İlk növbədə fərd olaraq önə çıxan insan mütləq şəkildə sosial mühitə, özü kimi digər insanlarla ünsiyyətə möhtacdır. Çünki bu, insanın təbiətində var olan fitri istək və təmayüldür. Sosial mühit isə ilk növbədə ailədən başlayır. Tez-tez oxuduğumuz, eşitdiyimiz bir söz var:
Xoşbəxt ailəyə sahib olmağın bir neçə əsas və vazkeçilməz prinsipi var. Təəssüf ki, bu gün əksəriyyətlə həmin qayda və prinsiplər gözardı edildiyi üçün ailələr pərişan vəziyyətdədir. Görəsən, diqqətdən qaçırdığımız, əslində isə bir-birini tamamlayan bu prinsiplər nələrdir
Nikah məfhumu
İlk növbədə nikahın mahiyyətini və fəlsəfəsini qavramaq lazımdır. İslama görə ailə dediyimiz kiçik cəmiyyətin təməlləri iki fərdin – qadın və kişinin nikah adlanan əqdlə bir-birinə bağlanması ilə atılır. Nikah qadın və kişinin sadəcə şəhəvi istəklərini təmin vasitəsi deyil, onların bir-birində bütünləşməsinə şərait yaradan sözləşmədir. Bir növ, əhd-peymandır. Dinimizdə nikah pakdır, müqəddəsdir. Ona görə də nikaha ləkə düşürəcək addımlar atmamaq lazımdır. Nikah eyni zamanda bir xeyir-duadır, yeni bağlanan evlilik əqdi üzərində Allahın varlığının bir daha xatırlanmasıdır. İlahi əmrə görə nikah ailə qurmamız üçün bir vasitədir və bunun fərqinə varmaq qurulan ailənin də ilahi nizamın bir parçası olduğunu idrak etməkdir. Məhz belə olduqda və qurulan ailənin başı üzərində ilahi varlıq hiss edildiyi zaman hər şey ilahi qanunlar çərçivəsində həyata keçər. Təbii ki, hər şeyin maddiyatla ölçüldüyü müasir cəmiyyətimizdə və hüzurdan məhrum ailələrin artdığı bir dövrdə, hər şeyin Allahdan gəldiyini bilən ailələr daha xoşbəxt həyat sürürlər. Nikah Allah Rəsulunun Vida xütbəsində ümmətinə etdiyi tövsiyənin yeni qurulan hər bir ailəyə bir daha təlqin edilməsidir: “Siz qadınları Allahdan əmanət olaraq aldınız, onları Allah adına söz verərək özünüzə halal etdiniz. Sizin qadınlar üzərində haqlarınız olduğu kimi, onların da sizin üzərinizdə haqqı var”
Qarşılıqlı sevgi və hörmət anlayışı
Bizi yaradan Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir” (Rum, 21). Buradan anlayacağımız kimi Haqq-Təala evlənənlər arasında ya əvvəldən, ya da evləndikdən sonra bir sevgi yaradır. Bu sevgi cütlükləri bir-birinə bağlayır və onları ayrılmaz bütünə çevirir. Amma sevginin qorunub saxlanması, ona xələl gəlməməsi bizim öz əlimizdədir. İnsana hörmət dinimizin əmr və tövsiyələrindəndir və insanlar arasında sevgi bağları quran ən mühüm vasitədir. Xüsusilə insanın öz həyat yoldaşına ehtiram göstərməsi arada yaranan sevgini, məhəbbəti daha da gücləndirməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bəlkə də ailə sevgi üzərinə qurulmaya bilər, amma qarşılıqlı hörmət, ər-arvadın bir-birinə dəyər verməsi arada sevginin yaranmasına vəsilə olur. Lakin sevgi üzərinə qurulub hörmət və ehtiramla davam etməyən ailələr sevginin getdikcə azalması, nəhayət, yox olması təhlükəsi ilə qarşı-qarşıyadırlar. İnsanın öz həyat yoldaşından gördüyü ehtiram onda özünə güvən yaradır və cəmiyyətdəki mövqeyini gücləndirir. Şeyx Şamildən nə üçün bu qədər hörmət sahibi olduğunun səbəbini soruşanda bu cavabı vermişdi: “Ailə quranda həyat yoldaşım mənə çox hörmət edirdi. Ona baxıb övladlarım da hörmət etməyə başladılar. Onlara da baxıb el-obam mənə hörmət etdi. El-obamın mənə qoyduğu hörməti görən millətim də məni sevdi”.
