KASIBLIQ VƏ ZƏNGİNLİK İMTAHANDIR

0

Zənginlik və kasıblıq nəticə etibarilə insanın bəxti ilə əlaqəlidir. Əslində kasıblıq da, zənginlik də bu imtahan dünyasının məşəqqətli imtahanlarıdır.

Çətinlik və əziyyət baxımından heç vaxt biri digərindən daha asan olmamışdır. Allah-Təala bəndələrini hər ikisi ilə sınağa çəkir.

Zənginləşmək ağır bir imtahandır. Çünki puldan məqsədli istifadə edə bilmək mənəvi cəhətdən səviyyə qazanmış qəlblərin bacaracağı işdir. Əksər insan puldan istifadə etdiyini düşünür. Halbuki əksinə, pul onları istiqamətləndirir, lakin fərqində deyillər. Bu gün sərmayə fərdlərə öz  damğasını vurur. Halbuki fərdlər sərmayəyə öz damğalarını vurmalıdırlar… Bu səbəblə pulun məhkumu deyil, hakimi olmaq lazımdır. Bu da Hakimlər Hakiminin əmrinə təslimiyyət göstərməklə mümkündür.

Bu halın ən zirvə nöqtəsini peyğəmbərlərdə, əshabi-kiramda və Allah dostlarında görürük. Onlar pulu məqsəd deyil, Allaha yaxınlaşmaq üçün vasitəsi olaraq istifadə etmişlər.

Süleyman (ə.s)-dan daha zəngin bir qul dünyaya gəlməmişdir. Lakin o, heç vaxt qəlbini dünyanın oul kisəsi halına gətirməmiş, Rəbbimizin “nə gözəl qul” iltifatına məzhər olmuşdur. İbrahim (ə.s) da çox zəngin olmasına baxmayaraq heç vaxt Rəbbindən qafil qalmamış, Allahın məhəbbətiylə infaq etmiş və bu sayədə Rəbbimizin Xəlili / dostu olmaq şərəfinə nail olmuşdur. Haqq-Təala da onun bu səxavəti səbəbi ilə malına bərəkət vermiş, hətta bu bərəkət el arasında “Xəlil İbrahim bərəkəti” deyə zərbi-məsələ çevrilmişdir.

Yəni dünya ilə məşğul olmaq deyil, onu Haqqa qulluğa əngəl etmək qəbuledilməzdir. Səhv olan vasitəni məqsəd halına gətirməkdir. Məşhur deyimdə olduğu kimi “Əl karda / qazancda, könül Yarda” olduqdan sonra sərvət və zənginliyin heç bir zərəri yoxdur. Hətta hədisi-şərifdə:

“Doğru sözlü, dürüst və güvənilən bir müsəlman tacir qiyamət günündə nəbilər, siddiqlər və şəhidlərlə bərabərdir., buyurulmuşdur. (Tirmizi, Büyü, 4)

Həmçinin keçmişdə olduğu kimi, zəmanəmizdə də kasıblara, qəriblərə sığınacaq və dayaq olacaq halal qazanc sahibi və comərd varlılara ehtiyac var. Yəni dünyaya qarşı zahid olmaq tamamən qəlblə bağlıdır. Möminin vəzifəsi dünyadan əl-ətək çəkmək deyil, qəlbini ona əsir etməməkdir.

 “DÜNYA ALLAHDAN QAFİL OLMAQDIR”

Beləliklə zöhd kasıblıq deyil, zəngin-kasıb hər möminə lazım olan qəlbi bir davranışdır. İlahi təqdir nəticəsində zahirən kasıblıq zərurət içində yaşayan bir kəs qəlbən dünyəvi arzuların arxasınca düşürsə, o da zöhd əhli sayılmaz. Çünki zöhd qədərin sövqüylə məcbururi qənaət deyil, iradəli şəkildə, öz istəyi ilə qəlbi dünyaya əsir olmaqdan mühafizə etməkdir.

Rəsulullah (s.ə.s) zöhd halını necə də gözəl tərif edir:

“Dünyada zahidlik nə halalı haram bilmək, nə də var-dövləti tərk etməklədir. Dünyada zahidlik ancaq Allahın mülkündə olana öz əlindəkindən daha çox etimad (yəni ruziyə deyil, Rəzzaqa güvənməyin), başına bir müsibət gəldiyi və yaxanı buraxmadığı müddətcə onun əcr və mükafatından son dərəcə ümidvar olmağındır”. (Tirmizi, Zöhd, 29/2340)

Həzrət Mövlana nə gözəl söyləyir:

“Dünya Allahdan qafil olmaqdır. Yoxsa pul, qumaş, qadın və övlad sahibi olmaq deyil. Səni əyləndirib Haqdan qafil edən nə varsa, sənin dünyan odur.”

Həmçinin Mövlana həzrətləri insanı varlıq dəryasında üzən bir gəmiyə bənzədərək buyurur:

“Əgər dərya gəminin altında olsa, ona istinadgah (üzməyinə yardımçı) olar. Lakin dalğalar gəminin içinə girməyə başlayarsa, onu həlaka aparar”.

Kasıblıqda da zənginlikdə də səbr etməyi vərdiş və mərifət halına gətirmək lazımdır. Orta təbəqənin üstündəki zənginlik də, altındakı kasıblıq da çox çətindir. Lakin səbir edildiyi təqdirdə mükafatı çox böyükdür. Belə ola bilənlər, yəni “əğniyayi-şakirin / şükür əhli zənginlər və füqərayi-sabirin / səbir edən kasıblar” cəmiyyət içində azlıq təşkil edirlər.

Qafil insanlarda isə hədsiz zənginlik də, hədsiz kasıblıq da eyni günahda birləşər. Hədsiz dərəcədə kasıblığın və zənginliyin iffətsizliyin qapılarını açma riski vardır. Digər tərəfdən hədsiz zənginlik ehtirası qamçıladığı, hədsiz kasıblıq da səbri sıxışdırdığı üçün oğurluğu, haqsız qazancı mübah göstərə bilər. Bunun üçün Rəsulullah (s.ə.s):

“Ya Rəbb, unutduran kasıblıqla birlikdə azdıran zənginlikdən… Sənə sığınaram”, -deyə dua etmişdir.

