Miladi 7-ci əsr. Bəşər oğlu səmaya baxanda minlərlə ulduz görür, lakin onların nə olduğunu bilmir. Şəkillərini oxşadaraq uydurduğu adlarla fala baxır, bir az da yol tapmaq, cəhəti müəyyənləşdirmək üçün istifadə edə bilir.
Qurani-Kərimdə isə Allah-Təala and içir:
“Ulduzların mənzillərinə and olsun. Kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz”. (əl-Vaqiə, 75-76)
“Ulduzun mənzili” olaraq tərcümə edilən ifadə düşülən yer mənasına da gəlir. Müasir fizika və astrofizika mütəxəssisləri “ulduzların mənzilləri”ndən məqsədin onların doğduğu ağ dəliklər və yox olub gözdən itdikləri qara dəliklər olduğunu ifadə edirlər. Bəşəriyyət yalnız teleskopun icadından uzun illər sonra 19 və 20-ci əsrlərdə kosmosla əlaqəli biliklərini bir az inkişaf etdirə bildi.
Fəzada ağ və qara dəliklər var. Allah-Təala elmin yeni kəşf etdiyi bu boşluqlara Qurani-Kərimdə and içir. Bugünkü elmin hələ yeni öyrəndiyi bu həqiqət nə qədər dəhşətli ehtişamla qarşı-qarşıya olduğumuzu ifadə edir. Ulduzların çıxdığı yerə ağ dəlik, öldüyü yerə isə qara dəlik deyilir. Ağ dəliklərdən kiçik bir cisim çıxır və anidən genişlənərək gövdəsinin trilyonlarla mislində böyüyərək nəhəng ulduz kütləsini meydana gətirir. Həmçinin dünyamızdan qat-qat böyük olan nəhəng ulduzlar da vaxtı çatanda qara dəliklərin içinə girərək ölür, ulduz məzarlığına düşür. Səmamızı işıqlandıran günəş də bir gün:
“Günəş dağılıb parçalandığı zaman…” (ət-Təkvir, 1) ayəsində buyurulan gerçəyi yaşayacaqdır.
Keçmişdə yaşayan inkarçı filosofların əksəriyyəti müşahidə və dəlillərə istinad etmədən ağıl yürüdərək, kainatın əzəli olduğunu iddia edirdi. Ancaq aparılan elmi tədqiqatlar kainatın başlanğıc nöqtəsinin olduğunu qəbul etmək məcburiyyətində qaldı. Bir nəzəriyyəyə görə maddə hələ qaz buludu halında ikən bir partlayışla kainat yaranmağa başlamışdır.
Qurani-Kərim bu həqiqətlərə 7-ci əsrdə işarə etmişdir:
“Sonra Allah tüstü (duman) halında olan göyə üz tutdu”. (əl-Fussilət, 11)
“Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər?”. (əl-Ənbiya, 30)
Kainatın bir nöqtədən başlayaraq genişlənən enerji axını ilə (nəzəriyyəyə görə partlayışla) meydana gəldiyinin isbatı 20-ci əsrdə teleskop müşahidələri ilə təsbit edilən kainatın hələ də genişlənməyə davam etdiyi həqiqətini ortaya çıxardı. Bu qanuna görə, nəhəng qalaktikalar aralarındakı uzaqlıqla düz mütənasibliyi itirmədən bir-birindən uzaqlaşmaqdadır. Məsələn, bizdən 10 milyon işıq ili qədər uzaq olan bir qalaktika saniyədə 250 km. sürətlə dünyamızdan uzaqlaşarkən, 10 milyard işıq ili qədər uzaq olan bir qalaktikanın uzaqlaşma sürəti saniyədə 250 min kilometrdir.
OSMAN NURİ TOPBAŞ
KAİNAT, QURAN VƏ İNSAN, İPƏKYOLU NƏŞRİYYATI