E-MAİL İŞLƏTMƏYƏN STANFORDLU PROFESSOR

0

Prof. Donald E. Knut sahəsinin ƏN-i, bir nömrəsidir, dünyanın ən mötəbər universitetlərindən biri olan Stanford Universitetində professordur.

Professor Knutun haqqında qısa məlumat əsasında onun həyatının nə dərəcədə dolğun olduğunu, yəqin ki, təxmin etmək mümkündür.

Ancaq başqalarının ona bu dərəcədə yüksək tələbatı olan professor e-poçtunu üç ayda ancaq bir dəfə yoxlayır. Üstəlik bunu özü etmir. Köməkçisi önəmli bildiyi məktubları çap edib professora verir və o, e-maillərlə bu cür tanış olur.

Əsla demək istəmirəm ki, professorun uğurlarının yeganə səbəbi onun e-poçt işlətməməsidir.

Burada əsas paylaşmaq istədiyim mesaj fikir budur ki, hazırda e-poçt bir yana, ciddi hədəfləri olduğunu, uğurlu, zəngin olmaq istədiyini deyən insanlar telefonlarından facebook və digər sosial media hesablarını silməkdə tərəddüd edirlər. Çünki hər birimiz özümüzü inandırmışıq ki, böyük nailiyyətlərə imza atmaq istəyiriksə, sosial mediada mütləq aktiv olmalıyıq, hər asudə vaxtımızda yazışmamızı yoxlaya bilməliyik, dostlarımızın nə paylaşdığını izləməliyik, bütün yeniliklərdən xəbərdar olmalıyıq…

Professor Knut bu cür həyat tərzini niyə seçdiyini izah edir. İlk növbədə o, e-poçtsuz həyat tərzinin onun məmnunluğunu artırdığını qeyd edir.

“1 yanvar 1990-cı il tarixindən e-poçt istifadə etməməyə qərar verdim və həmin gündən bəri xoşbəxt bir insanam. Təxminən 1975-ci ildən e-poçtdan istifadə edirdim. E-poçtla keçirdiyim 15 il bir insan həyatı üçün xeyli çoxdur”.

Aşağıda o, bunun əsas səbəbini göstərir və biz anlayırıq ki, onun e-poçtsuz həyat tərzi seçməsi nə dərəcədə cəsarətli və müdrik bir addım olub.

“E-poçt, həyatın zirvəsində, səthində olan insanlar üçün çox gözəl bir vasitədir. Mənim üçün isə bu, belə deyil, çünki mənim vəzifəm şeylərin içində, dərinliyində olmaqdır. Mənim etdiyim işlər, uzun çəkən araşdırma, öyrənmə və tədqiqatlar fikri fasiləsiz, aramsız olaraq cəmləməyimi tələb edir”.

Əgər işiniz sizdən ciddi araşdırma, tədqiqat etməyinizi tələb edirsə, onda siz həyatınızı uzun müddət bu işlə məşğul ola biləcək şəkildə qurmalısınız. Siz ciddi araşdırma aparırsınızsa, öyrəndikləriniz üzərində də ciddi zehni əmək sərf etmək lazım olacaq; qırılmayan fokusla intensiv olaraq fasiləsiz bir iş üzərində düşünmək, təfəkkür etmək, analizlər aparmaq və s. Üzərində işlədiyiniz işdən yorulmuş ikən sosial media hesablarınızdan yeni və maraqlı yazılar, şəkillər, videolar çıxırsa, bunlardan necə uzaq qala bilərsiniz? Bunu etmək, əgər bu hesablar telefonda varsa, əslində çox çətin olacaq. Çünki beyniniz sizinlə mübarizə aparacaq, əlinizdəki işi buraxıb son bir saat ərzində kimlər, yeni nələr paylaşıbdır, poçtunuza necə rəylər yazıblar, yoxlamaq üçün can atacaqdır.

Bəs professor Knut əməkdaşlıq etdiyi, ondan cavab gözləyən insanlarla necə əlaqə saxlayır? Bəli, professor Knutun bu suala da cavabı, buna uyğun öz sistemi var:

“Digər tərəfdən, kitablarımı yazdığım müddətdə bütün dünyada minlərlə insanla əlaqədə olmalıyam. Həmçinin kitablarımı oxuyan və bu mövzuda mənə suallar, rəylər yazan insanlara da mütləq cavab vermək istəyirəm. Hədəfim bunu “paket” rejimində, yəni bircins olanları qruplaşdıraraq, məsələn, üç ayda bir dəfə, maksimum effektivliklə etməkdir. Odur ki, hər hansı bir mövzuda mənə yazmaq istəyirsinizsə, yaxşı bir poçtla aşağıdakı ünvana məktub göndərin…”.

Aldığı e-maillərin də hər birinə cavab vermir. Birbaşa zibil qutusuna gedir bu e-maillər. Bunları necə qruplaşdırdığını, hansı e-mailləri zibil qutusuna atdığını isə bu kiçik paraqrafda izah edir. Professorun izahını oxumadan əvvəl düşünün: gündəmimiz və hədəflərimizlə yaxından-uzaqdan əlaqəsi olmayan e-mailləri, məktubları oxumaq üçün son 5 ildə nə qədər vaxt itirmişik? Düşünəndə çox faciəvi bir nəticə canlanır zehninizdə, elə deyilmi?!

“Mənə göndərilən e-mailləri nəzərdən keçirən çox gözəl bir katibəm var. O, hansı e-mailləri təcili gözlədiyimi bilir və bunları başqalarından ayırır. Digərləri isə dövrü olaraq boşaltdığım bufer saxlama yerinə gedir”.

Professor Knut faks da işlədir və bunun üçün onun öz sistemi, qaydası var. Aşağıdakı iki cümlə ilə o, faks vasitəsilə aldığı məktublarla bağlı rəftarını izah edir. Bu, dəhşətdir:

“Mənə faksla da yaza bilərsiniz: 650-725-4671. Ancaq bilin ki, fakslara ən sonda baxıram: heç üç ayda da deyil, altı ayda bir”.

Yuxarıda vurğulamışdım ki, bu yazı ilə e-poçt işlətməməklə ciddi uğurlar əldə edəcəyimizi demək istəmirəm. Sadəcə dostcasına təklif edirəm ki, e-poçt bir yana, sosial media hesablarımızı, interneti, telefonlarımızı niyə və necə istifadə etdiyimizi yenidən dəyərləndirək. Gündə, həftədə, ayda bunlara nə qədər vaxt ayırdığımızı, bu vaxt ərzində nələr öyrəndiyimizi və bu öyrəndiklərimizin həyatımızın ən önəmli hədəflərinə, məsələlərinə necə təsiri olduğunu bir də yoxlayaq.

İSMAYIL VƏLİYEV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
HƏYAT BİR GÜNDÜR!

Universitetdə oxuduğum zamanlarda bizim qrupa ingilis dili fənnini yaşı xeyli irəliləmiş, dünya görmüş və olduqca alicənab bir müəllim tədris edirdi....

Bağla