Hədisi-şərifdə də buyurulduğu kimi Allahı unutduracaq dərəcədə kasıblıq və azdıran zənginlik eyni görülmüşdür.

 MİNİMUM XƏRCLƏMƏ – MAKSİMUM İNFAQ

Dünya sərvəti Quran və Sünnə ölçüləri işığında istifadə etməyi bilənlər üçün böyük bir səadətdir. Belə bir zənginlik əbədiyyət səltənətidir. Bunun üçün zəngin müsəlman özünə xərcləyərkən minimum dərəcə ilə kifayətlənəcək, maksimum olaraq infaq edəcək. Səhabədən Həzrət Əbu Bəkr, Əbdürrəhman bin Əvf, Osman bin Affan (r.anhum), övliyalardan Əbu Hənifə, Übeydullah Əhrar həzrətləri bunun ən gözəl misallarındandır.

Bunun ziddinə, israf və xəsislikdə boğulan zənginlik isə fitnə və fəlakətdir. İnsanlığın utanc vəsiləsi olan qəhredici bir duyğusuzluqdur. Nəfsin bütpərəsti halına gəlməkdir. Necə ki, Firon sahib olduğu dünya səltənəti səbəbilə aldandı, yolunu azdı və “Mən sizin ən uca Rəbbinizəm”,  -deyəcək qədər axmaqlaşdı.

Qarun da eyni bəlaya düçar oldu. Halbuki Qarun kasıb ikən Tövratı ən yaxşı təfsir edən abidlərdən idi. Zənginləşdikdən sonra hətta qövmü də onun həddən artıq ehtişam sahibi olmasına üsyan etdi: “Azğınlaşma, Allah azğınları sevməz”, -deyə xəbərdarlıq etdi. Lakin Qarun zənginlik sərxoşluğu içində sərvəti lütf edəni unudub malına güvəndi. Nəticədə güvənib arxalandığı malıyla birlikdə yerin dibinə batdı. Vaxtilə o məğrurların saraylarına doğan günəş indi o sarayların xarabalıqları üzərinə doğur.

Xülasə, əgər bəndə təqva sahibidirsə, zənginlikdə də istiqamətini qoruya bilər, kasıblıqda da…

İSRAF VƏ LÜKSUN ÖLÇÜSÜ

Zəmanəmizdə müsəlmanlara yönəldilən bəzi tənqidlər bundan ibarətdir: israfa düşür, lüksa düşgündür, əlinə pul keçən villa tikdirir, ən bahalı maşını alır və s. Belə bir sual çıxır ortaya: israfın ölçüsü nədir? Sərhədləri nədir? Burada ölçü təqva baxımından və rüxsət baxımından ikiyə ayrıdır. İlk növbədə qəbul etməliyik ki, mülk Allahındır. Bunu dərk etmək zəruridir. Sahib olduğumuz mülk bizə əmanətdir. Maddi səviyyəsi bizdən aşağı olanlardan məsuluq. Mənim varımdır, onunsa yoxdur. Deməli, onun ehtiyaclarını qarşılamağa kömək etməliyəm. bu anlayış möminin təbiətində olmalıdır. Var-dövlətdən düzgün istifadə edə bilməyin ən gözəl yolu budur.

Möminin qəlbi mənəvi rentgen kimi olmalıdır. Məsul olduğu insanları simalarından tanımalıdır. Dərdini danışan möhtacları dinləməyi bacarmalıdır. Amma iffəti səbəbindən istəməyəni də axtarıb tapmalıdır. Özünə əyin-baş almaq üçün dükan və bazarları gəzdiyi kimi, məsul olduğu kasıbları və möhtacları da axtarıb tapmaq üçün can atmalıdır. Mülkün sahibi Allahdır, biz deyilik. Bizə əmanət verilib. Elə isə necə israf edə bilərsən? Sənə aid olmayan bir malı necə öz keyfinə görə xərcləyə bilərsən? Bu, əmanətə xəyanət olmazmı?

Bəzilərinin düşündüyü kimi bir müsəlman şəri məsuliyyətlərini yerinə yetirdikdən sonra istədiyi kimi xərcləmə azadlığına sahib deyil. Bir mömin yaşadığı dünyada nəsslərin (ayə və hədislərin) çərçivəsi daxilində azaddır. Nəsslərin xaricinə çıxdığı zaman başqa şeylərin əsirinə çüvrilər. Daha əvvəl də ifadə etdiyimiz kimi mömin nə qədər çox qazanır qazansın özü üçün kifayət miqdarıyla kifayətlənib, geri qalanını axirət sərmayəsinə çevirməyə cəhd etməlidir.

Çünki ehtiyacdan çox xərcləmək israf, hər şeyi öz nəfsinə hasr etməksə xəsislikdir. Allah-Təala bu iki mənfi haldan qurtularaq balanslı bir comərdliyi əmr edir. Ayeyi-kərimədə buyurur:

“…(Allah yolunda) nəyi paylamalı olduqlarını soruşanlara isə de: Ehtiyacınızdan artıq qalanını (möhtaclara paylayın)!..” (əl-Bəqərə, 219)

Rəsulullah (s.ə.s)-ə qənimətlərin beşdə biri gəlirdi, istəsəydi zəngin bir həyat sürərdi, lakin O, könüllü olaraq zahidanə bir həyatı seçər, kifayət miqdarına razı olar, geriyə qalanı infaq edər, beləcə “əğniyayi-şakirin”ə nümunə olardı. Evində sudan başqa heç bir şeyin olmadığı zamanlarda da səbir və şükür halıyla “füqərayi-sabirin”ə feli meyar, yəni canlı bir nümunə olardı.

Bir gün səhabələr Həzrət Peyğəmbərin yanında dünyadan bəhs etdilər. Bunun üzərinə Rəsulullah (s.ə.s):

“Siz eşitmirsinizmi, siz eşitmirsinizmi? Sadə yaşamaq imandandır; sadə yaşamaq imandandır. buyurdu.

