KİMİN QAPISINDASAN?

0

Bir adam padşahla görüşmək üçün sübh tezdən saraya yola düşür. Padşah haqqında çox gözəl bir yuxu görmüşdü. Onun çox dostyana, yaxşılıqsevər biri olduğunu bilirdi. Gördüyü yuxunu danışıb ondan bəxşiş almağı düşünürdü.

Yolda qoyunlarını otlağa çıxardan çoban dostu ilə rastlaşır. Onunla sarılıb görüşür. Çoban onun uzun yol gedəcəyini başa düşüb boğçasını açır, bir tikə qoyun pendirini lavaşa büküb verir ki, acanda yeyərsən. Evdən heç nə yemədən yola çıxan adam çobandan ayrılan kimi pendir-lavaşı endirir mədəsinə. Əllərini də gözəlcə ətəyinə silib yoluna davam edir.

Bir az sonra kəndin kənarındakı böyük fermanın yaxınlığından keçir. Mal-qarasının altını kürüyən dostunun səsini eşidir. Ayaqları mal peyininə bulaşsa da, buna fikir vermir, gedib dostu ilə görüşür.

Nəhayət, gəlib şəhərə çatır. Şəhərin kənar məhəllələrindən birində dəmirçiliklə məşğul olan dostuna salam vermədən keçib getmək olmazdı. Dəmirçi dostu dükanını bir az əvvəl açmış, körüyü var gücü ilə dayanmadan sıxırdı ki, alov tez qızışsın. İçərini his, tüstü elə bürümüşdü ki, adam gedib dəmirçi dostunu zorla tapdı. Onunla da görüşüb sarayın yolunu tutdu.

Sarayın girişinə yaxınlaşanda keşikçilər onun qabağını kəsdilər. Nə istədiyini soruşdular. Saraya girib padşahla görüşmək istədiyini deyəndə keşikçilər burunlarını tutub gülüşməyə başladılar:

– Buna bax, bu iy-qoxu, his-pas və palçıqlı-peyinli əyin-baş ilə tər-təmiz saraya girmək və padşahın ovqatını xoş etmək istəyir. Biz nəinki sənin saraya girməyinə, heç qapısının ağzını bulaşdırmağına belə icazə vermərik!

Adam nə qədər dil töksə də, keşikçilər onu nizələrinin ucu ilə itələyə-itələyə sarayın həndəvərindən uzaqlaşdırdılar. Nəhayət, adam çarəsiz halda geri döndü. Gördüyü yuxunun çin çıxdığını indi anladı: Yuxuda padşahın çirkli bir bataqlığa düşəcəyini görmüşdü. Lakin son anda padşah yolunu dəyişdirmiş və palçığa düşməkdən qurtulmuşdu.

İndi əziz, gənc dostum! Bilirəm ki, hər birimiz böyüklərimizdən bu sözləri çox eşitmişik: mən bilirəm, çox yaxşı bilirəm, hər şeyi özüm bilirəm… Yaxud: Allah özü bilən məsləhətdir, Allah bağışlayandır, Allahın rəhmi çoxdur… Daim öz bildiyinin doğru olduğuna, hər etdiyinə Allahın rəvac verdiyinə inandırılan bir nəsil həqiqətlərin axtarışına çıxa bilərmi?

Qurani-Kərimdə çox gözəl bir ifadə var: “Bəs birdən ata-babalarınız səhv bilirsə, onda necə?”

Bir zamanlar ata-babalar dünyanın öküz buynuzunun üstündə dayandığına inanardılar. Öküz buynuzu çox böyük bir fantaziya məhsuludur. Amma dünyanın gənclərin gücü ilə döndüyünü desək, məcazi olaraq daha tutarlı bir bənzətmə etmiş olarıq. Dünyanın altını üstünə gətirən bütün müharibələrin həlledici gücü gənclər deyilmi?! Altda qalan dövləti üst səviyyəyə çıxardacaq olan elmin, təhsilin əsas hədəf kütləsi gənclər deyilmi?! İstehlak çılğınlığı ilə baş döndürən kapitalizmin ağuşuna aldığı ən böyük qurban da gənclər deyilmi?! Eyni zamanda, insanlığı qaranlıqdan aydınlığa çıxarmaq üçün 23 il dayanmadan çabalayan və dünənin bədəvi dəvə çobanlarını dünyanın ən mərhəmətli zərif insanlarına, ən igid sərkərdələrinə, ən zəngin sultanlarına, ən müdrik Allah dostlarına çevirən Həzrət Muhammədin ən sadiq və fədakar dostları gənclər deyildimi?!

Sən, ey gələcəyin bitmək-tükənmək bilməyən hesabları ilə başı gicəllənən gənc dostum! Özünü hansı gənc qrupuna daha yaxın hiss edirsən? Qocalar arxaya baxıb “ah!” deyir, köçüb gedənlər “eyvah!” deyir, sən nəyin arxasınca düşmüsən? Kimin qapısına üz tutmusan?

Bir hədisdə açıqlandığı kimi: Məhşər günündə hər kəs öz ömrünün haqq-hesabının dərdi ilə dərdlənib boğulmaqda ikən, “Rəbbinə qulluq edək təmiz bir həyat içində böyüyüb boya-başa çatan gənclər Ərşin kölgəsində, Rəbbinin rizası altına yığışmışkən sən özünü harada təsəvvür edirsən?

Hər tərəf çirkab içində bataqlığa dönmüş ikən; internetdən, televiziya kanallarından, radio dalğalarından, küçə başlarından, qaranlıq tinlərdən günahlar üstünə lopa-lopa axışmaqda ikən sığına biləcəyin bir dost qapısı varmı? Əgər hələ də içində bir gələcək qayğısı yaşadırsansa;

Əlini günahlardan təmiz saxla, çünki dost ələ baxar.

Ayağını günahlardan təmiz saxla, çünki batdığın palçığın çirkab izləri daim səni ələ verər.

Qulağını günahlardan təmiz saxla, çünki beyin oradan içəri daxil olan məlumatlarla məna verər gördüklərinə.

Gözünü günahlardan təmiz saxla, çünki insanın içindən keçənləri ən tez gözləri ələ verər.

Ağzını günahlardan təmiz saxla, çünki söz ağızda ikən sənin əsirin, ağızdan çıxdıqdan sonra sən onun əsirisən. Özünü zalım, çirkin, iyrənc, utanılacaq sözlərə əsir edib dostun hüzurunda rüsvay etmə!

Ürəyini günahlardan təmiz saxla, çünki dosta təqdim edəcəyin ən gözəl hədiyyə tər-təmiz bir qəlbdir…

İndi düşün, gənc dostum! Gün gəlib sığınmaq istədiyin zaman üz tutacağın dost qapısından içəri girməyə üzün varmı?

Əziz SULTANOV

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
EVLİLİKDƏN ƏVVƏL NƏYƏ DİQQƏT ETMƏLİYİK?

Evlənmək istəyən şəxs sosial mediadakı mesajlar və paylaşdıqlarını silmək məcburiyyətində qalırsa burda hər hansı bir problem var deməkdir. Yoldaş namizədinin...

Bağla