ŞƏFANI KİM VERİR?

0

Rəvayətə görə İsa (ə.s.) bir gün xəstələnmişdi. Bu hal ilə yolda gedərkən yanından keçdiyi bir ot ona belə səsləndi:

“-Ey İsa! Mən sənin dərdinin dərmanıyam”.

İsa (ə.s.) ona xitab olaraq, Cənabı Haqqa olan təvəkkül və təslimiyyətini sərgiləyən bu cavabı verdi:

“-Dərmanı verən, ancaq Allahdır”. Sonra da yoluna davam etdi.

Allah Təala, Həzrəti İsa (ə.s.)a şəfa verdi. Lakin aradan bir müddət keçdikdən sonra o, yenə xəstələndi. Bu səfər İsa (ə.s.) o otun yanına getdi və onunla dərdinə dərman axtardı. Lakin şəfa tapa bilmədi. Allah Təalaya dua etdi. Haqq Təala:

“-Həkimə get. Onun söylədiklərini yerinə yetir”, buyurdu.

Bu əmrə uyub, İsa (ə.s.) həkimə getdi. Bu həkim də ona həmin otu tövsiyə etdi. Həzrəti İsa heyrət və dəhşət içində qaldı. Sonra o otu istifadə etdi və bu dəfə şəfa tapdı. Bundan sonra Cənabı Haqqa yönələrək :

“-Ya Rəbbi! Bu qarşılaşdığım hadisələr, şübhəsiz ki boşuna deyil! Lakin mən hikmətini qavraya bilmədim. Görəsən bu olanların hikməti nədir?”

Ona belə vəhy edildi:

“-Ey İsa! Əvvəl xəstə oldun, Biz sənə şəfa verdik ki, Bizim hər şeyə qadir olduğumuzu biləsin.

Sonra yenə xəstələndin. Şəfanı o otdan vermədik. Bəlkə xəstəliyini daha da artırdıq ki, qəhrimiz və heybətimizi biləsin.

Sonra səni həkimə göndərdik ki, öz acizliyini görəsən.

Sonda isə o ot ilə şəfa verdik ki, Bizim hər şeyi hikmətlə yaratdığımızı, heç bir şeyi faydasız yaratmadığımızı biləsən.

Şəfa verən Mənəm. İstəsəm şəfa verərəm. O həkim və ot şəfa üçün ancaq bir vəsilədir. Nəhayət bütün işlər Mənə aiddir, bunu yaxşı bil!..”

Cənabı Haqq ayəyi kərimədə:

“Biz göyləri, yeri və bunlar arasında olanları, oyun və əyləncə olsun deyə yaratmadıq”, (ed-Duxan, 38) buyurmaqla, zərrədən kürəyə var edilən hər şeyin, incə bir hikmətlə yaradıldığını bəyan edir. Yəni bu kainatda lazımsız və əbəs heç bir şey yoxdur. İnsanoğluna, təqdim olunan bu ucsuz-bucaqsız hikmət dəryasından götürəcəyi ən böyük dərs isə, “heçlik” və “acizlik”in idrakı içərisində ola bilməsidir.

Bu səbəbdən bir qul, Cənabı Haqqın ilahi qüdrət və əzəmətinin qarşısında heç bir zaman acizlik sərhədlərini aşmamalıdır. Daim həddini bilməlidir. Cənabı Haqqın köməyinə və mühafizəsinə nail ola bilmək üçün həddini bilməlidir. Necə ki, heç bir nemət və müvəffəqiyyəti nəfsimizdən bilməyib, bütün bunların Cənabı Haqqın bir lütfü olduğunu bildirən ayəyi kərimədə belə buyurulur:

“Allahın köməyi və zəfəri gəlib, insanların hissə-hissə Allahın dininə girdiyini gördüyün vaxt Rəbbinə həmd edərək Onu zikr et və Ondan bağışlanma dilə…”

(ən -Nəsr, 1-3)

Abdullah ibni Abbas (r.a.) buyurur:

Bir gün, Həzrəti Peyğəmbər (s.ə.s.)in yanında idim. Mənə belə dedi:

“Övladım! Sənə bir neçə söz öyrədim. Allahı (yəni Onun əmr və nəhylərini) izlə ki, Allah da səni izləyib qorusun. Allahın razılığını hər işdən öndə tut ki, Allahın köməyini qarşında tapasan. Bir şey istəyəcəksənsə Allahdan istə. Kömək diləyəcəksənsə Allahdan dilə! Və bil ki, bütün insanlar toplanıb sənə fayda verməyə çalışsalar, ancaq Allahın sənin üçün təqdir etdiyi faydanı təmin edə bilərlər. Yenə əgər bütün insanlar, sənə zərər vermək istəsələr, ancaq Allahın sənin haqqında təqdir etdiyi zərəri verə bilərlər…” (Tirmizi, Qiyamət, 59).

Ayəsyi kərimədə belə buyurur:

“Aləmlərin Rəbbi Allah diləmədikcə siz diləyə bilməzsiniz” (et/ət-Təkvir, 29).

