NƏSİLLƏRİN YETİŞMƏSİ

0

Dünyada ən çətin peşə insanın təlim və tərbiyəsidir. Çünki insandakı nəfs, onun kamilləşməsinin qarşısında ən böyük maneəni təşkil edir. Bu səbəblə də Allah təala ən böyük insan tərbiyəçiləri olaraq peyğəmbərləri göndərmişdir. Təsəvvüfün əsas hədəfi də, nəfsi islah edərək, qəlbi onun qaranlığından mühafizə edə bilməkdir.

Çünki nəfsin islahı, yəni onun sərtlik və kobudluqlarının yonularaq doğru bir hala gətirilməsi, bir çox yorucu mərhələdən keçməyi tələb edir. Xamlıqdan qurtulmaq zəhmət tələb edir. Nəfs quyusundan can Yusifini xilas etmək, mənəvi tərbiyənin sıxıntı və iztirablarına qarşı səbir və dözümlə mümkündür.

Həzrət Mövlana bir bənzətmə edərək bunu sanki bir noxudun atəş üzərində bişirilməsinə bənzədir. Bu xüsusda ən mahir və faydalı tərbiyə anaların üzərinə düşür. Onlar övladlarını ciddiyyətlə və iradəli bir şəkildə, eynilə çiy və möhkəm bir noxudu bişirdikləri kimi bişirib tərbiyə edərlərsə, mükəmməl bir kamillik meydana gələr. Bu zəhmət sanki xam dəmirin yanan atəşdə yumşaldılaraq şəkilləndirilməsi kimidir.

Həzrət Mövlana məcazi bir üslubla insanın tərbiyə nəticəsində kamilləşməsini bir misalla belə anladır:

            “Qazandakı çiy noxuda bax! Ocaqda qaynayan sudan canı yanınca necə də yuxarı doğru sıçramağa başlayır, dəfələrlə daşqınlıq göstərməyə çalışır.

            (Onu bişirib yemək hazırlayacaq xanıma hal lisanı ilə deyər ki:)

            “-Niyə məni alovlara salırsan? Madam ki, məni satın aldın, niyə bu hallara uğradır, mənim canımı yandırırsan, məni xor görürsən?”

            Evin xanımı da noxuda çömçə ilə vuraraq deyər ki:

            “-Xeyr, yaxşıca qayna, əməlli biş və ocaqdan sıçrayıb qaçmağa çalışma! Mən səni xor gördüyümdən, istəmədiyimdən, sevmədiyimdən ötrü qaynatmıram. Bir dad və ləzzət qazanaraq qida halına gələsən, yeyiləsən, cana qarışasan deyə qaynadıram. Yoxsa səni cəfalara salmaq, səni xor görmək üçün deyil!”

            Burada əsas məqsəd tərbiyə olunacaq kimsələrə səhv istiqamətdə şəfqət və mərhəmət göstərilməməsidir. Övladını tərbiyələndirməyə qıymayan ata-analar, əslində onların dünyalarına da, axirətlərinə də qıymış olurlar. Əgər qadın noxudun iniltisinə qulaq assa, həmin noxud çox keçmədən insanın dişlərini qırar. Eynilə bunun kimi mənəvi baxımdan xam yetişdirilən övladlar da, nəticədə, həm ailəni, həm də cəmiyyəti fəlakətə apararlar. Bu sirdən agah etmək üçün Həzrət Mövlana qadının bişirəcəyi noxuda etdiyi mənalı söhbətini belə davam etdirir:

            “-Ey noxud! Sən bostanda su içdin, cücərdin və boy atdın. Məhz sənin o suları içməyin bu ocağa (üzərində qaynayan qazana) düşməyinə səbəb oldu. Çünki o su bu atəş üçün idi… Bu sevgi atəşi, səndəki xamlığı (nəfsaniliyi) səndən təmizləmək üçündür.

Allahın rəhməti, qəhrini və qəzəbini keçmişdir. Ona görə də birini imtahan etmək üçün bəlalara uğratması rəhmətindən irəli gəlir. Çünki Onun qəhrində gizli bir lütf vardır.

Nəfsə əziyyət edilmədən, nəfslə savaşmadan (mənəvi bir kamillik və) Allah sevgisi qazanıla bilərmi? İlahi təqdirə uyğun olaraq sənə bəlalar və qəhrlər gəldiyində, bu qəhrlərdə gizli lütflərin olduğunu düşün və üzülmə. Bu qəhrlər üzündən dünya sevgisini, zövq aldığın hər şeyi (yəni dünyəvi arzularını) Allah yolunda fəda edərsən. Başına gələn çətinlikdən sonra onun lütfünü görərsən və içinə girdiyin mərhəmət çeşməsində günahlardan, mənəvi kirlərdən təmizlənərək ilahi lütflərə qovuşarsan. (Çünki Allah təala:

 “Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!) Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! ( Buna görə də çətinliklərə səbrlə dözmək lazımdır!)” buyurmuşdur.

