BİR FİDAN ƏKDİK…

0

Dünyaya imtahan üçün gələn insan oğlunun sınaqlarından biri və bəlkə də ən mühümü Allah-Təalanın ona lütf etdiyi övladıdır.

 Qurani-Kərimdə:

 “Mallarınız və uşaqlarınız sizin üçün bir imtahandır” (əl-Ənfal, 28)

buyurulmaqdadır. Əmanət o qədər qiymətlidir ki, tərtəmiz şəkildə təslim edildiyi ata-ananın əbədi səadətinə də, əbədi xüsranına da səbəb ola bilir.

Hədisi-şərifdə İslam fitrəti üzrə, tərtəmiz yaradıldıqları bildirilən uşaqların valideynləri vasitəsilə bu fitrət təmizliyini ya qoruduqları, ya da itirdikləri bildirilməkdədir. Bu səbəblə ata-ananın rolu çox mühümdür və ilahi xəbərdarlıq açıq-aşkar ortadadır:

“Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan cəhənnəmdən qoruyun! (ət-Təhrim, 6)

Hər şeydən əvvəl uşaq çox sevilməli, ona əhəmiyyət verilməli və bu da ona hiss etdirilməlidir. Uşağın sevdiklərinin əhəmiyyət göstərdiyi şeylər təbii olaraq onun da sevgisini qazanır. Fitri tərbiyə budur və insanı yormaz.

Pedaqoqlar uşağın xarakterinin erkən yaşlarda formalaşdığını deyirlər. Uşağın bu dövrdə hissi, zehni, sosial və dil inkişafı kimi bütün xüsusiyyətləri göz önündə tutulmalıdır.

Uşaq kiçik yaşlarından etibarən ətrafındakıları təqlid edərək həyata başlayar. Təqlid etdiyi şeylər nə qədər gözəl və İslami olarsa, sahib olacağı vərdişlər də o qədər gözəl və İslami həyat tərzinə uyğun olar.

Allah və Peyğəmbər sevgisi müxtəlif yollarla uşağın qəlbinə daha kiçik yaşlarda yerləşdirilməlidir. Bunu təmin etmək üçün onun anlaya biləcəyi tərzdə Peyğəmbərimizin həyatından nümunələr verilməlidir. Əshabi-kiramın və Allah dostlarının Allaha və Rəsuluna qarşı duyduqları dastani məhəbbətin nümunələri anladılmalıdır. Bunlar uşağın ruhunda dərin izlər qoyur. Əslində, bəlkə də ilk təlqin dünyaya göz açan körpənin adı qoyularkən qulağına oxunan azan və iqamədir.

Uşaq tərbiyəsinin ən əsas və kəsə yolu yaxşı bir nümunə olmaqdır. Bu baxımdan ata-ananın gözəl bir İslami şüura sahib olması, mənəvi söhbətlərlə özlərini yetişdirmələri, qısaca, ailənin İslami bir həyat yaşaması uşağın yetişməsində ən təsirli ünsürdür. Gözəl örnək olmadan ondan gözəl örnək olmasını istəmək doğru olmaz.

Yatan adamın son sözləri yuxu içində böyük əhəmiyyət daşıyır. İmanımızı təsdiq edərək, bağlılığımızı təzələyərək yuxuya dalmaq Rəsulullahın sünnəsidir. Uşaq yatmaq üçün uzandığı zaman sevgi ilə yanında ilahilər və salavatlar oxunmalıdır. Beləliklə, oyandığı zaman yatarkən eşitdiklərini hiss edərək oyanar. Onu yuxudan oyadarkən də bu cür oyatmaq lazımdır. Bu səfər gün uzunu dilində və qəlbində eyni tərənnümlər qalar. Onun görəcəyi şəkildə namaz qılınmalıdır. Hətta səsli qılınacaq namazlarda surələri onun duya biləcəyi şəkildə səsli oxumaq daha məqsədyönlüdür. Uşağın beyni özü də fərqində olmadan oxunanları zehninin ən dərinliklərində mühafizə edər.