Həmçinin O, insanın ehtiyaclarını qarşılamaq xüsusundakı şəritin sərhədlərini bildirmək üçün:

“İsrafa və qürura düşmədən yeyin, için, geyinin, sədəqə verin, -buyurmuş, digər bir hədisi şərifdə isə:

“Ürəyinin istədiyi və arzu etdiyin hər şeyi yemək, şübhəsiz, israfdır!, -deyərək xəbərdarlıq etmişdir.

Camaat arasında da “qarınqululuq” kimi səslənən bu hal dinimiz tərəfindən rədd edilmişdir. Çox imkana sahib olmaq çox istehlak etməyi qanuniləşdirmir. Bunun üçündür ki, zəmanəmizin amansız xəstəliklərindən biri olan həddindən artıq istehlak, lüks və göstəriş üçün israf etmələr nümunə götürməmiz lazım olan səhabə nəsilinin tanımadığı bir həyat tərzi idi. Çünki onlar “sabah nəfslərin gedəcəyi evin qəbir olacağı” şüuru içində yaşayır, yeyib-içdiklərindən, geyinib istehlak etdiklərindən mütləq hesaba çəkiləcəklərini heç vaxt unutmurdular.

Çünki Allah-Təala  buyurur:

“Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız! (ət-Təkasur, 8)

Yəni İslam “İstədiyin kimi qazan, istədiyin kimi xərclə!” anlayışını əsla qəbul etmir.

Çünki müsəlman dünyanın gedişatından məsuldur. Səhabələr bu məsuliyyəti yerinə yetirmək üçün bütün imkanlarını səfərbər edib Çinə, Səmərqəndə, Afrikanın mərkəzinə, dünyanın ən ucqar nöqtələrinə qədər getdilər.

Zəkatın maddi nisabını bilmək mümkündür. Lakin sərvət xaricində də allahın bizə lütf etdiyi nemətlərin nisabını, şükür borcumuzun miqdarını bilmirik. Bu səbəblə səhabələr var gücləriylə son nəfəsinə qədər fədakarca bir xidmət və infaq həyatı yaşadılar. Dayanmadılar, yorulmaq bilmədilər, istirahət etmədilər. Vida Həccindəki yüz iyirmi min səhabədən yalnız iyirmi mininin Məkkə və Mədinədə dəfn olunması bizə məsuliyyətimizi xatırladan bir ibrət aynasıdır…

Əslində söylənənləri zəngin, kasıb hər müsəlman bilməlidir. Sanki bu kimi anlayışları zehnin arxa planına keçirib, həyata davam etmə kimi bir vəziyyət var zəmanənizdə.

Sadə bir misal verək: Yaxından əlaqələrimiz olan Quran kurslarına uşağını göndərənlərin çoxu ancaq min beş yüz lirə, uzağı iki min lirə gəliri olan ailələrdir. Bundan artıq gəliri olub, uşağını Quran kurslarına göndərən ailələr demək olar ki, yoxdur. Nə üçün? Çünki nəfsani həyat ruhani həyatı üstələyir. Problem buradan qaynaqlanır.

 SƏHABƏLƏRİN HƏYATINA BAXIN

Təəssüf ki, bu, mənəvi tərbiyədən uzaq qalmağın acı nəticəsidir. Əshab-ı kiram, önümüzdə ən gözəl nümunə olaraq dayanır. Haqq-Təala bizə əshabi-kiramı misal göstərir. Onlar dünyaya aldanıb dini arxa plana atmadılar. Bədən rahatlığı üçün dini çalışmalardan uzaq qalmadılar. Lüks və israfa düşmədilər. Xəsislik etmədilər. Kasıb bir səhabəyə hədiyyə edilən bir qoyun başı yeddi kasıb ailəni gəzir. Hər kəs digər möhtac qardaşını özünə tərcih edərək ona göndərir, nəticədə qoyun başı yenə ilk verənin önünə gəlir. Bu necə bir tərbiyədir? Bu necə bir əxlaq nizamıdır? Bu gün o tərbiyəyə möhtacıq.

Həzrət Peyğəmbər ilahi əmrlərə ən çox riayət edən kəs olmasına baxmayaraq səhabələrinə nümunə olmaq üçün, bir çox xəbərdarlıqlarını öz şəxsinə izafə edərək başa salırdı. Vəfatına yaxın Rövzəyə gəldi. Səhabələrini topladı. Əshabım, kimin kürəyinə vurmuşamsa, budur kürəyim, gəlsin vursun!, -dedi. “Kimin malını götürmüşəmsə, budur malım, gəlsin alsın!, buyurdu.

Demək ki, hər müsəlman bu qədər həssas olmalıdır. “Üstümdə bir qul haqqı varmı? Allahın hüzuruna necə çıxacağam? Bir səhv etdimmi, birinə haqsızlıq etdimmi?” deyə narahat olmalıdır.

Peyğəmbərimizə xidmət edən Midam adlı bir kölə vardı. Rəsulullahın yükünü boşaldarkən  haradan gəldiyi bilinməyən bir ox ölümünə səbəb oldu. Müsəlmanlar:

“- Ey Midam! Cənnət sənə mübarək olsun! Ya Rəsulallah, xidmətçinə şəhidlik mübarək olsun!”, -deyərək ona qibtə etdikdə Allah Rəsulu (s.ə.s):

“- Xeyr, elə deyil. Varlığım qüdrət əlində olan Allaha and içərəm ki, Xeybər günü qənimət malları paylaşılmadan əvvəl götürdüyü bir kilim bu dəqiqə onun üzərində alov-alov yanmaqdadır!”, -buyurdu.

Bunu eşidən müsəlmanlar çox qorxdular. Bu zaman bir nəfər bir və ya iki ayaqqabı bağı gətirdi:

“- Ya Rəsulallah! Mən də qənimət malları bölüşdürülmədən əvvəl ayaqqabılarım üçün bu bağları götürmüşdüm.” -dedi. Rəsulullah (s.ə.s):

“- Sənə də cəhənnəm atəşindən bir və ya iki bağ (yəni bunlardan ötrü əzab) var, -buyurdu. (Buxari, Eyman, 33; Müslim, İman, 183)

Xülasə, kim zərrə qədər yaxşılıq etsə və ya kim zərrə qədər pislik etsə qarşılığını görəcək.

