VÜCUDUN DUASI ORUC

0

Allaha ibadət etmək üçün müxtəlif vasitələrdən istifadə etmək mümkündür. Vasitə deyəndə ki, Allahın bizə bəxş etdiyi nemətləri ilə Allaha ibadət edərək Onun rizasını əldə etməyi nəzərdə tuturuq. 

Məsələn, Allaha mal ilə edilən ibadətə zəkatı, bədənlə edilən ibadətə namaz və orucu, həm mal, həm də bədən ilə edilən ibadətə də həcci misal verə bilərik. Bunların hamısı bütövlükdə ibadət sayılır. Hamısı da İslamın əsas şərtlərindəndir.

Qurani-Kərimdə haqqında barmaqla sayılacaq qədər ayə nazil olan oruc ibadəti hər nə qədər namaz kimi geniş təfərrüatı ilə üstündə durulmasa da, fəziləti, hikməti, savabı həddindən artıq böyükdür. Oruc- vücudun duasıdır. Allaha bədənlə ibadətdir. Bütün vücudla Allaha qarşı təqvanı, ixlası, səmiyyəti və sevgini izhar etməkdir.

Biz gün ərzində qida qəbul etməsək, taqətdən düşüb fiziki gücümüzü itirəcəyik. Məlum məsələdir ki, insan aclığa, susuzluğa dözə bilmir. Ancaq oruc nə aclıqdır, nə də susuzluq. Oruc bir ibadətdir. Çox qəribədir ki, Ramazan ayı yaxınlaşanda, oruc tutmaq adı gələndə insanların əksəriyyəti ac-susuz qalmağı ağlına gətirir. Halbuki Ramazan ayı aclıq ayı deyil, əksinə, bolluq ayıdır, toxluq ayıdır. Təsəvvür edin ki, gün ərzində biz bir öynə yeməyi buraxmış oluruq. Buna baxmayraq səhər (yəni sahur) və axşam (iftar) yeməklərini yeyirik. Təkcə günorta yeməyini yemirik. Sadəcə müəyyən olunmuş vaxtdan müəyyən olunmuş vaxta qədər Allah üçün yeməkdən, içməkdən və orucu pozan əməllərdən uzaq dururuq. Bütün vücudumuzla Allaha ibadət edirik. Bu da vücudun Allaha olan duasıdır.

Oruc səssiz duadır. Dilimizlə istədiyimiz daunı Allaha edə bilirik. İstəklərimizi, arzularımızı Allah-Təalaya ərz edib Ondan diləyirik. Oruc tutmaq da bədənin Allaha olan ərzidir ki, Allahdan sağlamlıq və cəhənnəmə düşüb yanmamağı istəyir.

Biz bədənimizin xaricini, yəni dərimizi, bədən üzvlərimizi su ilə yuyub paklaşdırır və təmizləyə bilirik. Lakin daxili orqanlarımızı yuya bilmirik. Məsələn, mədənimizi mənəvi su ilə yumaq üçün oruc tutmaq lazımdır. Bir sözlə, bütün daxili orqanlarımızı oruc tutmaqla paklaşdırırıq. Namaz üçün dəstəmaz lazımdır. Zahiri təmizlik lazımdır. Ancaq oruc üçün belə zahiri təmizlik yoxdur. Çünki oruc batini təmizləyən ibadətdir. İnsanın daxilində olan paxıllığı, həsədi, kini, küdurəti və qəddarlığı yuyub təmizləyən ibadətdir. Oruc hərisliyin, sadəcə yemək üçün yaşayanların, ömrünü yemək-içməyə həsr edənlərin yeganə dərmanıdır. Oruc ac qala-qala tox olmaqdır. Oruc göz toxluğudur.

Oruc sadəcə yeməkdən, içməkdən imtina etməklə də bitmir. Hisslərimiz də oruc tutmalıdır. Niyyətimiz, qəlbimiz, beynimiz, qulağımız, gözümüz də oruc tutmalıdır. Gəmidə yaranan bir dəlik bütün gəmini batırdığı kimi, oruc tutanın da bir üzvü orucdan kənar əməl işləyərsə, bütün orucun fəzilətini, hikmətini puça çıxarmış olar. Dil söyüş söyməkdən, qeybət etməkdən, böhtan atmaqdan, yalan deməkdən, qulaq qeybətə qulaq asmaqdan, göz harama baxmaqdan, ayaqlar harama getməkdən, əllər günah işləməkdən çəkinməsə, vücudun dausı qəbul olmaz. Yəni oruc natamam qalar. Allaha həmd, salavat ilə başlanmayan dua yer ilə göy arasında qaldığı kimi, vücudun hər hansı bir üzvü də “oruc” tutmayıbsa, vücudun duası qəbul olmaz.

Bədənimizin də duaya, ibadətə ehtiyacı var. Mədəmizin də duası orucdur. Oruc qul ilə Rəbbi arasında gizli dialoqudur. Səssiz rabitədir. Sözsüz, kəlməsiz, şərhsiz Allaha yalvarmaq oruc ibadəti ilə mümkündür. Hisslərimizin, istəklərimizin, arzularımızın, duyğularımızın və xəyallarımızın saflaşdığı mübarək Ramazan ayında vücudumuzun bütün hüceyrələrinin də nəsib aldığı oruc həm sağlamlıq, həm bərəkət, həm də məlhəmdir.

Mədədə həzm mədə şirəsinin təsiri altında gedir. Sutkada iki litr mədə şirəsi ifraz olunur. Əvvəlcə mədə divarının hərəkəti sayəsində qida qarışır və həll olunur. İstər mədədə qida olsun, istər olmasın şirənin ifrazı davam edir. Çox qəribədir ki, əgər adi günlərdə biz bir öynə yemək yeməsək, dərhal mədəmiz ağrıyar, aclıqdan taqətdən düşərik. Mədəmiz boş qalsa, şirə ifrazatı davam etdiyinə görə bu da mədəmizin ağrımasına səbəb olar. Ancaq nə böyük hikmətdirsə, oruc tutan adamın gün ərzində mədəsinə heç nə daxil olmasa belə, mədə öz ifrazatı dayandırmış olur. Bu da orucun saysız-hesabsız hikmətlərindən biridir.

 Oruc insan vücudunun duasıdır. Səhərdən axşama qədər vücudumuz Allahın bəxş etdiyi səbir və səbatın nəticəsində daha gümrah və sağlam olur, paklaşır. Allah-Təala bizi bu Ramazan orucu ilə Rəyyan qapısından girənlərdən eyləsin.

İLHAM SOVQATOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN İLAHİYYAT İNSTİTUTUNA REKTOR TƏYİN OLUNUB

Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin...

Bağla