Bu səbəblə gerçək mənada təvəkkül və təslimiyyət əhli olan bir mömin, daim Rəbbinə güvənər, tək Ona söykənər, yalnız Ona sığınar. Tədbir və səylərinin, ilahi təqdir qarşısında bir “heç” hökmündə olduğunu bilər.

Bu aləm, bir səbəblər aləmi olaraq tənzimlənmişdir. Səbəblərin səbəbkarı olan Allah-Təala, hər şeyin meydana gəlməsini başqa bir səbəbə bağlamışdır. Qullarının da lazım olan tədbir və səylərinə laqeyd yanaşmayıb səbəblər aləminin şərtlərinə riayət etmələrini arzu etmişdir.

Məsələn, yuxarıdakı hadisədə də görüldüyü kimi, insan, əvvəlcə Cənabı Haqqın hər şeyə qadir olduğuna bütün ürəyiylə iman etməlidir. Təvəkkül və təslimiyyəti zərrə qədər sarsılmamalıdır. Onun icazəsi olmadan heç bir şeyin meydana gəlməyəcəyinə və yeganə şəfa verənin Cənabı Haqq olduğuna inanmalıdır. Çünki insanın şəfa tapması üçün istər bitki, istər kimyəvi maddələri yoxdan yaradan Cənabı Haqqdır. O, bu şəfa vəsilələrini yaratmasaydı insan necə şəfa tapa bilərdi?

Nəhayət, Cənabı Haqq, bu dünyada insanlar üçün lazımlı olan hər şeyi xəlq etmişdir. Şəfanı isə həm mənəvi vəsilə olan duada, həm də maddi vəsilələr olan dərmanlarda axtarışımızı arzu etmişdir.

Bu səbəblə qul, şəfanı tək bu maddi vəsilələrdən bilməməli, ona şəfa olma imkanını yenə Cənabı Haqqın istərsə lütf edəcəyi şüuruyla, şəfanın mənəvi vəsiləsi olan duaya da sıx bağlanmalıdır.

Belə ki, Peyğəmbərimiz (s.ə.s.)in həyatına nəzər etdiyimizdə, «Şafi» ismi şərifiylə Cənabı Haqqın qullarına şəfa verməsinin iki şəkildə təcəlli etdiyini görməkdəyik. Birincisi dua ilə reallaşır. Çünki Peyğəmbərimiz (s.ə.s.)in həyatında bunun bir çox misalını görmək mümkündür. Bunlardan birini Aişə (r.a.) anamız belə rəvayət edir:

Nəbi (s.ə.s.), ailədən biri xəstələnərkən, sağ əliylə xəstəni sıvazlar və belə dua edərdi:

“Ey bütün insanların Rəbbi olan Allahım! Bunun iztirabını aradan qaldırıb şəfa ver. Şəfanı verən ancaq Sənsən. Sənin şəfandan başqa şəfa yoxdur. Buna, heç bir xəstəlik izi buraxmayacaq şəkildə şəfa lütfkarlıq et!” (Buxari, Mərdə 20, 38, 40; Müslim, Salam, 46-49).

Ayrıca bunu da ifadə etmək lazımdır ki, xəstə ziyarətinə gedildiyi vaxt, daim gözəl sözlər deyilməli və beləcə xəstənin mənəviyyatı möhkəmləndirilməlidir.

Necə ki, Ümmü Sələmə (r.a.)dan rəvayət edildiyinə görə Rəsulullah (s.ə.s.) belə buyurmuşdur:

“Xəstə və ya ölünün yanında olduğunuz zaman gözəl sözlər söyləyin. Çünki mələklər sizin dualarınıza amin deyərlər.” (Müslim, Cenaiz, 6)

Ənəs (r.a.) də belə izah edər:

“Rəsulullah (s.ə.s.) çox zəifləmiş bir xəstəni ziyarət etdi və:

«-Allaha bir şey üçün dua edirdinmi və ya Ondan bir şey istəyirdinmi?» deyə soruşdu. Xəstə:

«-Bəli, “Allahım, mənə axirətdə verəcəyin cəzanı bu dünyada ver!” deyə dua edərdim», dedi. Allah Rəsulu (s.ə.s.) belə buyurdu:

«-Sübhanallah! Sənin buna gücün çatmaz. Belə dua etsəydin olmazdımı:

رَبَّنَاۤ اٰتِنَا فِى الدُّنْيَا حَسَنَةً وَفِى الْاٰخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ

“Rəbbimiz! Bizə dünyada da yaxşılıq ver, axirətdə də yaxşılıq ver və bizi cəhənnəm əzabından qoru!” (əl-Bəqərə, 201)»

Bundan sonra o şəxs bu duanı etdi və şəfa tapdı” (Müslim, Zikr, 23; Tirmizi, Deavat, 71/3487).

Cənabı Haqqın qullarına şəfa təcəllisinin ikincisi isə, duaya əlavə olaraq, Allah Təalanın yaratdığı bitki və kimyəvi dərmanları istifadə edərək xəstəliyinə çarə axtarmaqdır.

