CƏMİYYƏTİN İSLAMI – İSLAMIN CƏMİYYƏTİ

0

Nəsillər sürətlə inkişaf edir, böyüyür. Zaman sürətlə axır. İnsan ömrü nədir ki? Bir il, beş il, on il, əlli, altmış və yetmiş… Həyat bitir.

İslamın təməl əsasları deyə ifadə edilə biləcək mənbələr; başda Quran və Sünnədir. İslam alimlərinin ictihadları və cəmiyyətin adət-ənənəsi bu iki mənbədən sonra gəlir. Bunların hamısı bir dəyər ifadə edir. Hər nəslin özündən sonrakı nəslə buraxdığı bu əsas dəyərləri qəbul edən nəsil həmin dəyərləri qorumaqla və eyni həssaslıqla özündən sonrakı nəsillərə çatdırmaqla məsuldur.

Quran islami mənbələrdə ən əhəmiyyətli amildir. Rəbbimiz o kitabda biz müsəlmanlara əsas prinsipləri bildirir. İman, ibadət, ictimai münasibətlər və digər mövzularda hökmlər qoyur.

Həmçinin Allah müxatəbləri tərəfindən Quranın başa düşülməsi və tətbiq oluna bilməsi üçün insanlara öz içlərindən seçib vəzifələndirdiyi Peyğəmbərlər göndərir. Peyğəmbərlərin ifadələri də öz arzu və istəkləri ilə olmadığı üçün Quranın bir növ təfsiri və şərhi olaraq qiymətləndirilir. Bu baxımdan Rəsulullahın hər sözü və hər hərəkəti bir ölçü və prinsipdir.

Bu iki əsas mənbənin rəhbərliyi altında zamanın və cəmiyyətin ehtiyacları diqqətə alınaraq ifadə edilən digər prinsiplər isə İslam alimlərinin, fəqihlərin, təfsirçilərin, mühəddislərin gəldikləri nəticələrdir ki, bu da İslam cəmiyyətinin istiqamətini müəyyən etməkdə əhəmiyyətli yerə malikdir.

Gəlin yuxarıdakı əsas ölçülər ətrafında yaşadığımız cəmiyyətə, öz cəmiyyətimizə baxaq. Hətta çərçivəni bir az daha genişlədək, dünya müsəlmanlarının İslam cəmiyyəti olma yolundakı vəziyyətlərinə qısaca nəzər salaq:

Şübhəsiz ki, bütün zamanların ən müstəsna birliyi əshabi-kiram və ən müstəsna zaman dilimi olan əsri-səadətdir. Dolayısı ilə, dəyərləndirməmizi bu müqəddəs zaman və o gözəl insanları ölçü alaraq edəcəyik. Çünki həmin cəmiyyətin içində Allahın Elçisi vardı. Və o, vəhyin işığında ətrafındakılardan başlayaraq həmin cəmiyyəti canlandırırdı. Peyğəmbərimiz İslam təbliğinə bir fərd olaraq başladı. Həyat yoldaşına izah etdi, ailəsinə izah etdi, ən yaxın qohumlarına izah etdi. Bütün bu təbliğ fəaliyyətləri İslamın istədiyi cəmiyyəti meydana gətirmə səyləri idi.

Bəs yaxşı, İslam necə cəmiyyət istəyirdi?

İslamın necə bir cəmiyyət istədiyini Peyğəmbərimizin ətrafındakı insanlara təbliğində nümayiş etdirdiyi əhəmiyyət dərəcəsinə görə mövzulara yanaşmasındakı ölçülərdən anlaya bilərik. 

İlk öncə Tövhid.  Xarici və daxili bütün şirklərdən, inkarlardan uzaq olan, həm fərd, həm də cəmiyyət olaraq xeyirli bir birlik olma təşəbbüsündə olan bir cəmiyyət.

