DƏRVİŞİN MƏQAMI

0

Gəmidə bir dərviş vardı, əsl ərənlərdən idi. Səyahət əsnasında bir kisə qızıl itdi, orada olan hər kəsi axtararkən, bir nəfər dərvişi göstərərək:

– Bu yatan yoxsulu da axtaraq,- dedi. Onu da oyandırdılar :

– Bu gəmidə bir kisə qızıl itdi. Hər kəsi axtarırıq, səni də axtaracağıq , başqa çıxış yolu yoxdur. Haydı, cübbəni çıxart, heç kimin şübhəsi qalmasın,- dedilər.

Dərviş :

– Ya Rəbbi, bu alçaq insanlar qulunu töhmət altında qoyurlar, fərmanını yetir,- dedi.

Dərvişin könlü hüznlənən kimi dənizin hər tərəfindən yüz minlərlə balıq başını çıxardı. Hamısının ağızında bir inci vardı… Hər biri ilə az qala bir məmləkəti doyurmaq olardı. Əlbəttə… Haqqın göndərdiyi misilsiz olmalıdır. Dərviş bir neçəsini götürüb gəmiyə atdı. Sonra da yüksəldi, havada padşahlar kimi taxt üstünə bardaş qurub oturdu, belə dedi:

– Gedin, gedin, görək bu ayrılıqdan kim zərər çəkəcək? Gəmi sizin olsun, Haqq mənim. Yoxsul biri sizinlə birlikdə ola bilməz, elə deyilmi? Mənim üçün xoşdur; Haqla cüt, xalqdan tək!.. O,  nə məni oğurluqla töhmət altına alar, nə də yaxamı bir qeybətçiyə verər.

Gəmidəkilər dedilər:

– Ey ulu insan, sənə bu uca məqamı necə verdilər?

Dərviş belə dedi:

– Yoxsulu zənn altında buraxmaq, xor və alçaq bir şey üçün Haqqı incitmək üzündən!!!… Haşa, buna görə deyil. Ululara təzim etdiyimdəndir… Çünki yoxsullar haqqında əsla sui-zənnə qapılmadım. Haqlarında “Əbəsə” surəsi nazil olmuşdur. Yoxsulun yoxsulluğu dünyalıq üçün deyil. Haqdan başqa heç nələri olmadığı üçün onlar da yoxluğu, yoxsulluğu mənimsəmişlər.

SİÇAN  İLƏ  DƏVƏ

Çox qədimdən, özünü bəyənmiş ərköyün bir siçan ilə ağıllı və təvazökar bir dəvə yaşayırdı.

Bir gün qarşılaşıb yoldaş oldular.

Siçan:

– Sənə bələdçilik etməliyəm!- dedi. Ovsarından çəkib istədiyim yerə aparmalıyam!..

Dəvə yoldaşının həyasız təklifinə razı oldu. Bir müddət getdikdən sonra kiçik bir dərə kənarına çatdılar.

Dəvənin diz qapaqlarına belə çatmayan su siçan üçün ucsuz-bucaqsız bir dəniz kimi idi…

– Mən buradan keçə bilməm,- deyə qorxuyla pıçıldadı…

Dəvə: Nə gözləyirsən?- dedi. Bələdçi öndən gedər, gir görək suya…

– Amma… deyə siçan kəkələdi,- görmürsənmi su çox dərindir?

– Harası dərindir? Topuqdan yuxarı çıxmır heç…

Siçan xəcalətli olmuş, boyundan böyük işlərə girişdiyi üçün qıpqırmızı kəsilmişdi…

– Sizin üçün kiçik, amma mənə görə çox böyük göldür,- deyə inlədi. Mən artıq bələdçi olmaqdan imtina edirəm. Kaş ki daha əvvəldən düşünəydim, boyumdan böyük işlərə girişməyəydim.

Dəvə mülayim səs tonu ilə: Bəli,- dedi, -hər kəs öz həddini bilməli və əsla qürura qapılmamalıdır…

İBRƏTLƏR

Zəhmət Buyurdunuz, ya Rəsulallah!

Bir türk zabiti şiddətli döyüş əsnasında ağır yaralanaraq qanlar içində yerə sərilmişdi. Yanında bir neçə əsgər vardır, yaralarından qan fışqırır, son anlarını yaşayırdı. Birdən:

– Məni ayağa qaldırın, dedi.

