ALLAHIN VARLIĞININ DƏLİLLƏRİ

0

Sonsuz bir elm, iradə, qüdrət sahibi olan və hər şeyi yaradan Uca Yaradanın varlığına inanmaq həddi-büluğ yaşına gəlmiş, ağıllı və müsəlman olan hər bir fərdə fərzdir.

Ailənin böyükləri ailə üzvlərinə Allahın varlığını, birliyini, ucalığını öyrətməyə cavabdehdirlər. Kiçik yaşlarında bu bilgiləri öyrənə bilməyənlər həddi-büluğ yaşına girdikdə artıq dinən məsul sayıldıqları üçün bütün bunlardan məsul (mükəlləf) sayılırlar.

Əqaid və Kəlam alimləri əsasən inanmayanları diqqətə alaraq Allahın varlığını əqli dəlillərlə isbat etməyə çalışmışlar. Bu dəlillərin ən məşhurları “hüdus” və “imkan” dəlilləridir. Əlavə olaraq “hərəkət”, “fitrət” və “nizam” dəlillərini də istifadə edənlər olmuşdur.

Allahın varlığının Əqli dəlilləri:

1. HÜDUS DƏLİLİ: “Hüdus” kəlməsi “sonradan meydana gələn” mənasını ifadə edir. Bu dəlil kainatda görülən varlıqların hallarından və xüsusiyyətlərindən, kainatın sonradan meydana gəlmiş olmasından yola çıxaraq Allahın varlığını isbat edən bir dəlildir. Belə bir mülahizə ilə ifadə edilir: “Bu kainat surəti və maddəsi ilə sonradan meydana gəlmişdir (Hadisdir). Hər sonradan meydana gələn varlıq mütləq onu meydana gətirən birinin varlığına (Muhdisə) möhtacdır. O halda bu kainat da onu meydana gətirən birinə möhtacdır və o da Allah-Təaladır”. Ətrafımıza baxdığımızda hər şeyin biz insanlardan daha geridə qalmış və gücsüz olduğunu, varlıqlar içərisində ən mükəmməl olanın insan olduğunu görürük. Halbuki insan ətrafındakıları yaradacaq gücdə olmadığı kimi, özü də başqasına möhtac bir vəziyyətdədir.

2. İMKAN DƏLİLİ: Bir şeyin öz mənşəyində varlığının və yoxluğunun imkan olaraq bir-birinə bərabər olmasıdır. Yəni onun var olması və ya olmaması zəruri deyildir; var olması da, yox olması da mümkündür. Onların varlıqda və ya yoxluqda olmalarını seçən bir yaradıcının iradəsi olmadan nə var ola bilər, nə də yox ola bilərlər. Elə isə onların haqqında varlıq ya da yoxluqdan birini seçən bir yaradıcı vardır. Alimlər var olmağı “vacib” və “mümkün” deyə iki yerə ayırmışlar. Vacib – varlığı özündən olan, heç bir şeyə möhtac olmayan Allah-Təaladır. Mümkün – varlığı başqasından asılı olan məxluqatdır.  Kainat və bütün canlılar sonradan yaradılmışdır. Sonradan yaradılan hər şey “mümkün”dür, yəni bunların varlığı zəruri deyil; varlığı zəruri olmayan kainatı və içindəki varlıqları yaratma istiqamətində seçim edən bir varlığın olması isə vacibdir. O seçimi edən Allah-Təaladır.

3. HƏRƏKƏT DƏLİLİ: Maddənin ən əsas xüsusiyyətlərindən biri hərəkətsizlik xüsusiyyətidir. Yəni çöldən bir təsir olmadıqca heç bir şəkildə hərəkət etməz. Halbuki kainatda gözlə görünən mükəmməl bir hərəkət zənciri vardır. Maddə bu hərəkəti özbaşına qazana bilməyəcəyinə görə, ona bu hərəkəti verən, özünün xaricində, maddə cinsindən olmayan bir varlığın olması labüddür. Bu varlıq elm, iradə və qüdrət kimi sifətləri olan, yüksək şüur və həyat sahibi olan Allahdır.

4. FİTRƏT DƏLİLİ: Allahı tanımanın sayıla bilməyəcək qədər çox dəlil və işarələri insanın öz yaradılışında, fitrətində mövcuddur. Məsələn, insan fitrəti hər nemətin mütləq şükür tələb etdiyini bilir, kiməsə təşəkkür etmək lazım olduğunu bir ehtiyac kimi hiss edir. Bir peyğəmbərə qovuşmuş və hidayətə çatmış insan Allaha şükür edər. Əks halda batil məbudlara sitayiş edər. İnsan bu yaradılışının gərəyi olaraq göy üzündə sərgilənən ulduzları, yer üzündə boy göstərən çiçəkləri, ağacları, meşələri dolduran ceyranları, aslanları, dənizlərdə qaynaşan balıqları seyr etmək və onlardakı ilahi sənətin mükəmməlliyini təqdir etmək halındadır. Bəşəriyyət heç bir dövrünü dinsiz keçirməyib; batil, hətta gülünc olsa belə, mütləq hər dövrdə bir dinə inanmış və bir mənəvi sistemi təqib etmişdir. İnsan fitrətinə bu ehtiyacı Allah yerləşdirmişdir və insan ona inanmaqla mükəlləfdir. Bir hərf katibini, bir iynə ustasını bildirdiyi kimi, bu varlıq aləmindəki hər bir məxluq da özünü yaradanı bir çox cəhətlə xəbər verir və göstərir. Buna görə də Allahın varlığının dəlilləri məxluqatın sayı qədərdir, hətta daha da çoxdur.

5. NİZAM DƏLİLİ: Hər varlıq öz parçaları ilə bir ahəng və bütünlük içində olduğu kimi, bütün kainat da özünü meydana gətirən varlıq parçaları ilə bir ahəng və bütünlük içindədir. Bu isə bir nizam və intizamın varlığını xəbər verən, yanıltması olmayan bir dəlildir və bir “Nazim”i (Düzənləyicini) göstərir. Kainat bir-birinə uyğun bir səbəblər və məqsədlər sistemini ərz edir. Belə bir sistem ancaq bilən və ağıllı bir yaradıcının əsəri ola bilər. O halda kainat alim və ağıllı bir yaradıcının əsəridir. O yaradıcı da Allah-Təaladır.

KAMRAN MƏMMƏDOV

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YAXŞILIQLA PİSLİK EYNİDİRMİ?

Yaxşılıq dinin və ağlın yaxşı və gözəl gördüyü, gözəl dediyi şeylərdir. Pislik isə tam əksinə, dinin və ağlın çirkin gördüyü,pis...

Bağla