyimiz sözlər də öz-özlüyündən cılızlaşdı. İnsanlar bir-birini izləməyi, özlərini unudub başqalarının işvələrini saymağı daha maraqlı gördülər.

Yazılan məktublar yarımçıq göndərildi. Sevgilinin sevdiyinə söyləyəcəyi sevirəm kəlməsi 140 işarədən ibarət olan bir twitin əlavə yeddinci işarəsi olduğuna görə göndərilmədi. Sevənlər arasında ayrılıqlar, duyğular arasında ziddiyyətlər, inamlar arasında güvənsizliklər elə bundan sonra başladı. Özümüzü yaxşı göstərmək üçün bəzəkli sözlərlə bəzəmək istədik profillərimizi, amma qoymadılar. Yaxşı olan hər şeyi etmək istədiyimizdə qarşımıza qoyulan sədlər yazmaq istədiyimiz kəlmələrin qarşısına da qoyuldu.

Hətta namazlarımızı da qısaltmağa, namazlarda oxuduğumuz surələrin də qısalarını seçməyə başladıq. Bu çılızlıqla hara gedirik bilmirəm, amma bir onu bilirəm ki, əməllərimizə verilən qiymətlər də cılız olarsa, vay onda bizim halımıza. Bir twit qədər qısa ömrümüzdə, bir ömür qədər uzun tiwtləri dolduracaq kiçik gördüyümüz əməllərdən böyük savablar qazanmaq ümidilə….

Eldar KƏRİMOV

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AXİRƏTİN AYNASI

“Məhəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan riza və...

Bağla