XEYİR ÜZƏRƏ YARIŞILAN AY

0

Ayların sultanı mübarək Ramazan ayının astanasındayıq. Gəlişi ilə ruzi və bərəkət gətirən, gedişi hüznə səbəb olan, fəzilətlərin dolu olduğu, duaların qəbul olduğu, qəlblərin yumşalaraq səcdəyə vardığı, sədəqə verildiyi ramazan.

Ramazan ayı bütün müsəlmanların rəhmət və bərəkət ayıdır. Hər ibadətin Allah qatında on mislindən yeddi yüz mislinə qədər savabı vardırsa, Ramazan ayında tutulan orucların, edilən ibadətlərin və duaların neçə misli olcağını ancaq Allah bilir. Çunki Allah Təala “Oruc mənim üçündur. Onun mükafatını da mən verəcəyəm” buyurmuşdur. Bu ayın fəzilətli olmasının səbəblərinə gəlincə:

Müqəddəs Kitabımız Qurani-Kərim Ramazan gecələrindən birində nazil olmağa başlamışdır.

Allah Təalanın Qurani-Kərimdə xəbər verdiyi min aydan xeyirli olan Qədr gecəsi də bu aydadır.

Bu ay Allah Təalanın bəndələrinə lütf etdiyi mənəvi qazanc və ibadət yönündən də ən üstün olduğu aydır. Gündüzləri orucla keçirərək, gecələrə isə Quran qiraəti və dualarla davam edən möminin dualarına Allah Təala bu ayda  qarşılıq verər və mömin bir il boyunca etdiyi günahlarının bu ayda bağışlanma fürsətini Rəbbinin əfv və mərhəməti sayəsində əldə edər. Bunula əlaqədar Allah Rəsulu (s.ə.s.) belə buyurmuşdur:

Kim fəzilətinə inanaraq və savabını Allahdan umaraq Ramazan gecələrini ibadətlə keçirərsə, keçən Ramazan ilə bu Ramazan ayı arasında olan günahları bağışlanar”.

Bu ayda edilən fəzilətli əməllərdən birisi də verilən zəkat və nafilə sədəqələrdir. Peyğəmbərimizə (s.ə.s.):

Hansı sədəqə daha fəzilətlidir?- deyə soruşulduqda O:

Ramazan ayında verilən sədəqə – deyə cavab vermişdir. Əshabi kiram məhz bu səbəblə zəkat və sədəqələrinin çoxunu bu ayda verərdi. Eyni zamanda, Ramazan ayının sonunda ailənin hər adambaşına çıxardığı fitrə də neçə-neçə möhtac ailələri sevindirərək onların da bayram süfrəsini açaraq sevinmələrinə səbəb olur. Üstəlik, fitrəni çıxaran adam da ramazan ayında tutulan orucunun tam olaraq Allah Təala qatında qəbul olunma sevincini də yaşayar.

Peyğəmbərimiz (s.ə.s.) insanların ən comərdi idi. İbni Abbasdan gələn bir rəvayətə görə, Ramazan ayı gəldiyi zaman Allah Rəsulu (s.ə.s.) daha çox infaq edər, insanları sədəqə yağmuruna tutardı. Verilən sədəqələrin Allah Təalanın qəzəbini söndürəcəyini bildirən Allah Rəsulu (s.ə.s.) infaq edər və əshabını da buna təşviq edərdi. Eyni zamanda, Cəbrayıl (ə.s.) la hər gecə görüşməsi və qarşılıqlı Quran oxuması Peyğəmbərimizin (s.ə.s.) Ramazan ayına olan sevgisinin əsas səbəblərindəndir. Buna görə, Allah Rəsulu (s.a.s.) Cəbrayil (ə.s.) ilə görüşəndə maneəsiz əsən bərəkətli küləklərdən də comərd olardı. (Buxari, Badul-Vahy, 5, 6:Saum,7: Mənaqıb, 23.)

Ramazan deyəndə, ağla ilk olaraq oruc və oruclu insanın hal və davranışları gəlir. Oruc sadəcə bədənin deyil, gözün, dilin, qulağın və ağzın da orucu olmalıdır. Əgər yayın istisinə səbr edərək sırf Allah rizası üçün oruc tuturuqsa, o zaman orucumuzun Allah qatında qəbul olunması üçün gözümüzü, dilimizi və qulağımızı da oruclu hala gətirməliyik. Yoxsa bütün ay boyunca tutulan orucların dəyəri olmaz.

Mübarək aylardan birində, yayın qızmar çağında Allah Rəsulu (s.ə.s) bir ağacın kölgəsində əshabı ilə bərabər oturmuşdu. Əshab içərisində və onlardan bir az aralıda oturmuş qadınlar arasında iki qadın da oruclu idi. Birdən qadınlardan birinin halı ağırlaşdı. Adam göndərərək Rəsulullahdan orucunu açmasını rica etdilər. Allah Rəsulu (s.ə.s.):

Onların orucu pozmalarına ehtiyac yoxdur, çünki onlar bayaqdan din qardaşlarının arxasınca danışdıqları üçün coxdan oruclarını pozmuşlar – dedi. Deməli, orucun Allah qatında ən məqbulu həm bədən həm də mənəvi olanıdır. Yoxsa, Allah Rəsulunun:

Kim yalan danışmağı və yalanla əməl etməyi tərk etməzsə, Allahın o şəxsin yeyib-içməyi tərk etməsinə (ac qalmağına) ehtiyacı yoxdur” dediyi insanlardan olmayaq.

Allah Təala bu ayın hörmətinə ibadət və dualarımızı qəbul, günahlarımızı əfvi- məğfirət eləsin. Amin!

Samirə Mahmudova

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA RAMAZAN AYININ BAŞLAMASI İLƏ BAĞLI FƏTVA VERİLDİ

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası Azərbaycanda müqəddəs ramazan ayının başlaması ilə bağlı bəyanat yayıb.

Bağla