İkincisi, qohuma yaxınlıq, yetimlərə diqqət, kimsəsizlərə qayğı göstərən, yəni ədalət hisslərinə hakim bir cəmiyyət.

Üçüncüsü isə, ibadətində, ictimai münasibətlərdə və bütün həyatında Allahın qoyduğu ölçüləri nəzərə alan, hər şeyə o prizmadan baxa bilən fərdlərin meydana gətirdiyi bir cəmiyyət.

İslamın əhyası insanın batinindən zahirinə doğru bir əhyadır. İslam cəmiyyəti formalaşdırarkən əvvəl fərddən başlayır. Fərdlərin mənəvi inkişafı cəmiyyəti birbaşa maraqlandırır.

Məhz əsri-səadət cəmiyyətinin memarı olan Peyğəmbərimiz belə bir model cəmiyyət ortaya çıxarmaq üçün Quranın, dolayısı ilə, Allah-Təalanın istədiyi istiqamətdə düz 23 il ilmə-ilmə toxudu, işlədi.

Nəticədə dünya tarixində misli görülməmiş nümunə insanlar, nümunə həyatlar və nümunə bir sistem ortaya çıxdı.

Bir anlıq yaşadığımız dövrə nəzər salaq.

Cəmiyyət istifadə etdiyi gerçək mənbələri alt-üst etsə, tərkibi dəyişər. İstiqamətini itirər. Cəmiyyətin yolunu azması fərdlərin yoldan çıxması kimi olmaz. Çünki cəmiyyətdə bir dəyərlər toplusu var. O dəyərlər toplusunu əksər hallarda din, bəzən də adət-ənənə meydana gətirir. Məsələn, bir insan təkbaşına bir xəta edər, lakin həmin xətanı cəmiyyət içində bir sıra dəyər anlayışlarına görə edə bilməz. Məhz cəmiyyətin belə bir özünənəzarət mexanizmi var.

Ona görə bir cəmiyyətdə aqil insanların, ideoloqların və daha açıq ifadə ilə həqiqi İslam alimlərinin azlığı və ya yoxluğu həmin cəmiyyətin özbaşına bir İslam anlayışı meydana gətirməsinə, hətta istiqamətini itirməsinə səbəb olar.

Müasir dövrdə bir sıra insanlar İslamı Quran və Sünnənin xaricində fərqli mənbə və ya görüşlərin təsirində axtarır, bəzən özlərinə görə yeni şərhlər gətirir və yeni bir din icad edirlər. Bu yeni icadlar bəzən bir qrupun fikiri olur, bəzən də bir insanın fikirləri ola bilir.

Dini sahədə söz söyləyən insan və ya təşkilatların ilham aldığı mənbələr həyati əhəmiyyətə malikdir. Çünki cəmiyyətin din qəbulu o insan və ya təşkilatların bəyanlarına görə formalaşır. “Alim” sifəti ilə cəmiyyət həyatına istiqamət verən şəxslərin istiqamətdən ayrılması “Alimin ölümü aləmin ölümü kimidir” sözü ilə izah edilə bilər.

Buna görə, başda “din xadimi” adı ilə fəaliyyət göstərənlər olmaqla, ilahiyyat sahəsində hər kim söz sahibidirsə, onların məsuliyyəti hər kəsdən çoxdur.

İlahiyyat müəllimi dərsdə, imam məscidə, Quran müəllimi Quran kurslarında, islami şüur sahibi insan məhəlləsində, binasında İslamın əsas fəlsəfəsini idrak etdirəcək və cəmiyyətdə var olan yanlış düşüncə tərzinin ortadan qalxması üçün əlindən gələni etməlidir.

SALİH ZEKİ MERİÇ

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ƏMANƏT DUYĞUSU

Əmin insan olmaq başqalarının sənə hər şeylərini etibar edə biləcəyi şəxs olmaqdır.  Sözün əsl mənasında isə insanın sahib olduğu mövqe,...

Bağla