YETİMİN ALLAHI

0

Atasını illər öncə itirmişdi. Təklik və yalnızlığın dadını elə o illərdən bilirdi. Anası sahib olduğu tək varlıq idi. Daş evin divarlarını sadəcə ikisinin nəfəsi isidirdi. Bu komanın içərisində həftələrlə ac qalmalarından heç kimin xəbəri olmamışdı. Kasıb olsa da kişilik qürürundan heç kimə əyilməmiş, heç kimə ağız açmamışdı. 

Canından da çox sevdiyi yeganə varlıq olan anasının canını dərd almışdı. Günü-gündən anasının ağzındakı şiş böyüyürdü. Hər gün işə gedərkən stolun üstünə müayinə üçün pul qoysa da, anası onu güdərək müayinə üçün həkimə getmirdi. Onlar elə fikirləşirdilər ki, bəlkə də ağzındakı protezin sərtliyi onun damağını bu vəziyyətə salmışdı.  Günlərlə protezdən istifadə etməsə də damağındakı şiş çəkilmirdi ki, çəkilmir. O vəziyyətin getdikcə gərginləşdiyini görüb heç nəyə baxmadan həyatda bir tək nəfəsinə isindiyi, gözünün ağı-qarası olan anasını borc-xərclə müayinə etdirir. Ancaq müayinənin nəticəsi gözlədiyi kimi yaxşı çıxmadı. Sən demə, xərçəng xəstəliyi onun anasının bədənində də özünə yer etmişdi. Sadəcə bir çarə var idi ki, o da şişin kəsilərək götürülməsi idi.

O, artıq öz dərdini unutmuşdu. İllərdir böyrək serrozundan əziyyət çəkməsinə baxmayaraq özünün əməliyyatı üçün heç bu qədər narahat olmamışdı. Dünyada ən çox sevdiyi, dərdini paylaşdığı insan  gözünün qabağında çarəsiz bir şəkildə ölə bilməzdi.  Bunun bir çarəsi olmalıydı. Amma necə? Evin güzaranını anasının aylıq pensiyası və özünün bazarda qazandığı qəpik-quruşlar təmin edirdi.  Həkim əməliyyat üçün kifayət qədər çox pul istəmişdi. Gələcək üçün qurduğu gözəl xəyallar kimi anasının üzündəki təbəssüm də günü-gündən azalırdı. Bu böyük əməliyyat üçün nə o qədər pulu, nə də ki ümidi qalmışdı. Fikirdən gecələri gözlərini qırpmadan sabahlayırdı. Pul üçün ağız açacaq heç bir kimsə yox idi ətrafında. Sonda hər şeydən ümidini üzüb maddi olaraq sahib olduğu son şey, atasından qalan evi banka girov qoyaraq pul götürdü. Hər şeyə rəğmən Allaha etdiyi dualarının bir gün cavabı olacağına səmimi qəlbdən inanırdı.

Bu günə qədər dünyada başına gələn bütün müsibətlərə dözüb Allaha üsyan etməmişdi. Amma anasın bu vəziyyətə düşməsi onun Allaha olan inamını zəiflədirdi. Dünyada bütün çətinliklərin sadəcə ona qismət olduğunu, Allahın nəzərindən uzaq qaldığını fikirləşirdi. Demək olar ki, hər şey onun əksinə işləyirdi. Heç kimə bir pisliyi dəymədiyi kimi, kimisənin də bir acı sözlə də olsun qəlbini qırmamışdı. Yetimçiliklə böyüdüyü illərdə hamı ona pislik etmiş, hamı onun qəlbini qırmışdı. Bütün qohumları üz döndərmiş, dost-tanışları isə onu öz aralarında görmək istəmirdilər. Bütün bunlara baxmayaraq Uca Allahın ədaləti bərqərar olmalıydı. Onun həyatında bir möcüzə gerçəkləşməliydi. Gerçəkləşdi də.

Həqiqətən də ümid ən sonda ölür. Bu dünyada heç bir şey Allahın bilgisi xaricində deyil. Başa gələn müsibətlər, qarşılaşdığımız çətinliklər bir imtahan nümunəsidir. Allah bütün bunlarla bizim dözümümüzü, dəyanətimizi və səbrimizi yoxlayır. Yoxsa O, heç bir quluna zərrə qədər əzab verilməsini istəməz. Bəli, onun da köməyinə Allahın inayəti çatdı. Başqa bir imkanlı qulunu onun yoluna çıxartdı. Həmin şəxs anasının bütün əməliyyat xərclərini qarşılamağı və bankdan alınan pulu qaytarmağı öz boynuna götürmüşdü. Onun qəlbində ümid çırağı yenidən alovlanmağa başlamışdı. Evini girov qoyaraq əməliyyat üçün bankdan götürdüyü pul əlində qalmışdı. Onunla da illərdir imkansızlıqdan evlənə bilmədiyi sevgilisinə toy çaldıraraq sevimli anasına gəlin gətirir. Ağlına belə gətirmədiyi gözəlliklər, müsibət olaraq gördüyü hadisələrin arxasından bir-bir görünür. Necə ki, Allah Təala müqəddəs Qurani-Kərimdə belə buyurur:

“Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bunu bilmirsiniz”. (əl-Bəqərə, 216)

Nəticə olaraq, bir də sən sən ol, heç bir zaman yetim deyib keçmə! Necə deyərlər yetimin də Allahı var.

P.S.- Məqalədə yer alan hadisə real həyatda baş vermişdir.

ELDAR KƏRİMOV

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BAŞ TACI OLMAQ İSTƏYİRSİNİZMİ?

Bu gün cəmiyyətin təməlini təşkil edən ailə quruluşundakı əxlaqi təxribat çox böyük önəm təşkil edir.

Bağla