Sən də çətinlikləri xor gör ki, arxadan gələn xoşbəxtliyi qazana biləsən.

Bu ifadələr daxilində Həzrət Mövlana mənəvi kamillik üçün başa gələn sıxıntı, kədər və əziyyətləri sanki bir nemət olaraq görür və ev sahibi olan qadını belə danışdırır:

-“Ey noxud! Bahar mövsümündə yer üzünə çıxdın, yetişdin. İndi də zəhmət sənə müsafir oldu. Müsafirə ikram et. Sən zəhmət müsafirini xoş tut ki, sənə təşəkkürlər edərək qayıtsın. Beləcə, həqiqət padşahının hüzurunda sənin ikramlarını, ehsanlarını danışsın.

Nəticədə, nemət yerinə sənə o nemətləri verən gəlsin ( yəni müsəbbibul-əsbaba qovuş) ki; dünyadakı bütün nemətlər sənə qibtə etsin.

Sevdiyindən gələn cəfaya (əziyyətə) qarşı sifətini turşutma, onu sevinclə qarşıla, ona “xoş gəldin” de. Qəmdən, iztirabdan daha dadlı, daha mübarək bir şey ola bilməz. Onun qarşılığı sonsuzdur.

Həzrət Mövlana bu məqamda noxuddan, yəni tərbiyə olunub kamilləşməyi istəyəndən Həzrət İsmayıl təslimiyyəti istəyir. Çünki bişirən Həzrət İbrahim kimi mahir olsa da, bişəcək olan Həzrət İsmayıl kimi təslim olmazsa nəticə hasil olmaz. Bu mənada qadın noxuda belə səslənir:

“-Ey noxud! Mən Xəlil İbrahim, sən də bıçaq qarşısında mənim oğlumsan. Bıçağın altına başını qoy, çünki röyamda səni qurban etdiyimi gördüm. Həyəcanlanma, ürəyinə qorxu salma, qəhr bıçağının önünə başını qoy ki, Haqqa təslim olmuş İsmayıl kimi sənin boğazını kəsim. (Lakin həmin bıçaq İsmayılları tanıyır, onları vüslətə çatdırır.)

Başını kəsərəm, lakin bu baş, o baş deyildir. Bu baş kəsilməkdən, ölməkdən uzaq olan bir başdır. (Çünki bu baş nəfsin və həvanın kəsilən başıdır)

Yəni Allahın əzəli diləyi, sənin başının kəsilməsi deyildir. Sənin (nəfsani arzularını rədd etməyin və cəmali təcəllilərə nail olaraq) Ona təslim olmağındır. Bu səbəblə ona tam səmimiyyətlə təslim olmağa çalış.

Xülasə, ey noxud, bəlalara uğra, qayna (və kamilləşərək) mənliyindən təmizlən. Fani varlıqlardan qurtul. (ki, səadət tapasan!)

Məharətli və təcrübəli xanım bu sözlərin ardından noxuda onun qiymət və dəyərini xatırladar. Bu qiymət və dəyərinin necə artacağını da açıqlayaraq belə deyir.

“- Ey noxud! Sən su və palçıq bostanından ayrıldın, loğma oldun, dirilərə qarışdın. Qida oldun, insanların bədənlərinə girdin. Beləcə, həm qüvvət, həm də düşüncə oldun. Yəni bitki olaraq meydana gəlmişdin; indi isə heyvani ruh qazanıb güclən, meşələrdə aslan ol, sonra da bu gücünlə insani ruha xidmət et.

Vallah sən, öncə Haqqın sifətlərindən ayrılaraq gəldin. Tələs və təkrar yenə Onun sifətlərinə qayıt.

Ey noxud! Sən buluddan, yağmurdan, günəşdən, göy üzündən gələn nemətlərlə həyat tapdın. Indi isə nəfsinlə etdiyin savaşlarla ilahi sifətlərdən feyz aldın, göylərə ucaldın. Sən günəşin, buludun, yağmurların tərkibindən həyat tapdın. Sonra bişdin, ləzzət qazandın və yetişdin. Indi isə (saleh) bir insanın loğması olmaqla ona can verdin, güc oldun, iş oldun, söz və düşüncə oldun (və səmalara qalxıb ucaldın)”.

Daş kimi möhkəm noxudu bişirmək xüsusunda son dərəcə mahir usta olan bu mübarək xanım, onunla bir mənada Haqq yolçusunu təmsil edir. Bu kamillik yolunda həvəsli olmağın və məcburi deyil, məhəbbətlə hərəkət etməyin zərurətinə xüsusilə diqqət çəkir. Həzrət Mövlana məcazilikdən-məcaziliyə keçərək nəsihətlərini belə davam etdirir:

“-Ey Haqq yolçusu, hal belə olarsa o biri aləmə xoş bir halda (şəbi-arus halında, toy gecəsinə gedərcəsinə, yəni qəlbi səlim ilə) get, quldurların dar ağacına getdikləri kimi peşmanlıqla, zor gücünə, min cür əziyyətlə getmə.