 ZƏRGƏR TƏRƏZİSİ-ODUNÇU TƏRƏZİSİ

Ona görə Allah dostları hər hallarını böyük bir diqqətlə, sanki zərgər tərəzisi həssaslığıyla ölçüb-biçərlər. Zərgər tərəzisində milliqramlar da böyük rol oynayır. Digər insanlarsa bunu odunçu tərəzisiylə də ölçsə, yenə də xilas olmuş olarlar. Lakin bu gün vəziyyət odunçu tərəzisini də arxada qoydu. Nəfsani həyat və qəflət o qədər inkişaf etdi ki, iman həssaslıqları ortadan qalxdı.

Bir Allah dostundan “Nəfs nədir?”, -deyə soruşdular. “Gözünün önünə iki barmağını qoy, bir şey görə bilərsənmi?”, -deyə cavab verdi. Yəni tərbiyə olmamış bir nəfs insanın öz əliylə özünü kor etməsidir, öz-özünü aldatmasıdır. Çünki nəfsin mayasında faniliyə üsyan var. Nəfs faniliyi qəbul etmək istəmir. Yaşlansa da qəbul etmir.

Biz döşəməlik parça ticarətiylə məşğul ikən, bir gün mağazaya iki yaşlı qadın gəldi. Bir-birinə “qız” deyə xitab edirdilər. Yaşlarının çoxluğuna baxmayaraq “Qız, gəl buna da bax!” deyirdilər. Məktəbli gənc qızlar kimi geyinmişdilər. Nədir bu? Faniliyə üsyan edərcəsinə bir yaşayış. Gözünün önünə iki barmağını qoymaq, beləliklə də yaxınlaşan ölümü görməməkdir. Elitar mühitlərdə musalla daşı olan, qəbirisitanlıq görən yerlərdə ev qiymətləri aşağıdır. Niyə? Ölümü xatırlatdığı üçün. Tabutu görüb, ölümü düşünmək istəmir insanlar. Çünki xam nəfsdə faniliyə üsyan var. Halbuki cənazə daşıyan bir maşın keçərkən “Bu tabutun içində mən ola bilərdim…” deməliyik. Qəzali həzrətləri belə deyir: “Oğlum fərz et ki, bu gün öldün və dünyaya geri göndərildin. Əsla bu günün bir anını belə boşa keçirmə. Hər nəfəsi qiyməti ölçülməyən bir nemət bil!” Yəni bundan sonrakı həyatını ona görə tənzimlə.

Ən böyük bacarıq nəfsin qəflətini aşmaqdır…

 ŞİŞİRDİLMİŞ REKLAMLAR

Həzrət Peyğəmbər Mədinəyə hicrət etdikdə ilk növbədə qardaşlığı təsis etdi. Ondan dərhal sonra müsəlmanlarla qeyri-müsəlmanlar arasında vətəndaşlıq şərtlərini qüvvəyə mindirdi. Sonra bazara çıxdı, ticarət və qazancı tədqiq etdi. Bazarda bir satıcının yanından keçirdi. Önündəki buğda yığınının içinə əlini saldı. Yaş olduğunu hiss edib:

“- Bu nədir? deyə soruşdu. Satıcı:

“- Yağış islatdı, ey Allahın Rəsulu!”, -dedi.

Rəsulullah (s.ə.s):

“- Bu yaş qisimi üstə qoyub insanların görməsini təmin edə bilməzdinmi? Aldadan məndən deyil…” buyurdu. (Müslim, İman, 164)

Zəmanəmizdə ticarət həyatındakı aldatmaların ən başında reklamlar gəlir. Reklamlar ümumiyyətlə israfa təşviq, malı olduğundan daha üstün göstərmə, digər tərəfdən də qadının cazibədarlığını bir vitrin vəsaitinə çevirərək bu yolla ticarətinə rəvac vermə mahiyyəti aldı…

Bu da çox kədərli bir tablodur ki, zəmanəmizdə istehlak yarışı başladı. Kabab və bu kimi yeməklər vitrinə düzülməkdə, bir çox qərib, yetim və kimsəsizlərin qul haqqına girilməkdədir. Halbuki Həzrət Peyğəmbər yeməyin qoxusuyla belə qonşuya əziyyət etməyi qadağan etmişdir. Bu gün isə təəssüf ki, qoxusuyla yanaşı bir də vitrində sərgilənməsi mübah görülməyə başlandı. Bu hal isə cəmiyyətdə varlı və yoxsul arasındakı məhəbbət və güvən duyğularını zəiflətməkdədir.

Rəsulullah (s.ə.s) həyatı boyunca haqqı bərqərar etdi. Buna baxmayaraq -daha əvvəl də ifadə etdiyimiz kimi- vəfatına yaxın Məscidi-Nəbəvidə səhabələrini yığıb onlara:

“- Əshabım! Kimin kürəyinə vurmuşamsa, budur kürəyim, gəlsin vursun, kimin malını səhvən almışamsa, budur malım gəlsin alsın, -buyurdu. Beləcə, öz şəxsində bizə: “Qul haqqına riayət edin, bu dünyada halalaşın, eqoistlik edib, insanların yanında alçalacağınzıdan qorxmayın, axirətdə alçalmaq bu dünyadakı alçalmadan daha betərdir, bir sözlə nə edirsiniz edin, çalışın  axirətə qul haqqıyla getməyin! təlimatı verdi. Başqalarının haqqını yeməmək və halallaşmaq, ticari həyatın ən mühüm düsturları…

 ÖLÇÜLƏR YALNIZ ALLAH DOSTLARI ÜÇÜN DEYİL

Allah Təala: “…Təqva sahibi olun, Allah sizə öyrədər…” (əl-Bəqərə, 282) buyurur. Qurani-Kərimdə 258 yerdə müxtəlif şəkillərdə təqvadan söz açılır. Bu ilahi əmrə itaət əlbəttə, bütün möminlərin məsuliyyətidir. Lakin hər kəsin qəlbi həssaslığı fərqlidir.