Necə ki bu hadisə, bizlər üçün çox mühüm bir nümunədir:

Ürvə ibn Zübeyr (r.a.), xalası Həzrəti Aişə (r.a.):

“‒Anacan! Sənin qüvvətli anlayışına və fiqhinə təəccüb etmirəm; «Rəsulullah (s.ə.s.) xanımı və Həzrəti Əbu Bəkirin qızı» deyirəm.

Şeir, Ərəb mədəniyyət və tarixi ilə əlaqəli elminə də təəccüblənmirəm; «Həzrəti Əbu Bəkirin qızıdır, o, bu barədə insanların ən alimi və ya ən alimlərindən biriydi» deyirəm.

Ancaq Tibb elminə təəccüb edirəm! O elmi necə əldə etdin, bu elm sənə haradan gəldi?”

Həzrəti Aişə anamız Həzrəti Ürvəyə belə cavab verdi:

“‒Ey Ürvəcik! Rəsulullah (s.ə.s.) ömürünün son zamanlarında xəstələnirdi. Ona hər tərəfdən Ərəb qəbilələrinin heyətləri gəlirdi. Onlar Rəsulullah (s.ə.s.)ın xəstəliyi üçün dərmanlar tərif edirdilər. Mən də o dərmanları Allah Rəsulu (s.ə.s.) üçün hazırlayardım. Bax, tibb elmim oradan gəlir” (Əhməd, VI, 67).

Son olaraq bunu da söyləmək lazımdır ki, Cənabı Haqq xəstə quluna diləsə şəfa verər, diləsə verməz. Qulluğa yaraşan, Həzrəti Eyyub kimi daim razılıq halında yaşaya bilməkdir.

Necə ki, bir dəfə xanımı Rəhmə Xatun, Həzrəti Eyyuba:

“-Sən bir peyğəmbərsən. Duan məqbul olar. Çox çətin bir haldasan. Dua et ki şəfaya nail olasan”, dedi.

Eyyub (a.s.) isə bu mənalı cavabı verdi:

“-Rəbbim mənə səksən il sağlam həyat verdi. Xəstəliyimin isə hələ səksən ili olmadı. Ancaq bir neçə ildir xəstələnmişəm. Bu halda Cənabı Haqqdan səhhət istəyə bilmərəm”.

Ta ki, Eyyub (ə.s.) xəstəliyinin Haqq yolundakı xidmətlərinə qüsur və nöqsanlıq verdiyini görüncə:

“…Mənə həqiqətən xəstəlik isabət etdi. Sən mərhəmətlilərin ən mərhəmətlisisən”, (əl-Ənbiya, 83) deyərək, ürəkdən Cənabı Haqqa dua etdi. Cənabı Haqq da, ona yerdən çıxardığı soyuq bir su vəsiləsi ilə şəfa lütf etdi.

Allah Rəsulu (s.ə.s.) belə buyurur:

“Möminin halı qibtə və heyranlığa dəyər. Çünki hər halı özü üçün bir xeyr vəsiləsidir. Belə bir xüsusiyyət yalnız mömində vardır:

Sevinsə şükr edər, bu onun üçün xeyir olar. Başına bir bəla gəlsə səbr edər, bu da onun üçün xeyir olar” (Müslim, Zühd, 64).

Nəhayət bir mömin, Cənabı Haqq ilə qəlb bağlarını qüvvətləndirməyə çalışmalıdır. Çünki ancaq qəlb bağları möhkəm olan qullar, başlarına gələn müsbət-mənfi hər şeyin əslində ilahi bir imtahan təcəllisi olduğunu idrak edə bilərlər. Bu səbəbdən də o təcəllilərdə vasitə olan səbəblərə ilişib qalmazlar. Səbəbdən Səbəbkara, əsərdən Müəssirə, sənətdən Sənətkara qəlbən bağlanarlar. Hər şeydə olan muradı ilahiyyə diqqət edərlər.

Şair bu həqiqəti nə gözəl ifadə etmişdir:

Ne kahrı, dest-i adadan; ne lütfu, aşinadan bil,

Umurun Hakka tefviz et, Cenabı Kibriyadan bil!

“Nə qəhri düşmən əlindən, nə də lütfü dostlarından bil! Sən işlərini Allaha həvalə et və hər şeyin Cənabı Kibriyadan gəldiyini bil!..”

Cənabı Haqq bizləri, Aləmlər Sultanı Peyğəmbərimizin buyurduğu kimi; “Xəstələnmədən əvvəl sağlamlığının, ölüm gəlmədən əvvəl də həyatının qiymətini bil”ən qullarından etsin. (Buxari, Rikak, 3; Tirmizi, Zühd, 25)

Amin…

  
Osman Nuri Topbaş

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TARİXİMİZDƏ SAVAŞ ƏXLAQI

https://www.youtube.com/watch?v=6HWsuFcuHus  

Bağla