Hz. Peyğəmbər (s.ə.s) yaşadığı cəmiyyətin əxlaq baxımından çöküş dövründə dünyaya gəlmişdi. Sözügedən dövrdə insan haqq-hüquqlarına riayət edilmir, insanlar mənfəət qarşılığında alınıb-satılır, ana və bacılarla rahatlıqla evlənilir, qız uşaqları üz qarası kimi görülür, diri-diri torpağa basdırılır və bunlara bənzər bir çox çirkin hərəkətlər cəmiyyət içində normal qarşılanırdı. Altmış üç illik ömrünün qırx ilini bu cəmiyyətdə yaşamağına baxmayaraq Hz. Peyğəmbər (s.ə.s) nümunəvi şəxsiyyətini mühafizə etmiş və hər kəs tərəfindən təqdir edilmişdi. Məhz buna görə də ona ən qəddar düşmənləri tərəfindən belə “əl-Əmin” (ən etibarlı şəxs) ləqəbi ilə xitab edilirdi. Onun nümunəvi şəxsiyyəti qarşısında ən böyük düşməni Əbu Cəhl belə: “Ey Muhamməd! Allaha and olsun ki, biz səni yalanlamırıq. Sən bizə görə sadiq, etibarlı və doğru bir şəxssən. Ancaq biz sənin gətirdiyini yalanlıyırıq”, – demək məcburiyyətində qalmışdı.
Peyğəmbərlik verildikdən sonra da yaşadığı cəmiyyəti hərtərəfli inkişaf etdirməklə yanaşı, Hz. Muhamməd (s.ə.s) qiyamətə qədər lazım olan bütün əxlaqi ehtiyacları da qarşılayan nümunəvi şəxsiyyət profili sərgiləmişdir. Çünki o, gözəl əxlaqı tamamlamaq üçün göndərilmişdir. Əxlaqa və əxlaqlı olmağa o qədər əhəmiyyət vermişdir ki, gecə namaz qılıb gündüz oruc tutanlarla gözəl əxlaqlı olanları eyni səviyyədə tutmuşdur. Onun gözəl əxlaqı nəinki müsəlmanlar tərəfindən, hətta qeyri-müsəlmanlar tərəfindən də heyranlıqla qarşılanmış və təqdir edilmişdir. Məsələn, keçən əsrin ortalarında Hollandiyanın Lahey vilayətində toplaşan elm adamları dünyaya yön verən yüz böyük şəxsiyyəti müəyyənləşdirirdi. Hamısı xristian olan seçicilər birinci yeri Hz. Muhammədə vermək məcburiyyətində qalmışdı. Göründüyü kimi, əsl fəzilət inanmayanlar tərəfindən də şəxsiyyəti təqdir olunan adam ola bilməkdədir. Xülasə, Hz. Peyğəmbərin (s.ə.s) həyatı qiyamətə qədər gələcək bütün nəsillərə örnəkdir. Odur ki, kapitalizmin hökm sürdüyü və əxlaqi dəyərlərin bir kənara atılaraq hər şeyin maddiyyatdan ibarət olduğu fikri insanlara aşılanmağa çalışılan dövrümüzdə, hər zaman olduğu kimi, Hz. Peyğəmbərin tanınması, tanıdılması və əxlaqi keyfiyyətlərinin insanlara düzgün çatdırılması önəm kəsb edir.
Dünyanın ehtiyacı olan əxlaqi keyfiyyətlərin ən önəmlilərindən biri qayğıkeşlikdir. Dünyada cərəyan edən anti-islam aksiyalarına qarşı veriləcək ən gözəl cavab müsəlmanların ruh birliyinə sahib çıxmasıdır. Odur ki, “Qonşusu aç ikən tox yatan bizdən deyil”, “Möminlər öz aralarındakı mərhəmətdə, yardımlaşmada bir vücud kimidir. Əgər bədənin bir orqanı ağrıyarsa, vücudunun qalan qismi də yuxusuzluq və qızdırma ilə o orqan üçün bir-birini çağırar”, – hədislərini bir daha gündəmimizə alıb həyatımıza tətbiq etməliyik. Şəms Təbrizinin tələbəsi Mövlanaya dediyi kimi: “Dünyada üşüyən bir nəfər belə varsa, sənin isinməyə haqqın yoxdur” düsturunu həyatımıza yansıtmalıyıq.
Mənfəət üzərinə qurulan münasibətlərdə gözardı edilən xüsusiyyətlərdən biri də əfv edicilikdir. Allah əfv edəndir və bağışlayanları sevir. Nəfsi istəklər ön planda olduğuna görə nəfsə ağır gələn hər bir davranış üçün qisas almaq normal davranış halına çevrilmişdir. Halbuki Hz. Peyğəmbərin (s.ə.s) həyatına nəzər saldıqda görürük ki, nəfsi üçün heç bir zaman qisas tətbiq etməmişdir. Məsələn, Əmisi Hz. Həmzəni şəhid edib ciyərlərini sökən Vəhşini belə əfv etmiş və qisas almamışdır. Çünki o, aləmlərə rəhmət olaraq göndərilmişdir. Biz də rəhmət peyğəmbərinin ümməti olaraq onun əfv ediciliyini və mərhəmətini özümüzə nümunə götürməliyik.
Təkkəbürlük və göstəriş günümüzdə insanların ən seçkin xüsusiyyətinə çevrilmişdir. Halbuki dinimiz qəlbində zərrə qədər təkəbbürlük olanın cənnətə girməyəcəyini bildirir. Hz. Peyğəmbər həmişə özü haqqında “Mən də sizin kimi bir insanam. Mənə sadəcə vəhy olunur…” (əl-Kəhf, 110) deyərək təvazökarlıq göstərmişdir. “…Yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir” (Loğman, 18) ayəsi gündəlik həyatımıza nə qədər təsir edir? Lovğalanaraq geyinənlərin qiyamət günündə rəzalət libasını geyinəcəklərini Peyğəmbərimiz (s.ə.s) belə ifadə edir: “Bir şəxs dünyada şöhrət üçün paltar geyərsə, Allah-Təala ona qiyamət günündə zəlillik libasını geydirər”. (İbn Macə) Biz təkəbbür edən deyil “lə fəxra” (heç bir şeydə fəxr yoxdur, hər şey Allahın lütfüdür) deyən bir peyğəmbərin ümmətiyik.
Qadınlara şiddətin gündəmdə olduğu dövrümüzdə Hz. Peyğəmbərin qadınlara qarşı göstərdiyi nəzakətə bütün dünyanın ehtiyacı var. Heysiyyət və ləyaqətlərinin alçaldığı cahiliyyət dövründə Hz. Peyğəmbərin əmri ilə qadınların haqq və hüquqları təsis edilmişdi. “Cənnət anaların ayaqları altındadır”, –deyərək qadına layiq olduğu dəyər verilmişdi. Qadın cəmiyyətin memarı olaraq görülməli və bu düşüncə ilə yetişdirilməlidir.
Hər kəs bəşəri kamillikdə Hz. Muhamməd ola bilməsə də, qabiliyyəti və gücü nisbətində “kiçik Muhamməd” ola bilər. Hər bir müsəlman “muhammədi-əxlaq”a bürünməli və dünyaya bu əxlaqı əyani şəkildə göstərməlidir.
RÜFƏT ŞİRİNOV