Bir neçə əsrdir psixoloji sağlamlıqla bağlı aparılan araşdırmalar bəzən bədən, bəzən zehin, bəzən də “qəlb” və ya “ruh”a həsr olunur və buna görə də, bəzən fiziki, bəzən zehni, bəzən də ruhi müalicə ön plana çıxmışdır. Bütün bu araşdırmaların nəticəsində məlum olmuşdur ki, ruh, bədən və zehin bir-birindən ayrı deyil, birinə ziyan dəyəndə digəri də ziyan görür, biri yaxşı olanda digəri də yaxşı olur. Odur ki, psixoloji sağlamlıq barədə danışacağıqsa, bilməliyik ki, bədən, ruh və zehni bir-birindən ayırmadan, eyni zamanda hər üçünün qayğısına qalmaqla – yalnız bu yolla tam sağlamlığa qovuşa bilərik və bu məsələdə problemdən uzaq qalmaq istəyiriksə, hər üçünün inkişafında tarazlığı gözləməliyik. Bir sözlə, ruhumuzun sağlamlığı üçün bədənimizi qorumalı, bədənimizi qorumaq üçün isə zehnimizə nəzarət etməliyik.
Bədənin sağlamlığını təmin etmək üçün ən əsas iki məsələyə -yuxu və qidalanma rejiminə fikir vermək lazımdır.
Sağlam əhvali-ruhiyyəyə sahib olmaq istəyən kəs yuxu rejimini bacardıqca orqanizminin tələbatına uyğun şəkildə tənzimləməlidir. Bir gün 4, ertəsi gün 9, o biri gün isə 7 saat yatan və ya bir gün saat 00:00-da, ertəsi gün saat 22:00-da, o biri gün isə 03:00-da yatan kəs həm eyni vaxtda, həm də eyni qədər yatmadığından bədəni sirkad ritmini tənzimləyə bilməyəcək və nəticədə, belə bir adamın diqqət, enerji və fəaliyyəti istər-istəməz yarımçıq olacaq, günün müəyyən saatlarında diqqət, enerji və fəaliyyəti yüksək səviyyəyə qalxsa da, bədən ritmə sahib olmadığından bunlar tələb olunanda yox, tələb olunmayanda, özü də nə vaxt gəldi, harda gəldi, necə və nə üçün gəldi yüksək səviyyəyə qalxacaq. Məsələn, gecənin bir aləmində enerji və diqqəti yerə-göyə sığmadığından heç cür yata bilməyən və nəticədə, səhər yuxudan yorğun-arğın qalxan nə qədər adam var. Əlqərəz, yuxu rejimini vaxt və müddət baxımından tənzimləmək bədənin sağlamlığını təmin etmək üçün atılacaq ilk addımlardandır.
Bədənin sağlamlığını təmin etmək üçün atılacaq ikinci addım qidalanma rejimini tənzimləməkdən ibarətdir. Çünki nə yemək və nə qədər yemək məsələsinin özü fiziki sağlamlıqda böyük rol oynayır. Nə yemək məsələsi önəmlidir, çünki son illərdə bu barədə aparılan çoxsaylı araşdırmalar nəticəsində məlum olub ki, qəbul olunan qidalar beyinin quruluşunu belə dəyişdirməyə qadirdir. Məsələn, İngiltərədə aparılan bir araşdırma nəticəsində məlum olub ki, ayaqüstü qidalananlar bu cür qidalanmayanlarla müqayisədə daha tez əsəbiləşir və özlərini idarə etməkdə çətinlik çəkirlər. Deməli, qəbul edilən qida birbaşa insanın həm düşüncə tərzinə, həm də impuls nəzarətinə təsir edir. Nə qədər yemək də nə yemək qədər önəmli bir məsələdir. Çünki qəbul edilən qida çox keyfiyyətli olsa da, həddindən çox yemək qidanın bədənə xeyir yox, ziyan vurmasına, artıq yük kimi daşınmasına səbəb olur və nəticədə, həm zehni fəaliyyət üçün lazım olan enerji qəbul edilən qidanın həzm olunmasına sərf edilir, həm də həddindən çox qida ilə yüklənmiş bədən çox yorulduğundan daha çox yuxuya ehtiyac duyur. Bir sözlə, çox yemək öyrənmək və düşünmək üçün lazım olan enerjinin qidanın həzminə sərf olunmasına səbəb olur və bədəni yorduğundan yuxu rejiminin tənzimlənməsində çətinliklər meydana gətirir.
Zehnin də sağlamlığını təmin etmək üçün onun nə ilə qidalandığına və necə istirahət etdiyinə fikir vermək lazımdır. Bunun üçün əvvəl zehnin qida mənbələri sayılan duyğu orqanlarından zehnə nələrin gedib çatdığını araşdırmaq lazımdır. Yəni sağlam zehnə sahib olmaq üçün zehnin nəyə baxıb nəyi gördüyünə, nəyi eşidib nəyə qulaq verdiyinə, nəyi söyləyib nə üçün dil tökdüyünə mütləq diqqət yetirmək lazımdır. Zehnin qidalanması ilə yanaşı, istirahət etməsi də vacibdir. İnsan istirahət etmək üçün televizora baxır, izdihama qaynayıb-qarışır, oyun oynayır və ya yatırsa, onda zehnini açıq-aşkar təsir altına salmış olur. Çünki o, istirahət edərkən özünü rahat hiss etdiyindən verilənləri tez qəbul edir, sonradan düşünəndə də istər-istəməz gördüklərindən, eşitdiklərindən, danışdıqlarından və zehninin dincələrkən etdiklərindən təsirlənir və düşüncəsini məhz bu təsir əsasında formalaşdırır, düşüncəsi və düşündükləri də həyata və insanlara baxış tərzinə təsir edərək ruhi sağlamlığına ya töhfə verir, ya da ziyan vurur.
Sonda bir daha deyim ki, insan psixoloji sağlamlığını təmin etmək üçün ruhunu, bədənini və zehnini qorumalıdır. Bədənini və zehnini qorumayan ruhunu qoruya bilməz. Bunun üçün bədəni yuxu və qida baxımından, zehni isə göz, qulaq və dil baxımından tərbiyə etmək lazımdır. Çünki tərbiyəsiz zehnin və bədənin tərbiyəli ruhu ola bilməz.
MEHMET DİNÇ
GƏNCLƏRƏ SƏSLƏNİŞ, İPƏKYOLU NƏŞRİYYATI