İmtahan üçün gəldiyimiz dünya həyatında Rəbbimiz bizim üçün saysız nemətlər yaratmışdır.
İnsanın ən böyük qulluq borcu özünə verilən bu nemətlərin sahibini dərk etmək, bəxş edilən nemətlərə şükür borcunu əda etməkdir. Beləliklə verilən nemət və fürsətlər eyni zamanda ilahi imtahandan keçmək üçün bir vəsiləyə çevrilmiş olur. Yaşadığımız Ramazan ayını da əhatə edən və bir çoxlarımızın bildiyi məşhur bir hədisi-şərifdə Kab bin Ucrə (r.a) belə rəvayət edir:
Rəsulullah (s.ə.s) minbərə yaxın oturmağımızı istədi. Dərhal minbərin dibində oturduq. Rəsulullah bir pillə çıxdı və “Amin!”, -dedi. Sonra bir pillə də çıxdı və yenə “Amin!”, -dedi. Sonra daha bir pillə çıxdı və: “Amin!”, dedi.
Minbərdən düşdükdən sonra:
“- Ey Allahın Rəsulu, bu gün sizdən daha əvvəl heç vaxt eşitmədiyimiz bir şey eşitdik”, -deyərək məsələnin hikməini soruşduq.
Həzrət Peyğəmbər buyurdu:
“Minbərdə ikən Cəbrayıl (ə.s) gəldi. Birinci pillədə:
“- Ramazani-Şərifə qovuşduğu halda günahları bağışlanmayan kəs rəhmətdən uzaq olsun!”, -dedi, mən də “Amin!”, -dedim.
İkinci pilləyə çıxanda:
“Yanında adın zikr olunduğu halda Sənə salavat gətirməyən kəs rəhmətdən uzaq olsun!”, -dedi, mən də: “Amin!”, -dedim.
Sonra üçüncü pilləyə çıxanda:
“- Ata-anasının ixtiyar çağına çatdığı halda və ya onlardan birinin yaşlandığını gördüyü halda cənnəti qazana bilməyən kəs rəhmətdən uzaq olsun!”, -dedi. Mən də “Amin!”, -dedim”. (Hakim, Müstədrək, IV, 170)
Hədisi-şərifdən gördüyümüz kimi bu üç nemət bizim cənnətə girməmizi asanlaşdıran ilahi lütfdür. İnsanı ilahi rəhmətə və cənnətə o qədər yaxınlaşdırır ki, tənbəllik edərək bundan faydalanmayanlar göz görə-görə özlərinə qəsd etmiş sayılırlar.
Ramazani-Şərif Allah-Təalanın hər il tam bir ay boyunca rəhmət qapılarıını açıq saxladığı mübarək bir zamandır. Mənəvi duyğuların cuşa gəldiyi, bəndənin az əməl işləyərək artıqlamasıyla savaba nail olduğu müstəsna bir zamandır. Nəfsini cilovlayaraq bir ay boyunca oruc tutan, sadəcə yemək və içməyi tərk etməyib, eyni zamanda bütün əzalarını haramlardan, şübhəlilərdən qoruyan, ilahi əmrlərə həssaslıqla tabe olan bir insan bu aydan günahlardan tərtəmiz olaraq çıxar. Həzrət Peyğəmbərin buyurduğu kimi “Kim inanaraq və savabını Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar.” (Buxari, İman 28, Müslim, Siyam, 203)
Həzrət Məhəmməd (s.ə.s) Allah-Təalanın bütün bəşəriyyət üçün göndərmiş olduğu bir qurtuluş vəsiləsidir. Rəbbimiz məxluqat içindən Onu seçərək Özünə ən yaxın etdi. Yalnız Onun adını Öz adı ilə yanaşı zikr etdi. Ömrünə and içdi. Və buyurdu: “Halbuki sən onların arasında ola-ola Allah (sənə hörmət əlaməti olaraq) onlara əzab verən deyildir…” (əl-Ənfal, 33) Onun olduğu toplum ilahi əzabdan azaddır, rəhmətə yaxındır. Elə isə onu hər zaman öz aramızda hiss etməliyik. O yeganə insandır ki, kimliyindən, tutduğu mövqesindən, sahib olduğu vəzifəsindən, cəmiyyətdəki yerindən asılı olmayaraq hər kəs üçün ən mükəmməl örnəkdir. Onu bütün qəlbimizlə sevməli, bu sevgi hərəkətlərimizə sirayət etməlidir. Sevərək itaət, sünnəsini həyata tətbiq etmək üzərimizdəki ümmət borcudur. Elə bir borc ki, mərhum şair Mehmed Akif belə dilə gətirmişdir:
Dünya nəyə sahibsə, Onun vergisidir hep:
Mədyun[1] ona cəmiyyəti, mədyun ona fərdi.
