İKİ QANADLI TƏHSİL

0

Tarix göstərmişdir ki, elm hər zaman bəşəriyyəti zülmətdən işığa çıxaran yoldur.

İslamın elm anlayışı bəşəriyyətə faydalı olan, insanların dünya və axirəti üçün zərərli olmayan xüsusların mənimsənilməsindən ibarətdir. Hər bir sahədə olduğu kimi elm sahəsində də dinimiz “heç ölməyəcəkmiş kimi dünya, sabah öləcəkmiş kimi axirət üçün çalış” qaydasını əsas alır. Sovetlər Birliyi dövründə çəkilmiş bəzi kinolarımızda din xadimlərinin elmə qarşı olduqları, kəndlərdə və bölgələrdə uşaqların oxudulmasının əleyhinə olduqları və yalnız dini elmlərin tədrisinə əhəmiyyət verdikəri göstərilərək İslam dininə ləkə yaxmağa çalışılsa da, işin əslinə nüfuz etdikdə uca dinimizin hər zaman dini elmlərlə yanaşı dünyəvi elmlərin də öyrənilməsinə əhəmiyyət verdiyini və mənsublarının da buna səslədiyini görürük. Boş yerə deyil ki, Qərb ölkələrində İslam dünyasının yetişdirdiyi dahi İbn Sinanın, Fərabinin, Biruninin və digərlərinin əsərləri illər uzunu, hətta əsrlərlə dərslik olaraq oxudulmuşdur. Tarix boyu, müsəlmanlar hər zaman elmin tərəfdarı olmuş, böyük elmi kəşflər etmiş və elmin müxtəlif sahələrində öz sözlərini demişlər. Buna ən sadə misal kimi kilsənin bir zamanlar qadağan etdiyi və dolayısıyla yox olmağa məhkum antik mədəniyyətə aid əsərlərin müsəlmanlar tərəfindən öz dillərinə tərcümə edilərək yenidən bəşəriyyətə ərməğan edilməsini göstərmək kifayətdir.

Bu gün hər bir müsəlman ailəsi övladını yetişdirərkən ona faydalı elmlər öyrətməli, həm dinimizin əmr və qadağanlarını, həm də dünyada gərəkli olan xüsusları başa salmalıdır. Həqiqi müsəlman elm mövzusunda iki qanadlı quş kimi olmalıdır. İstər dini, istərsə də dünyəvi elmləri əxz etməli və cəmiyyətə öz töhfələrini verməlidir. Uşaqlarımızı müasir dünyanın tələblərinə uyğun yetişdirərkən də öz əslimizi, milli-mənəvi dəyərlərimizi gözardı etməməliyik.    

Aygün Məmmədzadə

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İNKİŞAFIN AÇARI OXUMAQ

Son illərdə xüsusi bir elm sahəsi olaraq qəbul olunmasa da çox populyar olan şəsxiyyət və xarakter inkişafı insanın yenilənməsinə, fərdi...

Bağla