Əsgərlər şəhidliklə şərəflənmiş sevimli komandirlərinin bu son arzusunu yerinə yetirirlər, macalsız bədəninin qollarına girərər ayağa qaldırırlar.

Mübarək şəhid güclə eşidiləcək səslə kəlmeyi-şəhadət gətirir və sonra:

– Zəhmət buyurdunuz, ya Rəsulallah!- deyərək son nəfəsini verir.

Qarşılıq verilməzsə, zalımın rəqibi şəxsən Allahdır!

Ərzurumun böyük vəlisi İbrahim Haqqı (q.s) həzrətlərini uşaq ikən yetişdirməsi üçün İsmayıl Fakirullah həzrətlərinə tapşırırlar. Yaxşı tərbiyə alması üçün uşaqlığının mühüm bir mərhələsini Fakirullah həzrətlərinin yanında keçirən İbrahim Haqqı həzrətləri bir gün əlinə aldığı bir kuzə ilə bulağa gedir, doldurarkən oraya gələn bir atlı:

– Çəkil önümdən, ay uşaq!- deyə İbrahim Haqqı həzrətlərini danlayaraq atını bulağa sürür. O da kuzəsini götürüb bir kənara çəkilməyə çalışarkən atını mahmızlayan adam onu bir küncə sıxışdırır. İbrahim Haqqı kuzəsini atıb özünü qurtarmaq məcburiyyətində qalır… Bu əsnada at da tapdalayaraq kuzəni qırır. Kiçik İbrahim ağlayaraq ustadının hüzuruna  gəlir və:

– Bulaqdan su götürərkən atlı bir adam atını üstümə sürdü. Özümü qurtarmağa çalışarkən kuzəmi də qırdı!- deyir. Ustadı soruşur:

– Kuzəni qıran atlıya sən bir şey söylədinmi?

– Xeyr, heç nə söyləmədim.

– Tez get və o adama bir-iki söz söylə!

İbrahim Haqqı həzrətləri gedib bulağın başında atını tumarlayan adamın yanına çatıb gözləyir. Lakin heç cür tərbiyəsini pozub ona:

– Kuzəmi niyə qırdın, zalım adam?- deyə bilmir.

Geri qayıdanda ustadı Fakirullah həzrətləri soruşur:

– Ona nə isə deyə bildinmi?

– Söyləyə bilmədim, əfəndim, niyyətləndim, lakin heç cür ağır bir söz sərf edə bilmədim! Ustadı yüksək səslə qışqırır:

– Sənə deyirəm, tez get və o adama nə isə söylə, etdiyinin əvəzində bir şey de! Yoxsa sonu fəlakət olacaq!..

İbrahim Haqqı həzrətləri bu dəfə qərarını verərək qaçıb bulağın başına gəlir. Bir də görür ki, kuzəsini qıran adamın atı sahibini tapdalayıb öldürüb! Qaçaraq gəlib, İsmayıl Fakirullah həzrətlərinə bu dəhşətli mənzərəni çatdırır. Müəllimi buna kədərlənərək:

– Vay-vay! Bir kuzəyə bir adam! Kədərləndim doğrusu!- dedi. Hüzurdakılar bundan bir şey anlamadıqlarını söylədikdə, böyük vəli belə izah etdi: “O atlı İbrahim Haqqıya zülm etdi. Zülmə uğrayan da bir sözlə də olsa cavab vermədi, zalımı Allaha həvalə etmiş oldu. Allah-Təala da zalımı cəzalandırdı. Əgər İbrahim Haqqı da onun zülmünə cavab verib, ona nə isə söyləsəydi, ödəşmiş olacaqdılar. Lakin İbrahim tamamilə məzlum oldu. Mənsə tərəfləri bərabərləşdirməyə çalışsam da buna nail ola bilmədim!

KAMRAN MƏMMƏDOV

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ÖMÜR BİR “AN”-DIR…

İnsan oğlunun bəlkə də əlindəki ən qiymətli xəzinəsi - axirəti üçün qazanc sayıla biləcək bir sərmayə qoya bilməsi üçün -...

Bağla