PEYĞƏMBƏR EŞQİ İLƏ YÜKSƏLƏN MƏHƏBBƏT MƏDƏNİYYƏTİ

0

Dünyada indiyə qədər yaşamış və qiyamətə qədər yaşayacaq heç kim Rəsuli-Əkrəm (s.ə.s) qədər sevilməmiş, heç kim də əshabi-kiram qədər Onu (s.ə.s) sevməmişdir. Çünki əl-Vədud olan Allah Onu sevmiş və Ona qarşı insanların ürəklərində sevgi yaratmışdır. “Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq” (Məryəm, 96) ayəsi Rəbbimizin ürəklərdə yaratdığı bu sevgini ifadə edir.

Peyğəmbərimizlə (s.ə.s) bir yerdə olma şərəfinə nail olan əshabi-kiram Ona bambaşqa ehtiram göstərmişlər. Peyğəmbərimiz vəfat edəndə əshabi-kiram hüznün və kədərin ən acısını yaşamışlar. Ona o qədər öyrəşmişdilər ki, vəfatının acısını, yoxluğunun hüznünü hər an yaşayıb, dərin hicran həsrəti çəkmişlər.

Səhabələrin Peyğəmbərimizə olan məhəbbətindən xəbər verən saysız misallar var. Sözlər və səhifələr məhdud olduğundan bir neçəsini qeyd etməklə kifayətlənirik:

Ənəs bin Malik (r.a) rəvayət edir: “Bərbər saçını qırxarkən Rəsulullahı gördüm. Səhabələr ətrafını əhatəyə almış, kəsilən mübarək saç və saqqalının tüklərini əldə etmək üçün yarışırdılar”.

“Səhabələr Hz. Peyğəmbərin həm əşyaları, həm də saç və saqqalı ilə təbərrük edirdilər. Müharibələrdə belə bu təbərrükü yanında götürürdülər. Bunun ən gözəl nümunəsi Xalid b. Vəlidin (r.a) Hz. Peyğəmbərin saçlarından götürdüyü bir neçə mübarək teli sarığında gizlətməsidir. Rəvayət olunduğuna görə, Xalid (r.a) Yərmük müharibəsində bu sarığı itirmişdi. Əsgərlərinə: “Onu axtarın”- deyə əmr verdi. Axtardılar, ancaq tapa bilmədilər. Hz. Xalid təkrar axtarmalarını əmr etdi. Bu dəfə tapdılar. Baxdılar ki, köhnə bir sarıq imiş! Səhabələr bu köhnə sarıq üstündə Hz. Xalidin bu qədər israr etməsinə təəccübləndilər. Bunun üzərinə Xalid (r.a) belə dedi: “Rəsulullah saçlarını kəsmişdi. Səhablər Onun saç tellərini götürürdülər. Mən də alnından bir neçə tel götürdüm və bu sarığın içinə qoydum. Bu mənim üçün elə bir bərəkət oldu ki, bununla girdiyim bütün savaşlardan zəfərlə çıxdım. Zəfərlərimin sirri mənim Rəsulullaha olan məhəbbətimdir” (Altınoluk jurnalı, Osman Nuri Topbaş, “Rəsulullaha Məhəbbət, 2000-Yanvar sayı: 167).

Hz. Bilal (r.a) Rəsulullahın (s.ə.s) vəfatından sonra hara getsə, Onun (s.ə.s) keçdiyi yerləri görür, Onunla keçirdiyi günlər gözünün önündən getmirdi. Buna görə Mədinə küçələri ona dar gəlirdi. Bu səbəblə Hz. Əbu Bəkrdən (r.a) izin alıb Şama köçdü. Bir gecə yuxusunda Rəsulullahı (s.ə.s) gördü. Peyğəmbərimiz (s.ə.s) ona: “Ey Bilal, bu cəfa nədir, Məni ziyarət etmə vaxtı gəlmədimi?”,- dedi. Bunun üzərinə Hz. Bilal böyük bir həyəcanla yatağından qalxıb vaxt itirmədən dəvəsinə mindi və Mədinəyə yola düşdü. Peyğəmbərin mübarək qəbrini ziyarət etdi. Peyğəmbərimizin nəvələri Hz. Həsən və Hz. Hüseynin (r.a) yanına gedərək onları bağrına basdı. Eşqindən dəli-divanə olduğu Hz. Peyğəmbərin qoxusunu onlardan doya-doya aldı. Onlar da bu fürsəti fövtə vermədən və Hz. Bilaldan (r.a) babaları sağ olanda oxuduğu kimi bir azan oxumasını istədilər.

