Ey gənc mömin!
Bu mübarək ümmətin cavan və dinamik insanı, gələcəyin ümidi olan gənc mömin! Sən fərqlisən!
“Bu gün” sənsən, “sabah” səndən ibarət olacaq. Dünənin meyvəsi, sabahın arzususan. Sən imanını qoruyarkən ümmətini qorumuş olursan. Sən “Allah” dedikdə daha saf və parlaq bir səs çıxarırsan. Həyat səni faizindən filan haramına qədər min cür çirkabına hələ bulaşdırmadığı üçün sən: “möminəm, əlhamdulillah” deyərkən daha içdən, daha səmimi deyirsən onu. Sən də inanırsan, mələklər də inanır o sözünə. Onun üçün də Kəbə sən və sənin kimilərin həsrətini çəkir. Mədinə küçələrinə sən daha çox yaraşırsan. O küçələr Ammarlara, Ənəslərə, Zeydlərə, Üsamələrə vərdişdir; onların nəfəsləri bizə nəfəs oldu əsrlərdir.
Sən fərqlisən,Allahın izni ilə! Sənin ibadətlə bəzənməyin heç bir şeyə bənzəməz. Sən “ibadətli ömür” yaşadığın zaman cənnətləri də aşaraq Ərşin kölgəsinə gedərsən. Cənnətlərin yeddidəbiri sənin həyəcanınla doludur, bu səbəblə. Sənin bu ikiüzlülüyə alışmamış, yalanı istifadə etməmiş, qul haqqına bulaşmamış şəxsiyyətin var ha, o şəxsiyyətinə ibadət damğasını vurduğun zaman yüksələrsən Ərşə və oradan baxarsan məhşər yerinə. Nə mübarək bir insansan sən, ey Ərşin kölgəsinə talib olan gənc! Sən nə mübarəksən, sən nə böyük ümidsən! Özün üçün, valideynlərin üçün, ümmətin üçün, nə həyəcanlı bir keçiddir sənin dünənindən sabahına axan günlərin!..
Sən fərqlisən, gənc mömin! Sənə ibadətdən başqası uyğun gəlməz bu aləmdə. Sənin dəyərin namazdır, rükudur, səcdədir… Başda nəfs olmaqla bütləri və maneələri bir-bir yıxarkən sən, İbrahimi yaşadırsan bu torpaqlarda. İffətini həyatın bildiyin anlarda da Yusufumuz olursan.
Sən ibadət edərkən bütün mələklərin gözü səndədir. Sən səcdəyə əyildiyin an sanki torpaq sənə doğru yüksəlmiş kimi olur. Sən zikr edərkən daşlar belə səni dinləyir. Sənin dəstəmazın duyğularımızı belə təmizləyər.
Sən fərqlisən! Sən ibadətlə bəzənmiş, namazla dirilmiş, səcdə ilə özünə dönmüş bir bəndəsən. Cənnətin yeddidəbirisən, sən; Ərşin qonağısan.
Sən öz iradənlə səhər namazına qalxdığın zaman olduğun evdə günəş olursan. Varlığın bərəkət səbəbi olur. Dərdlərimizə çarə olur, nuru qaçmış gözlərimizə işıq olursan. Səni anan onun övladı olduğun üçün sevər. Bu ümmət isə səni gələcəyini aydınladan bir işıq olduğun üçün sevər.
Sən fərqlisən, gənc mömin! Sənin namazın başqadır. Qiyamın Uhud dağı kimi dayanar səccadənin başında. Rüku üçün əyilib, səcdə üçün diz çökərkən nəfsinə qarşı gərilmiş bir yay kimisən. Səni o halınla görən şeytan zəlil olur…
Sən, ey mömin gənc, çox fərqlisən! Fərqli qalmağa çalış; əriyib yox olma! Zədələmə ibadətlərini, pozma əxlaqını. Səbir et. Şəxsiyyətini və həyəcanını qorumaq üçün səbir et. Allah qorusun, sən əriyib yox olsan, yalnız bu ümmət yox, mələklər belə kədərlənər. Səbir et. Rəbbin ilə Ərşin kölgəsində görüşənə qədər səbir et. Dəstəmazın səbrini əks etdirsin. Səhər namazına qalxmaq üçün cəhdin bu torpaqların dastanı olsun. Sən yeridikcə məscid yollarında rəhmətlər ensin torpağımıza.
Namaz adamı ol! Namaz gənci ol! Namaz keyfiyyətində yaşa! Xüşu içində qıldığın namazlar səni hüzur içində bir həyata aparsın. Atəşdən xilas olmaq üçün, əlbəttə, namaz qılacaqsan, amma qıldığın hər namazın eyni zamanda sənin peyğəmbərin Muhamməd əleyhissalamın meracını əsrlər sonra reallaşdırmağa davam edən böyük bir qayə olduğunu da unutma. Sən səccadəyə yönəldiyin hər vaxt Qüds və Qüdsdən Meraca yüksəlişin mənası təzələnəcək. Sənin – Allah qorusun – qılmadığın hər namaz isə Qüdsdən düşmüş bir kərpic kimidir.
Sən fərqlisən, əziz gənc! İbadət səni sıravilikdən çıxarıb apardı. Namaz səni bu dünyamızın sadəliklərindən yüksəldib Ənəslərə, Ammarlara, Üsamələrə apardı. Əsla getdiyin yerlərdən geri dönmə. Sən oralarda qal, bizi də özünlə apar.
Namaza yönəldiyin hər vaxtda sənə salam olsun, gənc adam!
Nəfs və şəhvətinə qarşı ərimədiyin, şeytanın hiylələrinə aldanmadığın vaxtlarda sənə salam olsun!
Sən namazı qoruduqca, namaz da səni yüksəltdikcə sənə salam olsun!
Sən ibadəti və namazı qoruduğun kimi Allah da səni qorusun. Allah səni bu ümmətə bağışlasın, ey namazın gələcəyi, ümmətin ümidi olan gənc mömin! Sənə salam olsun!
SALEH ŞİRİNOV