YAXŞILIQLA PİSLİK EYNİDİRMİ?

0

Yaxşılıq dinin və ağlın yaxşı və gözəl gördüyü, gözəl dediyi şeylərdir. Pislik isə tam əksinə, dinin və ağlın çirkin gördüyü,pis kimi xarakterizə etdiyi zərərli şeylərdir.

Allahın rizasına uyğun olaraq işlənən hər bir əməl gözəldir. İnsana həm dünyada, həm də axirətdə fayda verər. İnsanın həm bədəninə, həm də ruhuna faydalıdır. Rəbbimizin razı olmadığı işlər isə pislikdir.

Həzrət Peyğəmbər yaxşılıqla pisliyi belə təsvir edir:

“Yaxşılıq gözəl əxlaqdan ibarətdir. Günah isə qəlbini sıxdığı halda insanların bilməsini istəmədiyin şeydir” (Müslim, Birr 14-15).

Bu hədisi-şərif günah kiri ilə qaralmamış və pozulmamış vicdanların yaxşı ilə pisi ayırmaq məsələsində mühüm bir ölçü olduğunu göstərir. Əgər bir insan nə isə etmək istədikdə könlündə bir daralma, narahatlıq və sıxılma hiss edirsə, içini bir şübhə və narahatlıq gəmirirsə, o işdən dərhal imtina etməlidir. Çünki sağlam vicdan insana doğru olanı göstərir.

Rəsulullah insanın qulluqda yüksələ biləcəyi ən ali mərtəbəni “ehsan” sözüylə ifadə buyurmuşdur. Bu söz yaxşı və gözəl mənasına gələn eyni kökdən gəlir. Tərifi isə: “Allahı görürmüşcəsinə qulluq etməkdir” (Müslim, İman, 1, 5). Demək ki, qulun özünü Allahın gördüyünü dərk edərək və Ona yəqin imanla edə biləcəyi bütün əməllər gözəldir. Çünki insan bu halda yalnız Allahın razı olacağı və gözəl görəcəyi şeyləri edə bilər. Əksi düşünülə bilməz. İnsan bir tərəfdən “Allah” deyərkən, digər tərəfdən günah işləyə bilməz, bilə-bilə xəta edə bilməz. Bu səbəblə insanın olduğu mənəvi mövqe ilə etdiyi işlər arasında bir uyğunluq vardır.

Quranın ayələri başdan-sona yaxşılıqlardan bəhs edir. Digər tərəfdən pislikləri də sadalayır. Peyğəmbərimizin hədisləri də elədir. Buna əsasən:

İman ən böyük yaxşılıqdır, inkar və şirk isə ən böyük zülmdür, pislikdir.

Allaha həmd-səna və şükür yaxşılıqdır. Allahı tanımamaq, Onu layiq olduğu şəkildə mədh etməmək və nankorluq etmək pislikdir.

Qulluq yaxşıdır; qulluğu tərk etmək pisdir.

Hidayətdə olmaq və sirati-müstəqim üzrə getmək yaxşıdır; haqq yoldan çıxmaq və ilahi qəzəbə düçar olmaq pisdir.

Müttəqi olmaq, müttəqilərin xüsusiyyətlərini daşımaq yaxşıdır. Kafir və ya münafiq olmaq və onların yolunu izləmək pisdir.

Allaha verdiyimiz sözə sədaqət yaxşı, lakin sözdən dönmək pisdir.

İnsanlara yaxşılığı əmr etmək, onları pislikdən çəkindirmək, bu vaxt özümüzü də unutmamaq yaxşıdır; lakin əksini etmək pisdir.

Heç kimin heç kimə ən kiçik bir fayda təmin edə bilməyəcəyi məhşər günü üçün hazırlanmaq yaxşı, lakin bundan qafil olmaq çox pisdir.

Allaha qulluq etmək, ata-anaya yaxşılıq etmək, onlara dua etmək, ehtiyaclarını qarşılamaq, yaxın qohumu və çarəsiz kəsləri qoruyub himayə etmək yaxşıdır. Lakin ata-anaya üsyan etmək, uşaqları öldürmək, zina etmək, haqsız yerə cana qıymaq, yetim malı yemək nə qədər də pisdir.

