ÜMMƏTİN AYI RAMAZAN

0

İslam ədəbiyyatında fəzilət və əhəmiyyətinə görə “üç aylar” kimi özünəməxsus dəyərə malik olan “üç aylar”ın sonuncusu olan Ramazan ayına qədəm basırıq.

Rəcəb və Şaban aylarındakı mənəvi hazırlıqlar Ramazan ayında ibadət, dua və istiğfarlar şəklində təzahür edəcəkdir. İslam ədəbiyyatında Ramazan ayına o qədər dəyər verilmişdir ki, ona “On bir ayın sultanı” adı verilmişdir. Ramazan ayı haqqında birmənalı olaraq müsəlmanın yenidən doğulduğu ay deyə bilərik. Bu ay fərdi həyatda dəyərli olduğu kimi, ictimai əlaqələrin nizamlanmasında da önəmli aylardandır. Bu ay insanların bütünləşdiyi, qayğıkeşliyin artdığı və ictimai əsayişin təmin edildiyi aydır. Yardımlaşmağın ən yüksək səviyyədə yaşandığı bir aydır, Ramazan ayı.

Bu ay ona görə digər ayların sultanı sayılır ki, onda Qurani-Kərim nazil olmağa başlamışdır. Eyni zamanda min aydan daha xeyirli və fəzilətli olan Qədir (əhya) gecəsi də məhz bu aydadır.

Bu mübarək aymüsəlmanların bağışlanma fürsətinin bəxş edildiyi aydır. Allah müsəlmanların bu aydan yüksək səviyyədə istifadə edərək bağışlanmasını o qədər arzu edir ki, şeytanlar zəncirə vurulur bu ayda.

Bu ay səbir ayıdır. Çünki bu ayda aclığa səbir, ibadətlərə davam etməkdə səbir, ictimai münasibətlərdə səbir edilməsi tövsiyə edilmişdir.  Səbrin mükafatı da, əlbəttə ki, cənnətdir

İslamın beş şərtindən biri olan oruc ibadətinin yerinə yetirildiyi, təraveh namazlarının qılındığı ibadət və bərəkət ayıdır.

Bu ay digər aylara nisbətən daha çox Qurani-Kərimin xətm edildiyi aydır. Məscid və camelərin daha çox dolduğu bir aydır, bu ay.

Cənnət qapılarının açılıb, cəhənnəm qapılarının bağlandığı bir aydır, Ramazan ayı.

Xülasə, bu ay bolluq və bərəkətin coşub-daşdığı, iftar süfrələri ilə ziyafətlərin təşkil edildiyi, əvvəli rəhmət, ortası məğfirət (bağışlanma) və sonu cəhənnəm atəşindən qurtulma səbəbi olan bir aydır.

Hz. Peyğəmbərin (s.ə.s) əshabələrindən Salman əl-Farisi belə demişdir: “Ey insanlar! Böyük bir ay yaxınlaşır. O, mübarək bir aydır. İçində min aydan daha xeyirli bir gecə vardır. Uca Allah onun orucunu fərz, gecəsində isə namazı nafilə qıldı. Bu ayda xeyir əməl işləyən və yaxud da bir fərzi əda edən kimsə, Ramazan xaricində yetmiş fərzi əda etmiş qədər savaba nail olar…” Deməli bu ayda edilən ibadətlər də, verilən sədəqələr də, ziyafətlər də digər vaxtlara nəzərən daha dəyərli və daha savablıdır. Hz. Peyğəmbər bu ayın əhəmiyyətini nə gözəl xülasə edib.  Bir qüdsi hədisdə belə buyrulmuşdur: “Əgər bəndələrim Ramazan ayındakı mükafat və fəzilətləri kamil şəkildə dərk etsəydilər, bütün ilin Ramazan olmasını arzu edərdilər”.(Beyhəqi)

Uca Allah dünya həyatını bizə Ramazan edib, qiyamət gününü də həqiqi bayram etsin! Amin.

RÜFƏT ŞİRİNOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
XEYİR ÜZƏRƏ YARIŞILAN AY

Ayların sultanı mübarək Ramazan ayının astanasındayıq. Gəlişi ilə ruzi və bərəkət gətirən, gedişi hüznə səbəb olan, fəzilətlərin dolu olduğu, duaların...

Bağla