İtaət məhəbbətə bağlıdır. Həqiqi məhəbbət isə iki ürək arasındakı bir cərəyan xətti kimidir. Əshabi-kiram o məhəbbət xəttini Allah Rəsulu ilə qurdu. O məhəbbətlə elə bir hala gəldi ki, Rəsulullahın ən kiçik bir arzusunu “Canım, malım Sənə fəda olsun, ya Rəsulallah!”, -deyərək yerinə yetirdi. Canını, malını Allah Rəsulu üçün fəda etməyi özü üçün bir nemət, səadət bildi. Rəsulullah (s.ə.s): “Bu təbliğ məktubunu krallara kim aparacaq?” dediyi zaman yaşından asılı olmayaraq bütün səhabələr bir ağızdan: “Ya Rəsulallah, bu şərəfi mənə ver!” deyirdilər. Halbuki kralların cəlladları qarşısında Allah Rəsulunun məktubunu oxumağa can atmaq ölümü gözə almaq idi.

Allah Rəsuluna məhəbbət bütün dünyəvi arzuları arxada qoyurdu. Məkkənin yaraşıqlı gənci Musab bin Ümeyr zəngin bir ailədən idi. Onun istifadə etdiyi ətir bütün Məkkədə dəbə çevrilərdi. Gənc qızlar onun keçdiyi yerlərə yığışardılar. Amma o, bütün bunları bir kənara qoydu. İman məhəbbətiylə bütün nəfsani rahatlıqları və imkanlarını tərk etdi.

Hz. Ömər həmin Musabı Rövzədə köhnə, yamaqlı bir libasın içində görüb özünü saxlaya bilməyib göz yaşları içində qalır. Bu necə olur? Bunun sirri Allah Rəsulunu doğru tanıya bilməkdə gizlidir. Onu ürəkdən tanıya bilmək, Onun könül iqlimindən nəsib ala bilmək və Ona can-dildən təslim ola bilməyə bağlıdır… Bu gün cəmiyyət olaraq bütün mənəvi xəstəliklərimizin təməlində Allah Rəsulunu layiqiylə tanıya bilməmək var.

Buna görə “Siyər dərsləri” çox mühüm yer tutur. Siyər xronoloji bir məlumat deyil. Hadisələrin hikmətini anlayaraq, gözümüzdən çox ürəyimizlə Siyər oxumalıyıq. Çünki Rəsulullahın həyatı oxuyanın ürəyindəki məhəbbət və istəyə görə özünü açar. İnsanın qəlbi vəziyyətinə görə halını seyr edəcəyi bir ayna kimidir.

Dövrümüzdəki xəstəliklərin bir çoxu psixoloji səbəblərdən qaynaqlanır. Qazananda da stres var, qazana bilməyəndə də. Heç əsri-səadətdə psixoloji bir xəstəlik görürükmü? “Mən stres keçirdirəm”, deyərək Allah Rəsulunun yanına gələn bir səhabə tanımırıq. Müvazinətmi itirdim deyən bir səhabə görmürük.

Bu gün Rəsulullahın tərbiyəsinə nə qədər möhtacıq? Ona ram olmağa nə qədər möhtacıq? Onun məhəbbətinə nə qədər möhtacıq? Məhəbbət sərmayəmizi yanlış yerlərdə tükətmək səki kənarlarında açıb, ayaqlar altında qalmağa məhkum bir çiçək olmaqdan fərqlənmir.

Xülasə, təqvanın yaşanması Allah Rəsuluna məhəbbətimizin artmasına bağlıdır. Səhabeyi-kiram bu sayədə mərhələ qət etdi.

“Rabitə nədir?”, -deyə soruşanlara: “Məhəbbəti canlı tutmaqdır”, deyirik. Məhəbbəti könüllərdə cılızlaşdırmamaq lazımdır. Hz. Əbu Bəkrin Peyğəmbərə olan məhəbbət, fədakarlıq və diqqəti, Onda fani olması rabitəyə ən gözəl misaldır.

Allah Rəsulu (s.ə.s) bizim ən böyük sərvətimizdir. Bizim sonsuz həyatımızı məhz O formalaşdıracaq. Nə böyük lütf. Bir Buddist camaatının içində doğulsaydıq, İslamdan uzaq qalsaydıq, bununla birlikdə bütün dünya nemətləri bizim olsaydı, nə qiymət ifadə edərdi? İnsan maddiyyatda kiçik bir şey itirdiyi zaman kədərlənir. Onu yenidən əldə edə birlək dərdində olur. Mənəvi itkilərimiz qarşısında bu narahatlığı daha dərindən keçirməliyik.

Öz-özümüzə sual verməliyik: “Nə qədər dünya, nə qədər axirət narahatlığı keçiririk? Nə qədər son nəfəs və qəbir narahatlığı keçiririk? Nə qədər qiyamət narahatlığı içindəyik? Nə qədər Allah-Təalanın qəzəbinə düçar olma qayğısı daşıyırıq?”

Faniliyə üsyan edən xam nəfs bunları düşünməyə mane olur. Qəflət pərdəsini atacaq olan isə zikrullahdır. Allah Təala: “…Qəlblər yalnız zikrullah ilə aram tapar. (ər-Rad, 28) buyurur. Zikrin də yalnız dildə deyil, eyni zamanda ürəkdə təzahür etməsi şərtdir.

Möminin qəlbi hər zaman Allah ilə necə dost ola biləcəyinin dərdində olmalıdır. İlahi kameranın altında olduğumuzu unutmamalıyıq. Bu gün adi bir dünya kamerası qarşısında rahat hərəkət edə bilməm. Çünki məni çəkir. Sabah bu görüntüləri mənim kimi fanilər seyr edəcək. O fanilərə görə özümə, hərəkətlərimə diqqət yetirirəm. Lakin ilahi kamera davamlı olaraq məni çəkir. Zamanı gəldikdə o kameranın qeydləri ortaya çıxacaq: “Oxu, kitabını (əməl dəftərini). Bu gün sən haqq-hesab çəkməyə özün-özünə (özün öz əməllərinin şahidi olmağa) kifayətsən! (əl-İsra, 14) -deyiləcək.