Unutma ki, (tərbiyə olunmadığı üçün) ovçu ola bilməyən itin boyunduruğu olmaz. Əziyyətlərlə yorulmadığı üçün kamilləşməyən, xam birinin yoldaşlığı da ziyandan ibarətdir.

Bu dərin mənalı və təsiredici hikmətlər və ibrətlər qarşısında noxud boyun bükər. xamlıqdan qurtularaq kamillik yoluna səmimiyyətlə baş qoyar. İsmayıl -əleyhissalam- kimi təslim olar. Bütün məsələ də onsuz da bundan ibarətdir.

Nəticədə noxud, onu bişirən o məharətli xanıma cani-dildən və minnətdarlıqla belə deyər:

“- Ey fəzilətli xanım! Madam ki, iş belədir, yaxşıca qaynayım, sən də bu xüsusda mənə yardım et. Bu işdə sən mənim meracım kimisən. Çömçəni başıma vur ki, islah olum.

Necə də gözəl vurursan. Yəni ey mürşidim, mənim kimi dəyərsiz müridini nə yaxşı tərbiyələndirirsən. Mən tam mənası ilə sənə təslim oldum.

Beləcə, özümü qaynadaraq mücahidə ilə həqiqətə yol tapım. Əks təqdirdə insan varlıqlar dəryasında azğınlaşar”.

Bundan sonra o mübarək xanım özünün də yaşadığı bu mübarək həqiqəti anladaraq deyir:

“- Bundan əvvəl mən də sənin kimi yer üzünün güzlərindən, yəni yarımparçalarından biri idim. Alov kimi yandırıcı olan nəfslə savaşdım. Nəfsani duyğulara qalib gəlməyin zövqünü dadınca kamil bir insan oldum, (səadət tapıb, səadət saçdım).

Bir müddət yer üzündə coşdum, qaynadım; bir müddət də bədən qazanıma girdim, orada bişdim, qaynadım, daşdım, insan oldum.

Sən cansızlar aləmində ikən sənə hal lisanı ilə deyirdim ki: “O mərtəbədən yüksəl ki, insanlıq mərtəbəsinə gələ biləsən, mənaya mənsub sifətlər qazana biləsən”. Sən cansızlıqdan qurtulub canlı olunca, bir daha qayna dedim, heyvanlıqdan da sıyrıl, (insanlığa) yüksəl.

Bu təmsilləri, gizli işarələri yanlış anlayaraq ayağının sürüşməməsini, azğınlığa düşməməyini Allahdan istə!..”

Bu məcazilikləri həqiqətlərə əks etdirən Həzrət Mövlana nəsilləri ehya və irşad edəcək olan anaları, bir növ mürşidi-kamillərə bənzədir. Yəni bir qadın tərbiyə və irşad ilə nəsil yetişdirərkən mürşidi-kamil həssaslığı və incəliyinə diqqət etmək məcburiyyətindədir. Ona görə də iki böyük vəzifəsi vardır: biri böyüyəcək olanları, veriləcək tərbiyəyə razı salmaq; İkincisi də, bu tərbiyəni məharətlə həyata keçirmək.

Mürşidi-kamillərin etdikləri də əsasən bundan ibarətdir. Bu da onların özlərinin hər cəhətdən gözəl və tam yetişdirmələrinə bağlıdır. Yoxsa yarım həkim insanı candan etdiyi kimi, yarım tərbiyəçilər də nəsli pərişan edərlər…

Uşaqlar ata-anaya ehsan edilən ilahi əmanətlərdir. İslam fitrəti üzrə ata-analara təslim edilən uşaqların saf və parlaq qəlbləri, təmiz bir torpaq kimi əkilməyə hazır xam bir cövhər kimidir. Gələcəkdə onların tikan və ya gül, acı və ya dadlı meyvə verməsi, üzərilərinə atılan toxumların keyfiyyətindən asılıdır.

Güclü cəmiyyətlər güclü ailələrdən meydana gəlir. Güclü ailələr isə daha çox mənəvi tərbiyə almış; yəni nəfs maneəsini keçən fəzilətli anaların əsəridir. Bunun ən gözəl örnəkləri də xanım səhabələrdir. Onlar öz övladlarına canları ilə, malları ilə fədakarlıq etməyi öyrətmiş, övladlarının könüllərini Əziz Rəsulullahın məhəbbəti ilə yoğurmuşdurlar.

Haqq təala onlar kimi cənnət gülləri olacaq gözəllikdə övladlar yetişdirməyi cümləmizə ehsan etsin!

Amin!..

Osman Nuri Topbaş

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RAMAZAN MƏRHƏMƏT AYIDIR

“Ramazan ayı insanlara doğru yol göstərən, doğru yolu və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır....

Bağla