RAMAZAN MƏRHƏMƏT AYIDIR

0

“Ramazan ayı insanlara doğru yol göstərən, doğru yolu və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim o aya yetişsə (ramazan hilalını görsə) onu oruc tutsun; xəstələnənlər, yaxud səfərdə olanlar  isə (tutmadıqları günlərin sayı qədər) başqa günlərdə oruc tutsunlar”.   (əl-Bəqərə,185)                                                                                            

   İslam tarixində Ramazan ayında orucluq hicrətin ikinci ilində fərz olunmuşdur. Oruc, İslamın təməl pirinsiplərindən biridir. “Oruc” kəlməsinin ərəbcə mənası “siyam” və “savım”dır ki, bu da nəfsi tutmaq və əngəlləmək mənasındadır. “Siyam” sözü savmin cəmi olaraq işlədilir. Dini deyimində “müftirat”(oruc pozan) deyilən şeylərdən nəfsi gerçəkdən və ya hökmən qadağa qoymaqdır, bir imsak (oruc tutmaq) dır. Orucun qısaca mənası, niyyətlənib, dan yeri ağarmağa başladığı andan, günəşin batmasına qədər bir şey yeməmək, içməmək və cinsi münasibətlərdən uzaq olmaqla yerinə yetirilən bir ibadətdir. Ağlı başında olan hər müsəlmana oruc tutmaq fərzdir. Dinimizn pirinsiplərinə görə oruca niyyət qəlblə edilir.

    Ramazan orucu yalnız bədənlə edilən bir ibadət forması deyildir. Belə ki, oruclu olan şəxs bir çox cismani, ruhi, əxlaqi faydalara sahiblənir. Oruc tutan şəxs maddi və mənəvi sayılmayacaq qədər hikmətlər, ibrətlər dərsini keçmiş olur. Oruc insanı dözümlü olmağa, qənaətlə, əzab-əziyyətlərə sinə gərməyə, əxlaqlı olmağa, nemətlərin qədrini bilməyə səbəbdir. Oruclu olan müsəlman ac insanın, yoxsulun halını yaşamış olur. Bu düşüncə insanda mərhəmət duyğularını oyadır. Belə olduqda insanlar bir-birlərinə yardım edərək könülləri  fərəhləndirirlər. Bunula da Cənabı Haqqın rizasını qazanmış əməl sahiblərinə çevrilirlər. Bizlərə sağlam bir tərbiyə verən, insanlıq üçün göndərilən müqəddəs Qurani-Kərimin Ramazanda nazil olması bu aya ayrıca gözəllik verir. Məhz, buna görə də Ramazan on bir ayın sultanı kimi vəsf olunur. İnsanın ruhunu parladan, nəfsini ağardan və əsarət zəncirindən qurtaran orucluqda şeytanlar zəncirlənmişdi. Sevgili peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.s.) buyurmuşdur: 

   Ramazan ayında tutulan oruc nəfsani istəklərə qarşı bir qalxandır. Bu ay zənginlər üçün də bir fürsət, körpü rabitəsidir. Hər bir zəngin müsəlman öz mal və mülkü hesabına imkansızlara yardım etməklə axirətini satın almış olur. Rəhmət və bərəkət, bağışlanma ayı olan bu günlərdə hər bir müsəlman öz xeyir əməli ilə ibadətə dəvətlidir. Savab əməllərin əməl dəftərinə yazılacağı  bu ayda duaların qəbul olması şübhəsizdir.

    Uca Allah-Təalanın ümmətlər içində yalnız Məhəmmədin ümmətinə lütfü ehsani etdiyi ən zəngin mənəvi xəzinə olan “Qədir gecəsi” məhz Ramazana məxsusdur. Feyz və bərəkət dolu, min aydan daha xeyirli “Qədir gecəsi” Uca Yardanın insanlığa ilahi bir lütf gecəsidir. Bu mübarək gecən ay ərzində gizli olduğundan Ramazanın son on günün bütünlüklə ibadətlə keçirilməsi bəyənilən əməldir. Allah-Təala bu mübarək gecənin şənin Quranda belə bəyan edir:

      “Həqiqətən, biz onu (Quranı) Qədir gecəsi (lövhi-məhfuzdan dünya səmasına) nazil etdik! (Ey Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədir gecəsi nədir?! Qədir gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir. O gecə mələklər və ruh Rəbbinin izniylə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır”. (əl-Qədr)

    Allah-Təalanın bizlərə bəxş etdiyi axirət dünyasından  öncəki bu fani həyatımızda mənəvi duyğularımızın oyanmasına vəsilə olacaq mübarək Ramazan ayında bizlər də fürsəti əldən verməməliyik. Günahlarımızın bağışlanmasına, dualarmızın qəbul olmasına səbəb olacaq savab əməllərimizin artmasına çalışmalıyıq. Unutmamalıyıq kı, bu ayda hər birimiz Allah təalanın qonaqlığına dəvətliyiq. Bu qonaqlığa layiq hazırlığımız bizlərin iman və təqva dolu təslimiyyətimizdir. Cəlalət və ülviyyət sahibi olan Uca Rəbbimiz məmləkətimizin, dövlətimizin birlik və bərabərliyi uğrunda mücadilə verənlərin köməyi olsun. Amin! Uca Mövlamız işğal altında olan Qarabağ torpaqlarımızın azad olmasına etdiyimiz dualarımızı bu Ramazana xatir qəbul etsin. Amin!!!      

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KANADANIN BAŞ NAZİRİ RAMAZAN AYINI BELƏ TƏBRİK ETDİ – VİDEO

Kanadanın baş naziri Castin Trüdo sosial şəbəkələrdəki şəxsi səhifəsində paylaşdığı video-çarxla müsəlmanları ramazan ayının başlaması münasibəti ilə təbrik edib. Təbrik...

Bağla