İbadətlər sadəcə fərdi həyat tərzini nizamlamır, eyni zamanda ictimai tarazlığı da tənzimləyir.
İnsanların isə ibadətlərə yaxınlaşma və onları icra etmə şəkilləri bir-birindən kifayət qədər fərqlənir. Əksər hallarda onlar bir çox sahələrdə olduğu kimi ibadətlər mövzusunda da öz mənfəətlərinə uyğun olan tərəfləri seçir. Bundan sonrakı növbəti mərhələdə də fərdlərin ibadətlərə bağlılıqları mənafeləri baxımından xarakterizə olunur.
Əgər bir ibadətin fərdi və ictimai faydaları varsa, insanlar daha çox həmin ibadətin fərdi faydalarına diqqət edir və çox vaxt ibadətin ictimai faydaları gözardı edilir. Buna səbəb olaraq toplumun fərdlərinin din haqqında düzgün maarifləndirilməməsini və öz eqolarının doyumuna çalışmalarını göstərə bilərik. Belə olan təqdirdə isə səmavi dinlərin insanlara aşılamaq istədikləri ictimai tarazlıq prinsipi çox zaman mümkünsüz kimi görünür.
Namaz qılmağa başlayan bir insanı ilk olaraq namazın və dəstəmazın onun fiziki sağlamlığına müsbət təsiri haqqında məlumatlar maraqlandırır. İlkin mərhələdə namaz ibadətinin sosial və ictimai münasibətlərə bilavasitə müsbət təsiri haqqında düşünənlər azlıq təşkil edir. Namaz qılmayan insanlar namaz qılan insanların özünə qapanıb təkbaşına ibadət etdiklərini düşünür. Ancaq bütün bunlar namaz ibadəti haqqında yanlış informasiyadan başqa bir şey deyildir. Namaz ibadətinin birbaşa ictimai münasibətlərə təşviq edən, toplumun birlik və bərabərlik içində yaşamasına dəstək olan bir ibadət olduğu unudulmamalıdır.
Dediklərimizin sübutu olaraq qeyd edə bilərik ki, dinimizdə toplu şəkildə edilən ibadətlərin fərdi şəkildə edilən ibadətlərdən daha fəzilətli olduğu bildirilir. Hətta Hz. Peyğəmbərimizin (s.ə.s): “Camaatla qılınan namaz təkbaşına qılınan namazdan iyirmi yeddi dərəcə daha fəzilətlidir” hədisi-şərifi bu məsələyə diqqəti artırır. Bu məsələyə əhəmiyyət verilib, təşviq edilməsinin başlıca səbəblərindən biri də odur ki, insanlar birlikdə etdikləri ibadətlər əsnasında bir-biriləri ilə yaxından ünsiyyət qursunlar, dostluq-mehribanlıq içərisində yaşasınlar və ən əsası da bir-birilərinin problemləri ilə yaxından məşğul olub problemləri ortaq həll etsinlər.
Bu gün camaat namazlarını qıldıqdan dərhal sonra məscidi tərk ediriksə, ətrafımızdakı digər insanlarla yaxından ünsiyyət qurmuruqsa və ya bir problem sahibinin probleminin həllinə çalışmırıqsa, deməli, Allahın bizdən istədiklərini tam şəkildə dərk edib icra etməyə çətinlik çəkirik. Burada qarşımıza iki məsələ çıxır: Ya biz etdiyimiz ibadətin mahiyyətini tam şəkildə dərk edə bilmirik, ya da ki, hər şeyin mahiyyətini yaxşı dərk etsək də, icraatımızda tənbəllik edirik.
Ramazan mövsümündə olduğumuz üçün oruc ibadətini əda edərkən də bu incə nüanslara diqqət etməyimiz lazımdır. Bildiyimiz kimi, oruc tutmağın əsas mahiyyəti səhərdən axşamadək ac qalmaqdan ibarət deyil. Eyni zamanda oruc tutduğumuz əsnada sadəcə ac insanları düşünməyimiz də bizim əsas məsuliyyətimizi icra etməyimiz demək deyil. Ramazan orucunun fərdi, ruhi təkamül kimi xüsusiyyətləri ilə birlikə bu ibadətin, deyə bilərik ki, əsas mahiyyəti sadəcə ac insanları düşünmək, onların halı ilə əhvallanmaq yox, ən azından bacardığın qədər bir və ya bir neçə acı doyurmaqdır.
Bildiyimiz kimi, oruc ibadətinin insan bədəninə fiziki olaraq bir çox faydaları vardır. Məhz ətrafımızda oruc ibadətini sadəcə arıqlamaq və sağlam olmaq məqsədilə əda edən insanlar da az deyil. Ancaq oruc ibadətinin mənəvi faydalarına baxdığımız zaman birinci mərhələdə biz, Uca Allahın bizlərə nəsib etdiyi nemətlərin qədrini bilmə və verilən nemətlərə şükür etmə şüuruna yiyələnirik. Bu mərhələdən sonra gələn mərhələ isə hiss etdiyin aclığı davamlı yaşayan insanların hallarıyla əhvallanıb onların qarnını doyurmağa çalışmaq, yəni bu ibadətin ictimai faydalarına köklənməkdir.
Unutmamaq lazımdır ki, oruc ibadətini əda edərkən bizim sadəcə ac insanları düşünməyimiz onların ac qarınlarını doydura bilməz. Belə ki, düşüncə icra edilmədiyi müddətcə heç bir əhəmiyyətə malik deyildir. Bu gün insanlığın qarşılaşdığı problemlərin də başlıca qaynağı insanların çox zaman sadəcə düşünmək mərhələsində qalmasıdır. Nə zaman ki, başqaları haqqında yaxşı düşüncələrimizi əlimizdən gəldiyi qədər icra etməyə başlayacağıq, o zaman bu dünyada ehtiyac sahibi və ac insanlar olmayacaq. Yox əgər yenə də düşünməyə davam etsək və başqalarının rifahı üçün feili icraata keçməsək, bu dünyadakı bütün insanlar oruc tutsalar da dünyanın ac insanları azalmayacaq.
ELDAR KƏRİMOV