Allaha iman gətirənlər Qurani-Kərimdə mömin adlandırılırlar. Allahın əsmai-hüsnasından biri də “əl-Mumin”dir. “əl-Mumin” sözünün dilimizə tərcüməsi inanan deməkdir. Sözün bu cür mənalandırılması biz bəndələr üçündür. İnanan hər kəs mumindir.
Eyni zamanda Allahın da adı olan bu sözü Onun üçün mənalandıracaq olsaq, könüllərə iman verən, özünə sığınanlara əmin-amanlıq və fərəhlik bəxş edən deməkdir. Bəndə üçün verilən ən şərəfli ad əlbəttə ki, mömin adıdır. Allah-Təala qulunu o qədər çox sevir ki, onu özünə aid olan bir adla adlandırır. Qurani-Kərimin bildirdiyi kimi, möminlik vəsfini tam mənası ilə özündə cəm edə bilənlər üçün Allah dünyada və axirətdə əmin-amanlıq yaracaq, səadət bəxş edəcək və salam (əmin-amanlıq) yollarına istiqamətləndirəcək.
Haqq-Təalanın digər bir adı “əs-Səlam”dır. Bu ad bütün nöqsanlardan uzaq, eyni zamanda qullarına salamatlıq, sülh bəxş edən, onları qoruyan deməkdir. Salam olan Allah bəndələrini dünyada əyri yollardan, azğınlıqdan, axirətdə isə əmrlərinə boyun əyən möminləri əzabdan xilas edər. Xülasə edəcək olsaq, mömin və salam kəlmələri birbaşa Yaradanın isimlərindən törəyən iki sözdür. Hər ikisinin yaxınmənalı olması və inanan insanların, yəni möminlərin qarşılaşdıqları zaman bir-birlərinə salam verməsi diqqətə alınacaq haldır.
Dinimizdə və İslam mədəniyyətində görüşməyin simvoluna çevrilən “salam” kəlməsi Allahın adlarındandır. Salam əslində bir paroldur. Salam verdiyimiz adama məndən sənə zərər gəlməz mesajı göndərmiş oluruq. Yəni mən səndənəm, sən də məndən. Əslində isə nə sən varsan, nə də mən. Sadəcə salam olan Allah var və biz Ondan gəlmişik, dönüşümüz də Onadır. Salam Allahın adıdır, görüşəndə və ayrılanda salamlaşmaq da Salam olan Allah səninlə olsun deməkdir. Həzrət Peyğəmbərin dəyərli tövsiyələri arasında müsəlmanların cəmiyyətdə salamı yaymasının əhəmiyyəti xüsusi yer tutur. Çünki salamın yayılması cəmiyyətdə əmin-amanlığa, müsəlmanların bir-birini sevməsinə səbəb olur. Cənnətin Qurani-Kərimdəki bir adı da “Darus-Salam” – “Salam Yurdu”dur. Dolayısı ilə insanlar arasında salamın yayılması dünya həyatını cənnətə çevriməyə xidmət edir.
Qıldığımız namazlarımız salam baxımından çox şey ifadə edir. Hər gün qıldığımız beş vaxt namazın Əttəhiyyat duasında oxuduğumuz “Allahın salamı, rəhmət və bərəkəti sənin üzərinə olsun, ey Allahın Rəsulu” və “Salam bizə və əməlisaleh bəndələrin üzərinə olsun” ibarələri, həmçinin namazı bitirərkən sağa və sola salam verməyimiz ilahi nizam içərisində Ona təslim olmağımızın göstəricisi, ətrafımıza verdiyimiz əmin-amanlıq mesajımızdır. Namaz qılmaqla həmçinin kainatın yaradıcısını bir daha təsdiqləyərək ona boyun əydiyimizi göstərmiş oluruq ki, beləliklə də Salam olan Allahın amanına giririk. Nəbəvi tövsiyə ilə namazdan sonra oxuduğumuz “Allahummə əntəs-Sələmu və minkəs-sələm, Təbəraktə yə zəl-cələli vəl-ikram” – “Allahım, Sən Salamsan, salam Səndəndir, ey cəlal və lütf sahibi, şənin çox ucadır” duası da Rəbbimizin “salam”ına sığınmanın kəlamla ifadəsidir.
İslamın ən böyük hədəfi dünyada salamı, əmin-amanlığı bərqərar etməkdir. Kitablar və elçilər bunun üçün göndərilmişdir. Müsəlman salam insanıdır. Allah Rəsulunun buyurduğu kimi “əlindən və dilindən zərər gəlməyən kəsdir”. Müsəlmanın həyat tərzində salam xüsusi yer tutur. Sübh namazını qılaraq salamla günə başlayar, evindən ayrılarkən ailə fərdlərinə Allahın salamını diləyərək ayrılar. Qarşısına çıxan hər kəsə salam verər, təbəssüm edər. Allahın məxluqatına, canlı və cansız varlıqlara sevgi və salam yayar. Əcdadımız hətta Allahla baş-başa qalıb qəlbini açanda belə dualarının əvvəlinə və sonuna Allaha həmd, Rəsuluna salətu-salam əlavə edən bir ümmət olmuşdur.
Bu gün ümumi nəzər saldıqda dünyada “salam”ın, sülh və barışın olmadığını görərik. Çünki insanlar “salam”ın ruhundan uzaqlaşdılar. Salamın ruhundan uzaqlaşan insan eyni zamanda İslamın barış ruhundan uzaq qalar. Bu gün insan cəmiyyətlərində əmin-amanlıq yoxdur. Çünki biz Rəsulullahın “salamı yayın” əmrini layiqincə yerinə yetirə bilmədik. Nə oldu bizə? Qloballaşma və avropalaşma adına əvvəlcə salam sözcüklərimiz dəyişdi. “Salamun aleykum” demək bizdə kompleksə səbəb oldu və “kübar” cəmiyyətlərin görüşmə tərzini və mədəniyyətini mənimsədik. Sonra yavaş-yavaş özümüzdən uzaqlaşdıq. Molla Nəsrəddinin “Ye kürküm” misalında olduğu kimi insanlara deyil, geyilən bahalı kürklərə, sahib olunan məqamlara, yaşanan villalara, salam verər olduq. Salam vermək üçün önlərində ikiqat əyildik. Bizim üçün şəxslər önəmini itirdi, çalışdıqları quruma, oturduqları kürsüyə salam verər olduq. Ardınca saxta gülüşlər, təbəssümlər sərgiləməyə başladıq. Salamın ruhunu zədələdik, o da bizi tərk etdi.
Nurlan MƏMMƏDZADƏ