Üç-beş könül dostu ilə bir süfrədə oturmuşdum. Yeməkdən sonra qrup lideri olan dostumuz ofisiantı çağıraraq ondan iki ədəd ağrı kəsici istədi. Sonra da yanında oturanlardan birinə baxaraq:
“-Qardaşım, üzünün rəngi dəyişməyə başladı. Deyəsən miqren ağrıların başlayır. Bu dərmanın birini indi at, o birini də bir-iki saat sonra atarsan”, -dedi.
Qrup liderinin qrupdakıları belə yaxından tanıması və onların dərdləri ilə maraqlanması diqqətimi cəlb etdi. Öz-özümə “Bax, sevilən bir lider olmağın sirri budur”, -dedim.
Duyğuları nəzərə almayan və ehtiyacları vaxtında doğru dəyərləndirə bilməyən liderlər əksər hallarda mexaniki bir liderlikdən uzağa gedə bilməzlər. Bu isə liderliyin robotlaşması deməkdir. Robotlaşan liderlər insanları ətraflarında toplaya bilməz və komanda qura bilməzlər.
“Fəallığı artıran və ruhlandırıcı lider” monoton və standart münasibətlərdən ibarət bir liderlik deyil. Fəallığı artıran liderlər zamanı, zəmini və qarşısındakıların anlıq vəziyyətlərini belə nəzərdən qaçırmayan bəsirət və fərasət sahibi şəxslərdir.
Hz. Əli “Könüllər salamat olmadıqca məhəbbət zahir olmaz”, -buyurur. Dərd və kədər içində boğulan könüllərə pəncərə açmadıqca ülfət, məhəbbət, istək və şövq hərəkətə keçməz. Könülləri rahatladan və üzləri güldürən həqiqi liderlər könül tezliklərini belə hiss edə biləcək bir hissiyyata sahib olan şəxslərdir.
Liderlikdə robotlaşmanın bir çox səbəbi qeyd edilə bilər. Bunlardan bəzilərini belə saya bilərik:
– Öz mənliyinə və mənfəətlərinə bağlanmaq. Bunu özünəpərəstiş deyə də ifadə edə bilərik. Bu, nəfsin fironlaşması deməkdir. Bu xəstəliyə düçar olanlar hər kəsi sanki onun üçün yaradılmış xidmətçilər olaraq qəbul edərlər. Belələrinin yanında və yaxınlığında istedadlar korlanır və insanlar da kölələşirlər.
– Şəxsi və ya müəssisəyə aid prinsipləri bütləşdirib, onları dıyişməz və müzakirə olunmaz əsaslar olaraq qəbul etmək. Halbuki bəzən elastiklik göstərə bilmək lazımdır. Ərəblərin böyük dahilərindən biri qəbul edilən Misir valisi Əmr bin Asdan insanları idarə etmədəki müvəffəqiyyətinin sirrini soruşanlara belə cavab vermişdir:
“Mənim hər insanla aramda bir bağ var. Aramızda olan bu bağ boşaldıqda dartaram, çox dartılanda da bir az boşaldaram. Beləliklə də bağı qopartmadan hər kəsi ətrafımda toplamanın yolunu taparam.”
– Ədaləti bərabərlik olaraq anlamaq və tətbiq etmək. Halbuki hər kəsin istedadı, ehtiyacı və anlama qabiliyyəti fərqlidir. Ədalət hər kəsə eyni davranmaq deyil, hər haqq sahibinə layiq olanı verməkdir. Son dövrün böyük şəxsiyyətlərindən olan Musa Topbaş -rəhmətullahi aleyh- bir gün söhbətlərini təşkil edən xidmət qrupuna belə demişdi:
“-Qardaşlar! Bu söhbətləri təşkil edərkən ədalətli olun. Adalət hər kəsə eyni davranmaq deyil. Bəzi kimsələr var, onlara ildə bir dəfə görüşmək kifayət edər. Bəziləri var, ayda bir dəfə görüşmək onları qane edər. Bəziləri də var ki, onlarla hər gün görüşmək lazımdır.”
– Özünü inkişaf etdirmək dərdində olmamaq. Həyatdan artıq heç nə gözləməyən liderlər mövcud vəziyyətin davamını varlıqlarının təminatı olaraq gördükləri üçün belələri də qısa müddətdə robotlaşacaqlar.
– Sistem korluğuna qapılmaq. Dünyanı doğru oxuya bilməyən, inkişafın fərqində olmayan və məsləhətə ehtiyac hiss etməyən liderlər də robotlaşmağa doğru sürətlə irəliləyirlər.
Robotlaşan liderlər “Fəallığı artıran və ruhlandırıcı” deyil, “Korlaşdıran və kölələşdirən” liderlərdir. Belələrinin yanında və yaxınlığında olanlar ya liderlərini robotlaşmaqdan xilas etməli, ya da özlərini israf etməkdən uzaqlaşmalıdırlar.
DR. ADEM ERGÜL.
ŞƏXSİYYƏT DİLİ VƏ LİDERLİK., İPƏKYOLU NƏŞRİYYATI.