UŞAĞIN CAVABI

0

Yağışlı bir gün idi. Vacib bir işlə bağlı İstanbulun Fatih səmtində Süleymaniyə camisinin ətrafında bir ünvana getməli idim. Orda mənə deyilən bir adamla görüşüb ondan bəzi məsləhətlər alacaqdım. Hər zaman izdiham və səs-küylü olan İstanbul həyatını dayanmadan yağan yağış daha da çətinləşdirmişdi. Daşıdığım çantaların ağırlığından əlimdəki çətiri başım üzərində çətinliklə saxlayırdım.

Müvazinətimi itirdikcə gah sağ tərəfim, gah da sol tərəfin yavaş-yavaş islanırdı. Ayaqlarımın hələ avtobus dayanacağına qədər gəldiyim yolda islandığını hiss etmişdim.Geri qayıdıb yenidən paltarlarımı dəyişəcək nə vaxtım var idi nə də həvəsim. Dayanacaqda beş altı dəqiqə dayandıqdan sonra gözlədiyim avtobus gəldi. Avtobusa minib pencəyimin yan cibindəki üzərinə gedəcəyim ünvan yazılmış kağız parçasını çıxartdım. Ünvanı çətinliklə oxuyub sürücüyə həmin ünvanda mənə xəbər etməyini xahiş etdim. O da mənim buralarda əcnəbi olduğumu hiss edib razılıq ifadəsi olaraq başını yellədi. Bir neçə dayanacaqdan sonra ağsaqqal sürücü gedəcəyim ünvana çatdığımızı söyləyib qarşıdakı əzəmətli məscidi göstərərək dəqiq ünvanı tərif etdi.

Axtardığım ünvana gəlib çatdığım zaman görüşəcəyim adamın nömrəsinə zəng edib dediyi vaxtda görüşəcəyimiz yerdə olduğumu bildirmək istədim. Ama bütün cəhdlərimə baxmayaraq telefonuma cavab vermədi. Bir neçə dəqiqədən sonra həmin adamdan “bu gün çox önəmli bir toplantım var, sizə heç cür vaxt ayıra bilməyəcəyəm” deyə  bir mesaj gəldi. Hərçənd ki, biz bu görüşün vaxtını iki gün qabaqcadan dəqiqləşdirmişdik. Düzünə qalasa çoxlu sayda əxlaqi mövzularda çalışmaları olan bir adamın belə hərərkət etməsi məni təəccübləndirmişdi. Ancaq insanlıq halı deyib öz-özümə də təskinlik verərək bundan sonra nə edəcəyimi düşünməyə başladım.

Yağış get-gedə güclənirdi. Küçədə hər kəs bir tərəfə qaçır, maşın təkərlərinin altından çıxan palçıqlı sular səkidə gəzənlərin üst-başını tanınmaz hala salırdı.Soyuq yavaş-yavaş iliklərimə işləməyə başlamışdı. Saata baxdım, günorta namazının vaxtının girməsinə hələ yarım saat var idi. Bu zaman içərisində məscidin yaxınlığındakı yeməkxanaların birində günorta yeməyini yeyə biləcəyimi düşünüb kiçik bir yeməkxanaya yaxınlaşdım. Ətrafdan böyük görünsə də insanların ümumi oturub yemək yediyi zalda cəmi yeddi-səkkiz stol var idi. Nahar yeməyinin vaxtı olduğu üçün o stollardan da əksəriyyəti dolu idi. Dolu masaların arasından çətinliklə keçib üzü küçəyə baxan pəncərənin qarşısındakı iki nəfərlik masada oturdum. Yerimə təzə oturmuşdum ki, gənc bir oğlan yaxınlaşıb nə sifariş verəcəyimi soruşdu.  Mən də tez olsun deyə bir ədəd iki lavaşlı dürüm dönəri və ayran istədiyimi bildirdim.  Mən verdiyim yemək sifarişlərini gözlədiyim zaman qucağında beş-altı dənə yarım litirlik plastik su şüşəsi olan beş-altı yaşlarında bir qız uşağı yeməkxanaya daxil oldu. Bundan sonra həmin uşaq bir-bir masalara yaxınlaşıb yemək yeyən insanların qarşısına bir şüşə su qoymağa başladı. Elə o zaman düşündüm ki, yəqin bu uşaq da fırıldaqcı dilənçilər kimi suyu bəhanə edərək insanlardan pul qoparmaq istəyir.  Uşaq bütün stolları gəzdikdən sonra nəhayət mənim oturduğum masaya yaxınlaşdı və bir şüşə suyu da mənim masamın üzərinə qoyub, sağ əlinin kiçik barmaqları ilə üç göstərdi.  Uşağın ilk baxışda lal olduğunu düşündüm. Amma daha sonra qeyri ixtiyari olaraq dilinin altında zəif səslə “sələsun” otuz quruş (10 qəpik) dediyini eşitdim. Ona yaxınlaşıb adını soruşdum. Adım Məryəmdir dedi.  Haralısan dedim. Suriyalıyam dedi. Yaşı kiçik olsa da gözəl və fəsih ərəb-dilində danışırdı. Burda nə edirsən dedim. Yaşamaq üçün su satıb ailəmə köməklik edirəm dedi. Anan-atan hardadır dedim. Atam Suriyada rəhmətə gedib, anam isə deyib pəncərədən mənə yolun kənarında oturub su satan ortayaşlı bir xanımı göstərdi. Ofisant sifariş verdiyim yeməkləri çoxdan gətirsə də hər şey yadımdan çıxmışdı. Elə bil başıma qaynar su tökmüşdülər. Dünya başıma fırlanırdı. Uşaq da suyun pulundan çox mənimlə oynamaq istəyirdi elə bil. Masanın üzərinə qoyduğum telefonu götürüb içərisində oyun olub-olmadığını soruşdu. Telefonumda heç oyun olmamasına ən çox o zaman üzüldüm. Amma telefonda oyun olmasa da mənim fərqli formalarda bir neçə şəkilimi çəkdi. Onun dilində danışdığım üçün mənimlə daha səmimi münasibət qura bilmişdi. Artıq yavaş-yavaş anası narahat olmasın deyə getmək istəyirdi. Suyun qiymətinə əvvəlcədən otuz quruş desə də mən əlli quruş verdim. Amma uşaq əlavə iyirmi quruşu özümə qaytardı. Çox təkid etsəm də əlavə quruşları qəbul etmədi. Və ən sonda “əmi mən dediyim qiymətdən artıq pulu götürə bilmərəm çünki o mənim haqqım deyil və mən dilənçi deyiləm” deyib mənim masamdan qaçaraq uzaqlaşdı. Mən ona heç nə deyə bilmədim. Ona heç bir köməklik də edə bilmədim. Az yaşlı uşaq mənə həyatımın ən böyük dərsimi keçmişdi. İndi sadəcə bu soyuq qış günlərində həmin uşaq yaşda olan oğlumla isti evdə yatarkən, onun soyuq İstanbul küçələrində necə gecələdiyini təsəvvür belə edə bilmirəm…Allah bütün müsəlman qardaş və bacılarımızın yar və yardımcısı olsun…

ELDAR KƏRİMOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PEYĞƏMBƏR EŞQİ İLƏ YÜKSƏLƏN MƏHƏBBƏT MƏDƏNİYYƏTİ

Dünyada indiyə qədər yaşamış və qiyamətə qədər yaşayacaq heç kim Rəsuli-Əkrəm (s.ə.s) qədər sevilməmiş, heç kim də əshabi-kiram qədər Onu...

Bağla