Mədyundur o məsuma bütün bir bəşəriyyət
Ya Rəbb, bizi məhşərdə bu iqrar ilə həşr et.
Ata-anaya yaxşılıq xüsusunda İslam dini bir çox qayda-qanunlar qoymuşdur. Bizi dünyaya gətirən, böyüyüb boya-başa çatmamız üçün əlindən gələni əsirgəməyən o ali varlıqlara hörmət hə bir insanın ən ümdə vəzifələrindəndir. Haqq-Təala buyurur: “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de.” (əl-İsra, 23-34)
Diqqət ediləcək bir xüsus var ki, valideynə yaxşılıq etmək əmrini Allah-Təala özünə ibadət etmə əmrindən sonra zikr etmişdir. Bu da məsələnin nə qədər mühüm olduğunu göstərməsi baxımından kifayətdir. Başqa bir ayədə də Haqq-Təala: “Biz insana ata-anasına yaxşılıq etməyi (valideynlərilə gözəl davranmağı, onlara yaxşı baxmağı) tövsiyə etdik. Çünki anası onu (doqquz ay bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur. Onunla (ana bətnində) daşınma və (süddən) kəsilmə müddəti otuz aydır…”, (əl-Əhqaf, 15) -buyuraraq dünyaya gəlişimiz və həyatımız üçün onların hansı zəhmətlərə qatlandığını xatırladır. Məhz belə bir varlığa qarşı laqeyd qalmaq, bizə ehtiyacları olduğu zaman qayğılarını çəkməmək böyük günah sayılmışdır.
Əshabi-kiramın nəql etdiyinə görə bir gün Həzrət Peyğəmbər belə buyurdu:
“- Üç böyük günahın nə olduğunu sizə xəbər verimi?” Biz:
“- Bəli, ya Rəsulallah!”, -dedik. Həzrət Peyğəmbər belə buyurdu:
“- Allaha şərik qoşmaq, ata-anaya qarşı gəlmək, yalan yerə şahidlik etmək”. Bunu o qədər çox təkrarladı ki, öz-özümüzə: “Kaş ki, susaydı, özünü bu qədər yormayaydı, -deyə düşündük.” (Buxari, Müslim, Tirmizi)
Yenə bir nəfər “Ya Rəsulallah, ata-ananın övladı üzərində nə haqqı var?” –deyə soruşmuş, Həzrət Peyğəmbər (s.ə.s) də:
“- Onlar sənin ya cənnətin, ya da cəhənnəmindir”, -buyurmuşdu. Nəbəvi xəbərdarlıqdan da açıq görürük ki, onlara itaət və xoş rəftar yolumuzu cənnətə çıxarır. Bunun əksi isə insanı cəhənnmə sürükləyir.
Həzrət Aişə belə nəql edir:
“Rəsulullah (s.ə.s)-in yanına bir nəfər gəlmişdi. Yanında da yaşlı bir adam vardı. Allah Rəsulu (s.ə.s):
“Ey filankəs, yanındakı kimdir?”, -deyə soruşdu. O da:
“Atamdır”, -cavabını verdi. Bu cavabı alan Fəxri-Kainat (s.ə.s) belə buyurdu:
“- Onun önündə getmə, ondan əvvəl oturma, onu adıyla çağırma və başqasının onu təhqir etməsinə səbəb olma!” (Heysəmi, VIII, 137)
Bu hədisi-şərif valideynlərlə davranış qaydalarının əsasını təşkil edir. Yaxşı bir övlad heç vaxt onların önünə keçməməli, bir söz söylənəcək, fikir bildiriləcəksə, ilk sözü onlara həvalə etməlidir. Verdikləri məsləhətləri can qulağıyla dinləmək hər zaman xeyir gətirər. Yolda gedərkən, bir məclisdə iştirak edərkən onlara qarşı hər hansı hörmətsizlik etməməlidir. Başqasının onları təhqir etməsinə səbəb olmaq məsələsinə gəldikdə isə bu, kiminsə böyüklərini təhqir etmək nəticəsində öz valideyninə söydürmək sayılır.
Xülasə, valideyni sevmək, ehtiram və təzimdə qüsur etməmək, qayğılarını çəkmək, xidmətlərini layiqincə ifa etmək hər bir övladın borcudur. Ata-anası dünyadan köçmüş olanlar da hər fürsətdə onları xeyirlə yad etməli, işlədikləri saleh əməllərin savabından onların da əməl dəftərinə yazılmasına cəhd göstərməlidirlər. Allah dostlarından Abdurrahman Cami nə gözəl söyləmişdir:
“Mən anamı necə sevməyim ki, o məni bir müddət bətnində, uzun bir zaman ərzində qucağında, ölüncəyə qədər də qəlbinin şəfqət guşəsində gəzdirmişdir…”