 ƏSAS PROBLEM QƏLBİN TƏRBİYƏSİDİR

Sərvət iki uclu bıçaq kimidir. İnsanı təqvaya yaxınlaşdıra da bilər, uzaqlaşdıra da bilər. Bu, qəlbin vəziyyətinə görə təzahür edir. Sərvəti istiqamətləndirən qəlbdir. Qəlbimiz necədirsə, pul da o istiqamətdə xərclənir. Yəni əsas problem qəlbdədir. Məhz buna görə Allah-Təala davamlı olaraq qəlb faktoruna toxunur. Axirətdə “yalnız səlim bir qəlb” ilə gələnlərin qurtulacağını bildirir. Bizi təzkiyə olmuş bir qəlbə dəvət edir.

Bir sözlə, müslümanın pulla imtahanındakı problemi də qəlbi tərbiyənin nöqsanlığından irəli gəlir. Tez-tez bizə məktub göndərirlər: “Qızım belə oldu, oğlum belə oldu…” Halbuki ata-ana olaraq sən onlara nə verdin ki, nə gözləyirsən? İlk növbədə qüsuru özümüzdə axtarmalıyıq.

Mərhum Əli Ülvi Qurucunun bir xatirəsini paylaşmaq istəyirəm: 50 il əvvəl ancaq on min adam həccə gedirmiş. Gələn zəvvar sayı az olduğu üçün digər ölkələrdən gələn hacılarla daha yaxından təmas qurmaq imkanı varmış. Ustad Əli Ülvi və yoldaşları bir gün Afrikadan gələn hacıların qafilə rəhbərləri ilə Arif Hikmət kitabxanasında oturublarmış. Həcc vəzifəlilərindən biri Afrikadan gələn bəzi hacıların ədəb qaydalarına çox diqqət yetirmədiklərini dilə gətirir. Bu zaman afrikalı hacıların karvan başçılarından biri ayağa qalxaraq; “Siz nə əmək verdiniz ki, nə gözləyirsiniz?!” –deyə sual edir. “Allah Rəsulu Afrikaya səhabəsini göndərdi, siz heç gəldinizmi? Bura gələnlər ilk dəfə məscidi burada görürlər. Onlar meşələrdə yaşayan insanlardır, gəlib bizə öyrətdinizmi?” -deyə sitəm edir.

Bu günün problemi də budur. Ata-analar övladlarına nə verdilər ki, nə gözləyirlər? Onun üçün İslamı yenidən anlamaq və izah etmək lazımdır. İslamı yaşayan ideal insana ehtiyac var bu gün. Mövlana həzrətləri məcazi bir üslubla nə gözəl misal verir: “Bir gecə çölə çıxmışdım.  Tarlada gəzirdim. Tarlada fənərlə gəzən bir adam gördüm. Ondan nə axtardığını soruşdum. Bu cavabı evrdi: “İnsan axtarıram!”. “Boş yerə özünü yorma, get yat, mən çox yoruldum onu axtarmaqdan!”, -dedim. Acı-acı mənə baxdı və “Tapa bilməyəcəyimi mən də bilirəm, amma heç olmasa onun həsrətiylə gəzirəm, onun həsrəti də mənə zövq verir”, -dedi.”

Bu gün bütün cəmiyyətlər belə ideal insanların axtarışındadırlar. Müqəddəs doğum həftəsinə həsr olunmuş proqramlarda böyük izdihamlar görürük. Bu izdihamlar da ideal insana olan həsrətdən xəbər verir…

 İŞÇİ-MÜDİR MÜNASİBƏTİ

Bu gün işçi haqları mövzusu da gündəmdəki mövzulardandır. Yəni heç bir islami həssasiyyəti olmayan bir iş adamının işçisi ilə münasibətini burada ələ almaya bilərik. Amma müsəlman bir iş adamının çalışdırdığı işçi ilə münasibətləri necə olmalıdır?

Biz daha çox kasıb və fəqir insanların halına acıyırıq. Əslində ən çox halına acınacaq insanlar işçilərinə zülm edən zalım müdirlərdir. Onların halına acımaq və doğruları başa salmaq lazımdır. Bu gün yaşanan problemlərin əksəriyyəti zalım müdirlərdən qaynaqlanır.

Bəzi müdirlər işçiyə “Mənim qapımdan çörək yeyirsən”, deyir. Halbuki bunu deməyə nə haqqı var? Üstəlik ona nə qədər çörək verir?

Rəsulullah (s.ə.s) vəfat edərkən də dönə-dönə iki məsələ üzərində dayandı. Hətta hadisəni rəvayət edən səhabə deyir ki, “Allah Rəsulunun səsi qısılmışdı, eşidilməz hala gəlmişdi, buna baxmayaraq sözlərini durmadan təkrar edirdi.”

Birincisi: Allaha qarşı qulluq vəzifəmiz olan “Namaz, namaz, namaz!”

İkincisi isə: “Əmriniz altındakıların haqqına diqqət yetirin!

Əshabi-kiram bu haqqa riayət narahatlığıyla bir çox hərb əsirini azad etdi.

Xülasə, bir müsəlman iş adamı yediyindən yedirdəcək, içdiyindən içirdəcək. İşçiləri həddən artıq yükləməyəcək. İslam bu hüququ sadəcə insanlara deyil, heyvanlara da verdi. Həzrət Peyğəmbər minik heyvanları üzərində oturmuş, söhbət edən bir neçə nəfər gördü. Onlara:

“Heyvanlarınıza onları yormadan gözəl şəkildə minin və (istifadə etmədiyiniz zaman da) yaxşı istirahət etdirin. Yolda və küçədə söhbət etmək üçün onlardan kürsü kimi istifadə etməyin (bellərində oturub uzun-uzadı söhbət etməyin). Elə minilən heyvan var ki, belinə minəndən daha xeyirlidir və Allahı ondan daha çox zikr edir. -buyurdu. (Əhməd, III, 439)

Hucurat surəsində buyurulur: “…Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır.” (əl-Hucurat, 13). Bu ayənin nazil olmasına səbəb bir kölədir. Bildiyimiz kimi o dövrdə hərb qanunlarına görə əsirlər kölə kimi satılırdı. Həmin kölə müsəlman olmuşdu. “Məni satın alacaq adamdan mənim də bir tələbim var.” demişdi. “Azan oxunduğu zaman məni sərbəst buraxacaq, gedəcəyəm, Allah Rəsulunun arxasında namaz qılacağam.” -deyirdi. Elə də oldu. Rəsulullah (s.ə.s) hər dəfə Rövzəyə girdikdə gözü, könlü o köləni axtarırdı. Bir gün kölənin sahibindən:

“- Köləni görmürəm, haraalrdadır? -deyə soruşdu.

