BİR AN DA ZAMANDIR

0

Tövbədən niyə uzaq dururuq? Çünki çoxumuz mənim günahım yoxdur ki, tövbə edim, deyirik. Bəzən namaz qılan adama deyirik: “Yəqin yazığın o qədər günahı var ki, gecə gündüz bağışlanmaq üçün Allaha yalvarır”.

Sənin heç bir günahın yoxdur. Ancaq bir şeyə də maraq göstərib soruşuram: gecə yorğanı başına çəkib vicdanınla baş-başa qalanda bu günü necə keçirdim deyə düşünürsənmi? Təbii ki, düşünürsən və deyirsən, mən bu gün filan işi gördüm, sonra filan işi, filankəslə danışdım, filan yerə getdim. Burada heç bir günah yoxdur. Günahım olmadığı üçün tövbəyə nə hacət? Olsun. Mən isə düşünürəm, filan işi görərkən niyyətim nəydi, içimdən hansı hissləri keçirdim. Bu işi görərkən Allahın razılığını düşündümmü, yoxsa başım işə qarışdığından unutdummu? Unutdum, öz məişətimi, məmnunluğumu, əldə edəcəyim mənfəəti düşündüm. Adi şeylərdir, günah bunun harasındadır?
Səni bilmirəm, ancaq bu, mənim üçün günahdır. Sonra qonşumla söhbət edirəm, o da, o ki var filankəsin, sonra da filankəsin qarasına danışır, mən də sakitcə qulaq asıram, arada etiraz etdiyim də olur, amma qeybət qırmağa xeyli zaman xərcləyirəm. Sonra telefon zəng çalır, danışmaq istəmirəm, amma dəstəyi götürüb danışıram. Üstəlik onun etika xətrinə dediyi “deyəsən narahat etdim” sözünə də “yox, nə danışırsan yaxşı ki, zəng vurdun” deyib yalan danışıram. Bir azdan uşaq məktəbdən qayıdır və qaşqabağını töküb deyir: “Mən dərsi yaxşı danışdım, amma müəllim qiymətimi kəsdi”. Mən isə ona “heç nə olmaz” desəm də, ürəyimdə “Əlləri qurusun həmin müəllimin” deyirəm. Çıxıb ətrafa göz gəzdirəndə qonşumun evinin mənimkindən böyük və hündür olduğunu görüb əhvalım pozulur, öz-özümə düşünürəm o niyə məndən yaxşı evdə yaşayır? Yoldan keçənə bax, o da özünü adam sayır, ona bax, meymuna oxşayır…
Bir gündə bu qədər şey keçirsə ağlımdan, görün nə qədər günah edirəm? Bütün bunlar tövbə ediləcək günahlar deyilmi? Yəni doğrudanmı, kimsə bu cür hisslər keçirmir? Əlbəttə, keçirir. Sən də bu hissləri keçirirsən. Ancaq mən səndən fərqli olaraq boynuma alıram, ağlımdan keçən hər hiss üçün özümü məsul hesab edirəm. Hər hissimdəm, ani duyğumdan sonra da Allah sanki mənə deyir: “Qəflətə düşmə, qəlbindən keçən hər hiss üçün cavab verməlisən, Mən sənin ətinlə dərinin arasında olanı, qəlbinin sən bilmədiyin dərinliklərini bilirəm”. Mən çəkinirəm, qorxuram, ağlıma gələ biləcək hər düşüncədən, vücudumun keçirə biləcəyi hər hissdən qorxuram və özümü hər an keşikdə durub məntəqəsini qoruyan əsgər kimi hiss edirəm. Sən isə “mən nə deyirəmsə, düz deyirəm, yalan deyil ki?!” deyərək özünə bəraət qazandırırsan. Günah saymırsan, peşman olmursan, tövbə edərək yanlış hisslərinə son qoymursan. Sonra da mənim nə günahım var deyərək, başqalarında günah axtarırsan. Tanrının, incə əyirib sıx toxuyan, ömrünün bir anını belə nəzərdən qaçırmayan “gözlər”indən yayınacağınımı sanırsan? Bir an yayınsan, bir an özünü taleyinin ağası zənn etsən, qafil olsan…
Allahın rəhminə və mərhəmətinə arxayın olub pusquda duran şeytana fürsət verməkdir qafil olmaq, özünü Allah yanında bir anlıq mötəbər insan sanmaq. Bəzən həmin bir an insanı güdaza verə bilər. Bir ömrü ibadətlə keçirsə də insan, bəzən qəlbində olan qara bir nöqtə bir gün öz rəngini büruzə verib, baş qaldırır və səni güdaza verir, amma sən mən günahsızam deyib fəryad edirsən, bir belə ibadətim boşunamı getdi deyib üsyan edirsən.  Beləcə “insan Cənnətə bir addım qalmış cəhənnəmə düşür, ya da Cəhənnəmə bir addım qalmış Cənnətə düşür…”.
 
Ömrümüz anlardan ibarətdir. Bir an zamanın genişliyində bir toz dənəsi kimi önəmsizdir. Tarlanın arasında bir toz dənəsi görünürmü? Səhrada bir qum dənəsi yox olarsa, nə dəyişər? Əlbəttə bu, bizim üçün belədir. Biz önəm vermirik bir qum dənəsinə, torpağın bir tozuna. Eyni zamanda, ömrümüzün anlarına deyil, saatına, gününə, ayına, ilinə baxırıq. İllər ötdükcə qocalırıq, bunu düşünürük, saatımız keçir buna baxırıq, dəqiqələrimiz də bəzən diqqətimizdə olur, ancaq anlarımızı heç anmırıq, həyatımızı təşkil edən anları unuduruq.
Hər şey bir anda baş verir. Nəfəs bir anda çıxır, insan bir anda aşiq olur, bir anda da nifrət edir. Bir anın hökmü böyükdür, bir an zamandır, “zaman Cənnətə yenidən qayıda bilmək üçün bizə verilən nemətdir”. Bu neməti başqalarına, yəni başqalarını araşdırmağa sərf etməkdənsə, özümüzü araşdırsaq nə olar? Çiynimizə şeytanın yüklərini yükləmək bizə lazımdırmı? Nə qədər ki, zaman bizim üçün nemətdir, əlimizdən çıxmayıb, bu yükləri bir-bir çiynimizdən ataq, yüngülləşək, Cənnətin yolunda qanad olsun tövbələrimiz. Çünki Cənnət əski türkcədə uçmaq deməkdir. Uçmaq ağır yüklərlə, mənəvi yüklərlə olmur, bu, tövbələr vasitəsilə arınmaq, sıyrılmaq, nəfsin qınından çıxmaqla olur.

Ayişə NƏBİ

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İLK MƏSCİD və İLK MƏKTƏB

İlk Məscid Məlum olduğu kimi Rəsulullahın (s.ə.s) Mədinəyə hicrətindən sonra səhabələrlə birlikdə inşa etdiyi ilk məscid Məscidi-Nəbəvidir. Məscidi-Nəbəvinin İslam dövlətinin...

Bağla