HƏZRƏT PEYĞƏMBƏRİN GƏNCLƏRİ YETIŞDİRMƏ METODU NECƏ İDİ?

0

Günümüzdə ən çox diqqətə və qayğıya möhtac olan qrupların başında gələn hər cəmiyyətin gələcəyinin qurucuları və qoruyucuları qəbul edilən gənc nəsil gəlir. Çünki texnologiyanın danılmaz şəkildə tərəqqi tapdığı və eyni zamanda bu tərəqqisi ilə də gənc nəsli özünə ram edərək əslindən uzaqlaşdırdığı bir dövrdə yaşayırıq.

Artıq valideynlə, yaxud orta və yaşlı nəsillə gənc nəslin anlayış və dünyaya baxış tərzində ciddi fərqliliklər mövcuddur. Gələcəyimizi əmanət edəcəyimiz gənclərlə necə münasibət qurmaq nə qədər əhəmiyyətlidirsə, onları milli-mənəvi dəyərlərə bağlı biri kimi yetişdirmək də önəmlidir. Bu mənada Hz. Peyğəmbərin (s.ə.s) cəhalətin zirvədə olduğu dövrdə gənclərlə necə münasibət qurmuşdur, onların hər birini cəmiyyətin qurtarıcısı kimi necə yetişdirmişdir kimi məsələni öyrənmək və həyata keçirmək labüddür. Bu məqaləmizdə Peyğəmbərimizin (s.ə.s) gənclərlə olan münasibətinə diqqət çəkmək istəyirik.

Hz. Peyğəmbər (s.ə.s) gəncliyin cəsarət, mətanət, fərasət, dinamiklik və s. olduğunu çox yaxşı bilirdi. “Ağac yaş ikən əyilər” zərbi-məsəlini diqqətə alaraq hələ təbliğatının ilk illərindən etibarən onlarla yaxından maraqlanmışdır. Əvvəla onların xarakter və qabiliyyətlərini müəyyənləşdirər və buna görə onlara vəzifə verər, məsuliyyət yükləyərdi. Sonra da onların könül dünyası ilə körpü qurar və onların sevimlisinə çevrilərdi. Hz. Peyğəmbərin (s.ə.s) əsas məqsədi nəbəvi tərbiyə ilə formalaşmış ulduz şəxsiyyətlər yetişdirmək idi.

Bu ulduzların başında hələ on yaşında ikən İslamı qəbul edən Hz. Əli (r.a) gəlir. Peyğəmbər tərbiyyəsi ilə yoğrulmuş bu gənc elmi, bacarığı, cəsarəti, comərdliyi, fərasəti ilə günümüzə qədər hər dövrdə bütün müsəlmanlar üçün nümunəvi şəxsiyyət olmuşdur.

Taifdə Peyğəmbərimizə atılan daşlara öz canını sipər edən Zeyd ibn Sabit hələ o vaxtları on beş yaşında idi. Onun oğlu Üsamə də ordu komandiri olduğu vaxtlar 19 yaşında bir dəliqanlı idi.

Həbəşistana göndərdiyi qrupun başındakı əmisi oğlu Cəfərin hələ 17 yaşı vardı. O, öz elmi və fərasəti ilə Nəcaşinin hüzurunda müsəlmanları müdafiə etmiş və onların hüzurla orda yaşamalarını təmin etmişdir.  

Özümüzə soruşmalıyıq ki, ortalama 20 yaşında olan bu gənclər İslam dininin təbliğatında mühüm rol oynayarkən, günümüzdə 20 yaşlarında gənclər nə ilə məşğuldurlar? Və biz onlara nə qədər etimad göstərə bilir və nə qədər istdəyimiz şəkildə formalaşdıra bilirik? Gəncləri biz tərbiyə edib yetişdiririk, yoxsa kütləvi informasiya vasitələri, mənasız teleseriallar, internet saytları və sairələr?

Danılmaz bir həqiqətdir ki, gənc nəslə təsir etmək yaşlı nəslə təsir etməkdən daha asandır. Gənclər yaşlılardan daha çox dinə maraq göstərirlər. Ən tez təsirlənənlər də onlardır. Hadisələrə tez reaksiya verər, münasibət bildirərlər. Yaşlı nəslə gəlincə, daha çox yeniliyə qarşı çıxarlar. Hz. Peyğəmbərin (s.ə.s) dövründə İslamla şərəflənənlərin əksəriyyətinin gənclərdən ibarət olması bu həqiqətin açıq nişanəsidir. Odur ki, gələcəyindən əmin olmaq istəyən cəmiyyətlər gənclərinə xüsusi maraq göstərməlidir.

Peyğəmbərimiz gənclərin hər birinə xüsusi maraq göstərirdi. Onlara etimad göstərir və ordu komandirliyi, dövlətin elçisi, din təmsilçisi kimi önəmli vəzifələri çəkinmədən onlara verirdi. Çünki şəxsiyyəti formalaşdıran, müvəffəqiyyətə aparan ən əsas amillərdən biri də özünəinamdır. Peyğəmbərimiz (s.ə.s) Attab ibn Esidi Məkkəyə başçı təyin edincə, hələ onun iyirmi yaşı vardı. “Uca Allah gəncliyini Ona itaət edərək keçirən gənci sevər”, “Yeddi cür insan vardır ki, Allah onları heç bir kölgənin olmadığı qiyamət günündə öz kölgəsində kölgələndirəcəkdir. Bunlardan biri də Rəbbinə itaət edərək yetişən gənclikdir” kimi hədislər onun və İslam dinin gənclərə verdiyi dəyəri göstərən hədislərdəndir.

Peyğəmbərimiz (s.ə.s) gənclərlə mehriban davranar, onların duyğularına xitab edərdi. Məhz, bu xüsusiyyət də Peyğəmbərimizi (s.ə.s) gənclərə sevdirmiş, onları onun ətrafına toplamışdı.

Allahın Rəsulu (s.ə.s) gəncləri elə bir üslubla tərbiyələndirirdi ki, bu üsulda ağılla hissin, ruhla bədənin, elmlə əməlin vəhdəti əsas idi. O, gəncləri qətiyyən özbaşına buraxmazdı. Çünki özbaşınalıq mənlik şüurunun formalaşmasına xələl gətirən ən böyük bəladır.

Beləliklə, gənclərə olan müsbət və yaradıcı münasibət sayəsində Peyğəmbərimiz (s.ə.s) İslamın dəyərlərinə, prinsiplərinə iman gətirmiş, əməl etmiş bir nəsil yetişdirə bilmişdi ki, bu nəslin islamın yayılmasındakı rolu əvəzolunmazdır. Bunun üçün hər bir məsul şəxs reformist gəncləri ətrafına toplamağı bacarmalı, onların cəmiyyət üçün faydalı olacaq imkan və bacarıqlarını qiymətləndirməli, tərəqqi və inkişafda onların istedadından faydalanmalıdır.

RÜFƏT ŞİRİNOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QONŞULARIMIZLA NECƏ MÜNASİBƏT QURMALIYIQ?

Şübhəsiz ki bir cəmiyətin sosial və ictimai yöndən rifahına təsir edəcək əsas amillərdən birisi də qonşuluq münasibətlərinin yaxşı olmasıdır. Qonşu...

Bağla