Yanında Qurani-Kərim oxumağa diqqət yetirilməlidir. İmkan daxilində, hər səhər günəş doğmadan səsli Quran oxunmalıdır. Uşaqlar Quran səsiylə oyanmalı və bu səs onlar üçün hər səhər eşidəcəkləri ən təbii səsə çevrilməlidir. Erkən yaşlardan etibarən (mütəxəssislər ilk altı ilin mühüm olduğunu deyirlər) ona Qurani-Kərim oxumağı öyrətməli, dinin fərz və vaciblərini həyata keçirmələri təmin edilməlidir. Uşaq yeddi yaşdan etibarən artıq atası və anası ilə birlikdə namaza başlamalıdır.

Bir az anlaya biləcəyi yaşa gəldiyi zaman şəxsiyyət və xarakterini formalaşdırmaq üçün saleh insanların söhbətlərinə aparmaqda fayda var və hətta bu addımı atmaq zəruridir. “Hələ tezdir” deyərək onları mənəvi söhbətlərdən məhrum etmək mənəvi tərbiyənin arxa plana atıldığı günümüzdə ən böyük xətalardandır. Əlbəttə ki, uşaqlara söhbət edəcək adamın da uşaq psixologiyasından xəbərdar olması lazımdır. Bu xüsusda ən gözəl nümunə Həzrət Məhəmməddir. O, özünə əmanət edilən azyaşlı Həzrət Əlini, Ənəs bin Maliki necə yetişdirdi? Onların ürəyinə gedən damarıı necə tutdu? Hansı tərbiyə metodundan istifadə etdi?

İmam Malik həzrətləri valideynlərə nümunə olacaq tərbiyə metodlarından birini belə ifadə edir:

“Mən hər dəfə bir hədis əzbərlədiyim zaman atam mənə hədiyyə verirdi. Sonra elə oldu ki, atam mənə hədiyyə verməsə də hədis əzbərləmək məndə bir ləzzət halına gəldi.”

Uşaqlar yaxşı bir iş gördükdə onları hədiyyə ilə mükafatlandıraraq o davranışın vərdiş halına gəlməsinə yardımçı olmalıyıq. Bunun əksinə, səhv iş gördükləri zaman da gözardı edilməməli, lazımi xəbərdarlıqlarla şəxsiyyətlərinin düzgün formalaşmasına çalışılmalıdır.

Oxuduğu kitablar mütləq ata-anasının nəzarəti ilə seçilməli, körpə beyninə ləkə düşməməsinə diqqət edilməlidir. İslami tərbiyədən uzaq, əxlaqsızlığa sürükləyən və ya fərqində olmadan, səhv dini inancları uşağa sevdirən kitablardan, dava-dalaşlı filmlərdən kənar tutulmalıdırlar. Bunun əvəzinə, milli qəhrəmanlıq dastanları, gözəl əxlaqı tövsiyə edən və öyrədən əsərlər təşviq edilməlidir.

Bu yaş dövründə uşağın yoldaşlarından təsirləndiyini bilirik. Ona görə əxlaqlı uşaqlarla yoldaşlıq etməsinə çalışmalıyıq. Bəzən oyunla başlayan bir yoldaşlıq həm müsbət, həm də mənfi cəhətdən uşağın həyatında ata-anası qədər təsirli ola bilir.

Xülasə: “Uşaqlar ata-anaya və tərbiyəçiyə xeyir-həsənatla təchiz olunmaq üçün ehsan edilən ilahi əmanətlərdir.” Bu əmanətin tərbiyəsində əmanət şüurunda olmaq, eyni zamanda səbirli və israrlı olmaq lazımdır. Ancaq qarşımızdakının uşaq olduğunu da unutmamalıyıq. Bir yazıçı belə deyir:

“Ağıllı ol, dəcəllik etmə deyirlər. Uşaq olan onlardır, yoxsa biz? Ağac əkdikdən sonra ay ağac, haydı meyvə ver desək və silkələsək, döysək ağac quruyar. Fidan bir qarışdı. Deyirlkər ki, meyvə vermədi. Bu, bir uşaqdır… Biz kimik ki, Allahın planını dəyişdirməyə çalışırıq?”

ALİ ÇINAR

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDAN ANADOLUYA KÖNÜL KÖRPÜSÜ

Gülün ətrini bəzən uzaqdan da hiss etmək olur. Bəzən güllərin ətri ətrafa yayılıb bütün insanları məst edir. Yaxud da günəşin...

Bağla