Ailə fərdlərinə nümunə olmaq
İnsanlar daim nümunə götürəcəkləri şəxsiyyət axtarışındadırlar. Eyni atmosferi paylaşanların bir-birinə təsiri danılmazdır. Biz ətrafımızdakı insanlardan pis və ya yaxşı mənada təsirləndiyimiz kimi öz davranışlarımızla da onlara təsir etmə gücünə sahibik. Elə isə hər kəs ailədə əvvəlcə özünü düzəltməyə çalışmalıdır. Məşhur atalar sözündə deyildiyi kimi “Üzüm üzümə baxa-baxa qaralar”. İlk növbədə ailədə kişi və qadın bir-birlərinə nümunə olmalıdırlar. Belə olduğu zaman cütlüklərdən birinin hansısa mənfi davranışı və ya vərdişi varsa, qarşı tərəfdən nümunə götürərək o xətasını düzəltmə imkanı tapar. Buraya Hz. Peyğəmbərin “Mömin möminin güzgüsüdür” hədisini də əlavə etsək, məsələnin əhəmiyyəti daha yaxşı anlaşılar. Evdə ən çox nümunə götürən tərəf sözsüz ki, ailədə böyüyən uşaqlardır. Uşaq atasını və atasını təqlid etməyə meyilli olduğu üçün onların əxlaqı ilə əxlaqlanar. İçki içən, iki sözündən biri söyüş olan atanın övladına təsiri əlbəttə ki, mənfi olacaqdır. Yaxud anasının bütün günü qonşularla qeybət edən, ev işlərində kifayət qədər fədakarlıq etməyən bir qadın olduğunu görən qız uşaqları gələcəkdə ailə qurduqları adamı xoşbəxt etməyin yollarını tapa bilməzlər.
Burada xüsusilə qeyd etməli olduğumuz bir məsələ də var. Elə bir ailə yoxdur ki, ər-arvad arasında müəyyən narazılıqlar yaşanmasın. Məhz belə bir vaxtda uşaqların yanında edilən mübahisə, dava-dalaş onların kiçik və pak dünyalarını qaranlığa qərq edir. Valideynlərinə olan hörmət hissləri zədələnir, yavaş-yavaş nifrət duyğuları baş qaldırır. Əgər cəmiyyətimizin sabahına sağlam fərdlər vermək istəyiriksə uşaqlarımızı bu kimi problemlərə müdaxil etməməliyik.
İbadətə təşviq
İnancımıza görə, bu həyata bir dəfə gəlirik və hər birimiz əbədi həyat sürəcəyimiz axirətin yolçularıyıq. Bizi gözləyən biçin mövsümündə dünya tarlamızda əkdiklərimizi toplayacağıq. Elə isə ən gözəl bar verən ağacları bu dünyada birlikdə əkək ki, sabah məhşər günü meyvələrini də birlikdə yığa bilək. Bu dünyada xoşbəxtlik və səadət içində yaşadığımız ailəmizin əbədi aləmdə də davam etməsini istəyiriksə, bütün ailə fərdləri ilə birlikdə buna tədarük görməliyik. Bunun yolu ailə üzvlərinin bir-birlərini Allahın rizasını qazandıracaq gözəl əməllərə, ibadətlərə, xeyirxah işlərə təşviq etməsindən keçir. Haqq-Təala müqəddəs kitabımızda Həzrət Peyğəmbərə və onun timsalında hər birimizə belə buyurur: “Əhlinə namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et” (Taha, 132). Həzrət Peyğəmbərin həyatına baxdığımzı zaman bunun ən gözəl nümunələrini görürük. Allah Rəsulu ibadətə çox düşkün idi və ailəsini də buna təşviq edərdi. Gecələr namaz qılar, sonra xanımlarını da namaza qaldırardı. Hətta qızı Hz. Fatimə ilə kürəkəni Hz. Əlini də təhəccüd namazına təşviq etdiyinə dair hədislər mövcuddur. Rəsulullah (s.ə.s) bir hədisində buyurur: “Gecə namaz qılan (təhəccüd namazı) xanımını da oyadan, oyanmadığı zaman üzünə su çiləyən (oyandıran) kişiyə Allah rəhmət etsin. Gecə namaz qılan, ərini də oyadan, oyanmadığı zaman üzünə su çiləyib oyadan qadına da Allah rəhmət etsin”. Həyat yoldaşımızı, xüsusilə övladlarımızı şirin yuxudan oyatmağa qıymadığımız zamanlar bu hədisi yada salmalıyıq.
Qurani-Kərimdə Hz. İbrahimlə Hz. İsmayılın Kəbəni birlikdə təmir etmələrindən, sonra isə yenə birlikdə dua etmələrindən söz açılır, İmran ailəsi öyülür, Hz. İsanın anası Məryəmə qarşı mülayimliyi qeyd olunur. Bütün bunlar bizim üçün ailə daxilində İslamı yaşamağımız, beləliklə də dünya və axirət səadətinə nail olmağımız üçün ən gözəl nümunələrdir.
Mənbə: irfandergisi.com