“- Ya Rəsulallah, çox xəstədir”, cavabını alan kimi bütün səhabələri yanına çağıraraq:

“- Haydı, köləni ziyarətə gedirik, -dedi. Bir müddət sonra yenə köləni görə bilmədi. Yenə sahibindən köləsinin harada olduğunu soruşdu. Sanki belə deyirdi: – Yoxsa bir iş tapşırmısan, namaza gəlmək haqqını qəsb etmisən…

“- Ya Rəsulallah, can verir, ölüm yatağında”, -cavabını aldıqda yenə:

“- Haydı, elə isə hamımız köləni ziyarətə gedirik, -dedi. O kölə vəfat edənə qədər Rəsulullah yanından ayrılmadı. Vəfat etdikdən sonra da köləni yudurdu, dəfn edilənə qədər məzarının başında dayandı.

Məkkəlilər: “Biz imanımızı qorumaq üçün canımızı və malımızı fəda etdik, Allah Rəsulunun bu köləyə münasibəti bizdən daha çox oldu”, -dedilər. Mədinəlilər: “Biz də canımızı və malımızı Allah yolunda fəda etdik, lakin Allah Rəsulunun bu köləyə münasibəti bizdən daha çox oldu”, -dedilər. Bunun üzərinə: “…Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. (əl-Hucurat, 13) ayəsi nazil oldu. Yəni bu ayə yüksək mövqe sahibi, imkanlı bir adam üçün enmədi. Bir kölə üçün endi. Zahirən bir kölə idi, lakin həqiqətdə bir təqva sultanı idi.

Çünki o kölə qarşılıq olaraq nə istədi? Allah Rəsulu ilə birlikdən başqa heç nə. Bu birliyi nə üçün istədi? Allah Rəsulu ilə birgə səcdə edə bilmək üçün.

 YEDİYİMİZDƏN YEDİRMƏK

Həzrət Peyğəmbərin tövsiyəsi var: “yediyinizdən yedirin, içdiyinizdən içirdin. Bu nəbəvi təlimat günümüzün şərtlərinə uyğunlaşdırıla bilər. Əsri-səadətdə ehtiyatlı davranaraq kölələrə layiq olduqlarından artığı verilmiş və onların azad edilməsinə vəsilə olsun deyə belə bir şərt qoyulmuşdur. Hətta kölə sahibi olmaq bir külfət halına gəlmiş, onları azad etmək daha asan bir yol olaraq görülmüşdür. Ayrıca, aradakı sinfi ayrılığı qaldırmaq üçün də kölələri azad olanlarla evləndirmə təşəbbüsləri olmuşdur. Hətta bir çox qeyri-müsəlman kölə İslamın bu nəzakət, zərafət və incəliyi qarşısında hidayətlə şərəflənmişdir.

Tanınmış səhabələrdən Musab bin Ümeyrin müşrik qardaşı Əbu Əziz Bədirdə əsir düşmüşdü. Bütün əsirlər kimi o da bir evə verildi. Kasıb bir ev idi. Evin uşaqlarına -əsarətdən qurtuluş fidyəsi olaraq- oxuyub-yazmaq öyrədəcəkdi. O ev xalqı ən yaxşı yeməkləri uşaqlarına oxuyub-yazmaq öyrədən əsirə verər, özləri isə xurma və su ilə qarınlarını doydurardılar. Əbu Əziz “O ailə yalnız su və xurma yediyi halda mənə tapdıqları ən yaxşı yeməkləri verdikləri üçün  çox utanırdım”, -deyir, sonra sözünə belə davam edir: “Onlara dedim ki, belə etməyin. Mən də sizin kimi xurma ilə su içim, gətirdiyiniz bu ləzzətli yeməkləri uşaqlarınıza verin.” Onlar isə: “Olmaz, Allah Rəsulu bizə belə əmr etdi”, cavabını verdilər.

Bir cəmiyyətin zəngin ilə yoxsul təbəqəsi arasındakı iqtisadi fərq uçuruma çevrildiyi zaman o cəmiyyətdə hüzur və dinclik qalmaz. Buna görə zənginləri xəsis, xəsisləri də zəngin olan bir cəmiyyət çox bədbəxtdir. Buna müqabil zənginləri comərd, comərdləri də zəngin olan bir cəmiyyət isə çox bəxtiyardır.

Bu səbəblə xüsusilə də imkanlı möminlərin haqq, ədalət, qardaşlıq, yardımlaşma, infaq, yoxsulu himayə kimi İslam əxlaqına sahib olmaları zəruridir. Lakin eyni şəkildə yoxsul möminlərin də səbir, qənaət, halal ruzi arxasında qaçmaq, başqasının malına göz dikməmək, kin bəsləməmək kimi ilahi əmrlərə riayət etmələri şərtdir. Yalnız belə bir cəmiyyətdə düşmənçilik və didişmələr öz yerini sevgi və qardaşlığa verər.

 KAPİTALİST SİSTEMDƏ MÜSƏLMAN KİMİ YAŞAMAQ

Kapitalist sistemdə müsəlman kimi yaşamaq çətin olsa da mümkündür. İslamın baş qaldırdığı cahiliyyət toplumundakı iqtisadi həyat şərtləri bugünkündən daha yaxşı deyildi. Faiz, sələmçilik, zülm, yalan son həddə çatmışdı. İslam belə bir mühitdə doğulub boya-başa çatdı. Rəsulullah (s.ə.s) o şərtlər altında ticarətlə məşğul oldu. Bütün bu mənfiliklərlə mübarizə apararaq İslamın haqq və ədalət təməlləri üzərində yüksələn iqtisadi həyatının toxumlarını atdı.

