İNSAN ALLAHI UNUDARSA

0

Əşrəfi-məxluqat olaraq yaradılan insan Rəbbi tərəfindən müxtəlif nemətlərlə təchiz edilmişdir. Nədənsə hər zaman ilahi nemətlərə misal olaraq əsasən yediklərimiz və maddi olaraq sahibləndiklərimiz göstərilir.

Halbuki bizə verilən ən böyük nemət hisslərimiz, duyğu və düşüncələrimizdir. Əslində xəyal qurmaq, fikirləşmək, sevinmək, kədərlənmək və bu kimi bütün hisslər bizə verilən hədsiz dərəcə qiymətli nemətlərdir. İnsan nisyan sözündən törəmişdir və unutqan varlıqdır. Şərqin dahisi Mövlana Cəlaləddin Rumi insanın nisyanını əslində Allahın ona verdiyi nemət sayır. 

Çünki insan unutmasa, başına gələn hər bir müsibət, itirdiyi yaxınları hər daim yaddaşında canlanar ki, bu da həyatı yaşanmaz və çəkilməz edərdi. Hər gün qarşılaşdığımız onlarla, yüzlərlə neqativ halları, şahidi olduğumuz haqsızlıqları unutmasaydıq, bu yükü daşımağa dağların da gücü çatmazdı. Unutmaq bəzən insan üçün faydalıdır. Eyni zamanda unutmaq bəzən insanın mənəvi halının da yüksəlməsinə xidmət edir. Məsələn, işlədiyi saleh əməlləri, başqalarına qarşı yaxşılıqlarını unudaraq insan lovğalanmaqdan müəyyən qədər qurtulmuş olur. Lakin unutmamalı olduğumuz bir şey var: hər bir nemət eyni zamanda insanın həlakına da səbəb ola bilər. Unutmalı olduqlarımızı unutmadıqda, unutmamalı olduqlarımızı unutduqda əbədi səadətdən məhrum olmaq təhlükəsi ilə qarşı-qarşıya olduğumuzu yaddan çıxarmamalıyıq.

İnsanın Allahı unutması ilk növbədə özünü unutması ilə başlayır. Aldadıcı dünya həyatı, sahib olduğu imkanlar, yüksəldiyi ali məqamlar bəzən insana özünü unutduraraq onu var-dövlətin, kreslonun, ehtirasla tamah saldığı qarşı cinsin əsirinə çevirir. Maddəyə əsir olan və dünyanı hədəf halına gətirən insanlar zamanla özlərini unudaraq haradan gəlib haraya getdiklərindən bixəbər yaşamağa başlayarlar. Beləliklə insan hər gün özündən bir az daha uzaqlaşaraq həyat qayəsini və Yaradanı unutmağa başlayır. İnsanın Allahdan qafil qalması isə onun dibi görünməz bataqlığa düçar olması ilə nəticələnir. Uca Allah bu haqda Qurani-Kərimdə belə buyurur: “Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin!. (əl-Həşr, 19) Ayeyi-kərimədən başa düşdüyümüzə görə Allahı unutmaq insana özünü və insanlığını da unutduraraq onu əsfələ-safilinə sürükləyər. Həqiqətən bir insan sahibinin Allah olduğunu və o uca Yaradanın hər şeyə şahid olduğunu unutduqda daxilində var olan bütün alçaq əməlləri işləmə potensialını asanlıqla üzə çıxarda bilir. Ona görə də deyilmişdir ki, insan Allahı unudarsa, məxluqatın ən şərlisinə və zərərlisinə çevrilə bilər. Çünki bütün günahlar, rəzilliklər Allah unudulduğu zaman işlənməyə başlayır. Tarixə baxdığımız zaman ən azğın diktatorların Allaha imanında, inanc sistemində müəyyən problemlərin olduğunu görmək mümkündür. Hansı sinfin nümayəndəsi olmasına baxmayaraq Allahı unudanlar olduqları yerdə ətrafa zərər saçan şərli məxluqlardır. Bir mühəndis Allahı unudarsa, tikdiyi binanın zədəli olması nəticəsində insanların zərər çəkəcəyinə məhəl qoymaz, nəticədə isə kiçik bir sarsıntı ilə yerlə-yeksan olan binalarda ölənlərin sayı-hesabı olmaz. Allahı unudan müəllim təlim-tərbiyə verməsi üçün özünə həvalə edilən uşaqların istedadını zay etməkdən heç bir vicdan əzabı duymaz. Əli silah tutan bir hərbçi Allahdan qafil olarsa, rahatlıqla silahını hərb meydanına çevrilən bir ölkənin sivil insanlarına qarşı çevirə bilər. Allahı unudan bir həkim ölüm-dirim savaşı verən xəstəsi əməliyyat stolunda onu gözləyərkən, heç bir vicdan ağrısı duymadan xəstə sahiblərindən nə qədər pul alacağına dair planlar qurar. Xülasə, bütün pisliklər, zərərli əməllər Allahın unudulduğu zaman həyata keçirilməyə başlayır. Keçən əsrdə bəşəriyyətin yaşadığı hər iki dünya müharibəsi, hal-hazırda yaşanan İraq, Suriya, Myanma və bu kimi müharibə ocaqlarında insanların asanlıqla qırğına verilməsi, təcavüzə məruz qalması kimlərinsə Allahı unutması hesabına həyata keçir. Elə isə hər bir fərd kimliyindən asılı olmayaraq Rəbbini unutmamağa səy göstərməlidir. Uca Rəbbimiz Qurani-Kərimdə buyurur: “Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona şeytanı ürcah edərik və onun (şeytanın) yaxın dostu olar.” (əz-Zuxruf, 36) Deməli, hər kəsin şeytana yaxınlıq dərəcəsi Rəbbini unutma nisbətinə bağlıdır. Unutmağın ziddi isə xatırlamaq, zikr etmək, yada salmaqdır. Deməli, hər kəs Rəbbini yad etdiyi nisbətdə şeytandan uzaqdır. Həzrət Peyğəmbər insanın günah işləməməsi üçün çox gözəl bir düstur təyin etmişdir: “Harada olursan ol, Allaha qarşı təqva üzrə ol!.. (Tirmizi) Çünki Yaradana qarşı təqva üzrə ömür sürənlər yaradılanlara, dolayısıyla özlərinə əsla zərər verməz və zülm etməzlər. Həyatın heç bir anında Allahı unutmamaq arzusu ilə…   

Nurlan MƏMMƏDZADƏ  

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
RƏSSAMI, YOXSA RƏSMİ BƏYƏNMİRİK?

Rəsulullah ( s.ə.s ) belə buyurmuşdur: “Mömin adama bir ağrı, bir yorğunluq, bir xəstəlik, bir kədər, hətta kiçik bir dərd...

Bağla