Əgər Quran və sünnə çərçivəsində nələrin yaxşı, nələrin pis olduğunu sayacaq olsaq bitirə bilmərik. Bu səbəblə insan yaxşı və ya pis yolu tutmasına görə müsbət sonsuz ilə mənfi sonsuz arasında gedib gələn bir xüsusiyyətə malikdir.

O halda ilk vəzifəmiz nəyin yaxşı, nəyin pis olduğunu öyrənməkdir. İkinci olaraq yaxşılıqla pisliyin bir olmadığını bilməkdir. Üçüncü vəzifəmiz pislikləri tamamilə tərk etmək və gücümüz çatdığı qədər yaxşılıq etməkdir. Hətta yaxşılıqlar edərək pisliklərin və pislərin kökünü kəsməkdir. Ayeyi-kərimədə buyurulur:

“Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!” (əl-Fussılət 34).

Peyğəmbərlərin həyatlarında bu ayənin bəhs etdiyi əxlaqın çox gözəl nümunələri var. Şəxslərinə qarşı edilən böyük pislikləri bağışlamış, dözüm göstərmiş və müqabilində yaxşılıqlar etməyə çalışmışlar. Beləcə, o pis əməl sahiblərinin yaxşı insanlara çevrilmələrinə vəsilə olmuşlar. Həzrət Yusifin dillərə dastan olan pisliyə yaxşılıqla cavab verməsi nəticəsində qardaşlarının necə utandıqlarını Quran xəbər verir (bax. Yusuf surəsi 89-92).

Allahın Elçisinin özünə və səhabələrinə uzun illər zülm edən, hicrətə məcbur edən, müxtəlif döyüşlərdə canlarını almağa çalışan məkkəliləri Məkkənin Fəthi günü bağışlayıb onların bu qədər pisliklərinə “Bu gün hamınız sərbəstsiniz” deyərək yaxşılıqla qarşılıq verməsi qorxu və narahatlıq içində gözləyən məkkəliləri sevincə qərq etmiş və İslamın sürətlə yayılmasına vəsilə olmuşdur.

Mütləq gözəl və yaxşı Allahdır. Allah yaxşılıq edənləri sevər. Etdiyi yaxşı işi ən gözəl şəkildə tamamlayanları sevər. Pisliyi və pisləri sevməz. Peyğəmbərlər yaxşılığın memarı və onun zirvədəki təmsilçiləridir. Yer üzündə hansı yaxşılıq varsa, altında bir peyğəmbər imzası var. Pisliyin memarı isə şeytan və şeytanlaşmış insanlardır.

Rəsulullah (s.ə.s) bizi pisliyi tərk etməyə və yaxşı əməl işləməyə təşviq məqsədiylə belə buyurur:

“…Kim bir yaxşılıq etmək istəyər, amma edə bilməzsə, Allah bunu edilmiş mükəmməl bir yaxşılıq olaraq yazar. Əgər bir adam yaxşılıq etmək istəyər sonra da onu edərsə, Allah o yaxşılığı on mislindən başlayıb yeddi yüz misliylə, hətta qat-qat artığı ilə yazar. Kim bir pislik etmək istəyər, amma imtina edərsə, Allah bunu mükəmməl bir yaxşılıq olaraq yazar. Əgər insan bir pislik etmək istəyər, sonra da onu edərsə, Allah o pisliyi yalnız bir günah olaraq yazar.” (Buxari, Riqaq, 31; Müslim, İman, 207, 259)

Prof. Dr. Ömer ÇELİK

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANLILARIN SOYQIRIMI VƏ DAĞLIQ QARABAĞ HƏQİQƏTLƏRİ AVROPA İCTİMAİYYƏTİNƏ ÇATDIRILACAQ

Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Gəncliyə Yardım Fondu “Azərbaycanlıların soyqırımı və Dağlıq Qarabağ həqiqətlərinin...

Bağla