QURTULUŞ CARÇILARI

0

Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur:

“Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqq-ədalətlə boyun qoyaraq (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər. (Ali-İmran 18 )

İlahi mərifəti qəlb aləminin bahabiçilməz sərmayəsi halına gətirmək yalnız bu sərmayənin qazanılması yollarına bələd olan peyğəmbərlərin tərifi imkansız olan tərbiyə  nuruna bürünməklə mümkündür. Həyat ilə ölüm arasında bəzən qısa, bəzən də uzun olan ömür səhifələrini ilahi mərifətin tükənmək bilməyən mənəvi naxışları ilə bəzəmək, insanın mənəvi təkamülünə qarşı cəbhə tutmuş cəhalət mühitinin  əridilərək yox edilməsi  ilə əldə edilə bilər. Təəssüflə qeyd edilməsi yerinə düşərdi ki, bu mühitin insan  mənliyini bəsləyən təbiəti xəyalı da olsa cazibə gücünə görə əbədi, əzabdan qurtuluş yollarını qapadacaq bir hiyləgərliyə malikdir. Məhz Allah (c.c) iman edən və ilahi muradla qəlblərinə elm və hidayət nuru verilən Adəm övladlarının bəşəriyyətə yönələn qurtuluş çağırışları, Allahı (c.c) tanıma mərifətindən yoxsul olan hər bir qəlbi özünə ram edəcək və əbədi səadətin yollarına istiqamətləndirəcək ölçüdədir. Əmirəl-möminin Hz. Əlinin: “Qəlbini  öyüdlə yaşat və hikmətlə də aydınlat” deyə ilahi mərifətə nail olmağa dəvət edən ifadələri insanlıq qarşısında inanılmaz bir qulluq üfüqü açır. Hz. Əlinin rəbbimizin nəzərində olan mövqeyini dilə gətirən Allah Rəsulu bununla ümmətini dərin bir təfəkkür və əməli yanaşma tərzinə səsləyir: “Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır. Kim elm istəyirsə, elmin qapısına getsin”.

   “Mən müjdələyənəm, Əli isə yol göstərəndir. Ey Əli! Doğru yolda olanlar sənin yolunda gedənlərdir”.

   Yuxarıda qeyd etdiyimiz Ali-İmran surəsinin 18-ci ayəsini də səslənən məqamları həyatına tətbiq edən Hz. Əli ümmətə yönələn nəsihətlərində haqq və ədalətdən ayrılmayan misilsiz bir elim sahibi kimi bizləri xəlq edən Allahdan başqa heç bir tanrının olmadığının və Muhəmməd əleyhissalamınn Onun qulu və Rəsulu olduğunun vurğulamağı özünün ən ümdə vəzifəsi hesab edirdi:

   “Bütün həmdlər Allaha (c.c) məxsusdur. Onu ucaldaraq Ondan yardım istəyirəm. Mən Ona iman etməklə bərabər Ona güvənirəm. Şəriki olmayan Allahdan (c.c) başqa heç bir ilahın olmadığına və Muhəmmədin (s.ə.s) Onun qulu və Rəsulu olduğuna şahidlik edirəm. Allah (c.c) Rəsulunu ən doğru yol və haqq dinlə göndərdik ki, sizi qəflətindən oyandırsın”.

Canından artıq sevdiyi Allah Rəsulunu və insanlıq tarixinin əmsalsız incilərindən olan mübarək səhabə toplumunun qədir qiymətini cox gözəl anlayan  Hz. Əlinin bu məqamları, özünə məxsus bir dərinlik ərz edir:

“Bir gün Kufədə sübh namazını qıldıran Hz. Əli yaxınları ilə birlikdə kədərli halda oturmuşdu. Ətrafındakıları bir təlaş bürümüşdü: – Görəsən, xəlifəyə nə olub? Başına toplanaraq ətrafında diz çökdülər. Hz. Əlinin şəxsiyyətinə bəslədikləri ehtiramdan dolayı səslərini çıxartmırdılar. Günəş məscidin içini işıqlandırınca  Hz. Əli ayağa qalxdı və iki rükət namaz qaldı. Üzüntüdən saralıb solmuşdu. Bunları söyləməyə başladı.

“Allaha (c.c) and olsun ki, mən Muhəmməd əleyhissalamın əshabını gördüm. Ancaq bu gün onlara bənzəyən kimsəni tapa bilmirəm. Şübhəsiz ki, onlar səhərə yetişdiklərində gözlərində gecənin aydınlıq izləri olurdu. Gecələrini Allah üçün səcdədə keçirirdilər. İlahi kəlamı oxuyaraq bəzən ayaqları üzərində növbələşərək qulluqla sabahlayırdılar.  Allahı (c.c) zikr etdiklərində fırtınalı gündə ağacın sarsıldığı kimi sarsılır və paltarları islanıncaya qədər göz yaşı tökərdilər”.

Aləmlərin rəbbi olan Uca Allahın qulluq dairəsinə daxil etdiyi insanlar üçün təyin etdiyi məsuliyyət cizgiləri Qurani-Kərimdə ətraflı şəkildə tanıdılmaqdadır:

“Möminlər yalnız o kəslərdir ki, Allahın (c.c) adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar. Onlar  ancaq öz Rəblərinə təvəkkül edər, namaz qılar və verdiyimiz ruzidən (Allah yolunda  sərf edərlər. Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları bağışlama və tükənməz ruzi gözləyir.” (əl-Ənfal 2, 4)

İlahi kəlamdan aldığımız və həqiqi möminlər üçün təyin edilmiş qulluq məsuliyyətini  səhabə toplumu kimi onlara bənzəyərək yerinə yetirmək təsəvvürünü mümkünsüz olan bir bəxtəvərlikdir. Böyük İslam alimlərindən Musa Topbaş əfəndinin mənalı nəsihəti burada necə də yerində səslənir:

“Haqq-Təala bizə nəyi əmr etdisə, onu sevə-sevə yeriə yetirəcəyik. Haqq-Təala nəyi yasaq etdisə, ondan da sevə-sevə qaçacağıq. Səhabə toplumunun dərəcələri yüksək idi. Onlar şəriətin əmr və qadağalarını hərfinədək qətiyyətlə yerinə yetirmişdilər. Bunun üçün səhabələrin Rəblərinin nəzərindəki dərəcələri Allahın ən böyük vəli qullarının  dərəcəsindən üstün olmuşdur”.

Mübariz ƏLİOĞLU

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÖMİN VƏ DÜNYA -1-

DÜNYAYA GƏLİŞ SİRRİ: ÇALIŞMAQ Allah-Təala Özünü mərifətullah ilə tanıması və layiqincə ibadət, yəni qulluq etməsi üçün insanı yaratdı.

Bağla