Hz. Bilal onların bu istəklərini geri çevirmədi, məscidin üstünə çıxdı. İslamın ilk illərində harada azan oxuyurdusa, həmin yerdə azan oxudu. Hz. Bilalın səsinə həsrət qalmış mədinəli müsəlmanlar onun səsini eşidincə bir anlıq sanki Rəsulullah sağdır düşüncəsi ilə məscidə qaçmağa başladılar. Hz. Bilal (r.a) azana davam etdikcə camaatın göz yaşları sel oldu.

Səhabələrin misallarında göründüyü kimi, insan həyatının hər anında Hz. Peyğəmbərimizin (s.ə.s) məhəbbətinin bərəkətini görə bilər. Bunun ən gözəl misalını bu məhəbbət üzərinə qurulan Osmanlı Dövlətində də görə bilərik. Hər şeydən əvvəl Osmanlı Dövləti ilk təşkil etdiyi hərbi birliyini “Peyğəmbər Ocağı” deyə adlandırmış, ordunun hər bir əsgərinə “Mehmetcik” adını vermişdir. Ordusuna verdiyi adlardan biri “Asakir Mənsureyi-Muhammədiyə”, dövlətinin başqa bir adını da “Dövləti Aliye-i Muhammədiyə” deyə qoymuşdur.

Peyğəmbərimizin (s.ə.s) şəhərindən bəhs edərkən sadəcə Mədinə deməyi hörmətsizlik hesab etdiklərindən “Mədineyi-Münəvvərə”, “Mədineyi-Tahirə” və “Bəldeyi-Tayyibə” kimi adlarla yad etməyi uyğun görmüşlər. On il müddətində Peyğəmbərimizin ibadət etdiyi bu məscidi könül oxşayan gözəllikdəki məscid mənasında “Məscidi-Lətifi Nəbəvi”, ya da “Məscidi-Şərif” şəklində yad etmişlər. Rəsulullahın qəbrinə isə “Rövzeyi-Mutahhara” (Tərtəmiz bağça), ya da “Rövzeyi-Müqaddəsə” demişdirlər.

Osmanlı Dövləti Peyğəmbərimizə və əhli-beytinə hörmət əlaməti olaraq Peyğəmbər soyuna mənsub Seyyid və Şəriflərin şəcərələrini müəyyən edib qeyd etmək və hər cür ehtiyaclarını qarşılamaq məqsədilə “Nəqibul-Əşraflıq” müəssisəsi təsis etmiş və bu vəzifənin başına da Əhli-beytdən “Nəqibul-Əşraf” adlı bir məmur təyin etmişdilər.

Bu məhəbbət mədəniyyətinin memarlarından II Mahmud Rəsulullaha (s.ə.s) olan sevgisinin əlaməti olaraq Hz. Peyğəmbərin qəbri-şərifi üzərindəki yaşıl qübbəni tikdirmişdir. Peyğəmbərimizin (s.ə.s) Hücreyi-Səadətinə hədiyyə etdiyi şamdanla birlikdə göndərdiyi şeir onun Rəsulullaha (s.ə.s) olan hörmət və məhəbbətinin açıq bir vəsiqəsidir:

     Şamdan ihdaya eylədim cürət, ya Rəsulallah!

     Muradımdır, Ulyaya xidmət, ya Rəsulullah!

     Deyildir rövzəyə şayəstə dəstavri-i naçizim,

     Qəbulundə qıl ehsan və inayət, ya Rəsulullah!

     Kimim var həzrətindən qeyri, halım eyləyəm ilam,

     Cənabındandır ehsan və mürüvvət, ya Rəsulullah!

SALİH ZƏKİ MERİÇ

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜBARİZ QURBANLI: “GƏNCƏDƏKİ HADİSƏNİN DİNƏ AİDİYYƏTİ YOXDUR”

“Gəncədəki din adı altında baş vermiş hadisə əvvəldən təşkil olunmuş terror hadisəsidir və bunu təşkil edənlərin məqsədi Azərbaycanda ictimai-siyasi sabitliyi...

Bağla