Zəngini daha zəngin, kasıbı daha kasıb edən və inflyasiyaya səbəb olan faiz və sələmçilik, Əsri-səadət cəmiyyətində sıfırlandı.

Həmçinin möminlər tarix boyunca bir çox əcnəbi sistem daxilində öz iqtisadi qanunlarını davam etdirmişlər. Çünki əsil müsəlman hansı cəmiyyətdə olursa-olsun hər vəziyyətdə varlığını və iman həyəcanını qoruya bilən, eynilə bir qızıl kimi, palçığa düşsə də qiymətini itirməyən, şəxsiyyətə sahibdir.

Necə ki, qeyri-İslami sistemlərdə belə ilahi əmr və nəhylərə riayət edə bilən möminlər ətrafdakı insanlara qarşı daim bir fəzilət nümunəsi olmuşlar. Hətta bu həssaslıqlarıyla nə qədər insanın hidayətinə vəsilə olmuşlar.

Heç şübhəsiz ki, insanlar xarakter və şəxsiyyətə heyran olar, xarakter və şəxsiyyətin arxasından gedərlər. Çünki sağlam şəxsiyyətin sərgilədiyi ən kiçik hal və davranış belə, bəzən ən səlis sözlərdən daha təsirli olur. Aşağıda verəcəyimiz hadisə buna misaldır:

 İNDONEZİYA NECƏ İSLAMLAŞDI?

Könlü İslamın gözəllikləriylə yoğurulmuş, parça ticarəti ilə məşğul olan müsəlman bir tacir günlərin birində parçalarını bir gəmiyə yükləyərək İndoneziyaya gedir və orada məskunlaşaraq ticarətinə davam edir.

Gətirdiyi keyfiyyətli parçalar xalqın tələb etdiyi cinsdən idi. Özü isə qənaət sahibi bir mömin olduğu üçün: “qoy qazancım az olsun, lakin təmiz və halal olsun” düşüncəsində idi. Bu səbəblə bir malı dəyərindən baha satmağa əsla meyil etmirmiş. Qısa zamanda zəngin olmağın xəyal və ehtirasına qapılmadan həyatını davam etdirir.

İşə gec gəldiyi bir gün satıcının satdığı mallardan çox yüksək qazanc əldə etdiyini görür və aralarında bu dialoq cərəyan edir:

– Hansı parçadan satdın?

– Bu parçadan.

– Neçəyə satdın?

– On axçaya.

– Necə yəni? Beş axçalıq parçanı on axçaya necə satdın? Alan adamın haqqına girdik. Görsən tanıyarsanmı həmin adamı?

– Bəli, tanıyaram!

– Elə isə dərhal get və o müştərini tapıb bura gətir. Vaxt itirmədən onunla halallaşmalıyam.

Dəzgahdar gedir və müştərini tapıb gətirir. Dükan sahibi müştərini qarşısında görən kimi ondan halallıq istəyir və satıcının aldığı pulun artığını da müştəriyə uzadır. Müştəri isə daha əvvəl heç qarşılaşmadığı bu gözəl rəftar qarşısında böyük bir heyrət içində qalır. Öz-özünə; “Haqqını halal et!” cümləsinin mənasını anlamağa çalışır.

Bu hadisə tezliklə dildən-dilə gəzir. Çox keçmədən də kralın qulağına çatır. Nəhayət, kral parça tacirini saraya çağırtdırır və:

“- Sizin etdiyiniz bu hərəkəti daha əvvəl biz nə eşitdik, nə də gördük!.. Sizin bu halınız bizim üçün müəmma oldu. Bunu izah edərsinizmi?”, -deyə soruşur.

Tacir isə ədəblə:

“- Mən müsəlmanam. İslamda mülk Allahındır. Qul yalnız əmanətçidir. Həmçinin İslamda haqsız qazanc, faiz, istismar, gabnı-fahiş (aldatmaq surətiylə dəyərindən çox baha satmaq) və cəmiyyətin zərərinə olan bütün satışlar qadağandır. Bu alverdə isə müştərinin mənə haqqı keçmişdi. Bu səbəblə qazancıma haram qarışmışdı. Mən yalnız bir səhvi düzəltdim”, -deyərək cavab verir.

Bu cavabdan razı qalan kral:

“- İslam nədir, müsəlman olmaq üçün nə lazımdır?” kimi sualları ardarda yağdırmağa başlayır.

Tacir də bütün sualları bir-bir, şirin dillə cavablandırır.

Belə bir dinin varlığını bu vəsiləylə ilk dəfə eşidən kral, çox vaxt keçirmədən İslam ilə şərəflənir. Daha sonra qısa bir müddət ərzində xalq da müsəlman olur.

Bu gün dünya dövlətləri arasında -təxminən 250 milyonluq- ən çox müsəlman əhalisinə sahib olan İndoneziyanın İslamı qəbul etməsindəki sirr bəlkə də yalnız bu beş axçalıq parça ticarətində sərgilənən İslam əxlaqıdır. Müsəlman tacirin etdiyi isə:

İslamın şəxsiyyət və vüqarını təmsil edərək dinimizin gülər üzünü və könül iqlimini sərgiləməkdir.

 TİCARƏT ƏXLAQI SƏFƏRBƏRLİYİ

Nəticə olaraq deyə bilərik ki, qardaşlıq duyğularının zəiflədiyi, ictimai hüzur və sükunətin  olmadığı, kin və düşmənçiliyin artdığı cəmiyyətimizdə ciddi bir ticarət əxlaqı səfərbərliyinə ehtiyac var.

İnsanların maddəyə ram olduğu indiki vaxtda hər bir müsəlmanın həmişəkindən daha çox yüksək əxlaqa sahib olması, Allah qorxusuyla hərəkət edib qul haqqından çəkinməsi zəruridir.

Osman Nuri TOPBAŞ

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
GƏNCLƏRİN 3 PROBLEMİ

Gənclərlə danışdığımız zaman onların həyatında başlıca üç problemin şahidi oluruq. Bunlardan birincisi vaxtdır. Yəni var olan vaxtın düzgün qiymətləndirilməməsi.

Bağla