Bəhs edəcəyimiz mövzu qloballaşan dünyanın tələblərindən biridir.
Demək olar ki, hamımız kütləvi informasiya vasitələrindən biri olan televizoru evimizin ən gözəl guşəsində qonaq edirik. Təbii ki, istisnalar vardır, amma bu gerçəyi artıq hamımız qəbul etməliyik. Əslində bir zamanlar televizorla mənim də aram çox yaxşı idi. Tələbə yataqxanalrında qalmağın üstünlüyündən faydalanaraq özümü saatlarla qarşısında məhbus olduğum televiziya xəstəliyindən uzaqlaşdıra bildim.
Çox uzaq deyil. Ana və atalarımızın gənclik illərində belə bir vasitə, daha doğrusu belə bir təhlükə yox idi. Bir məhəllədəki yalnız 3-5 evdə televizor olardı, ya da olmazdı. Nəticə etibarilə də ata-analarımız bu qara qutu qarşısında saatlarını keçirməyərək yetkinləşmə çağını geridə qoydular. Məlum olduğu kimi bu yetkinləşmə çağında çoxumuzun bir idealı, nümunə götürəcəyimiz insanlar olur. O vaxtlar anamın idealı işini ən yaxşı şəkildə yarinə yetirən dərzi Zeynəb xala, atamın idealı isə halal çörəyinin arxasınca qaçan imam babam imiş.
Yaxşı, bəs indi? İnkişaf çağında olan uşaqların idealları kimlərdir? Ata-anaları, babaları, müəllimləri, yoxsa o qara qutunun içində gözqamaşdırıcı həyat sürən, gerçəyi əks etdirməyən şəxsiyyətlərdir? Yetkinlik çağını yaşayan uşaqlar ətrafda nə görsələr həyatlarında onlardan nümunə götürərək inkişaf etməyə, böyüməyə çalışırlar. Bir zamanlar nümunə götürdükləri həyatlar yaxınlarındakı insanlar olduğu halda, indi televiziya sayəsində bəlkə heç bir zaman xəyal belə edə bilməyəcəkləri, yalnız bir fantastika olan saxta həyatlar nümunə götürülür.
Ətrafımda baş verəb iki hadisəni yazaraq sizə düşüncəmin doğruluğunu göstərmək istəyirəm. 5 ildir eyni sinifdə oxuduğum, bir həftə içində ən az 3-4 gününü idman salonlarında keçirən yoldaşımın əzələlərini gördükdən sonra deyil, bir televiziya kanalında göstərilən serialdakı bir fraqmentdən təsirlənərək idman zalına məşqlərə getməyə qərar verdim. Nəticədə ikisi də eyni qapıya çıxır. Lakin mən bayağı bir serialda gördüyüm səhnədən təsirləndikdən sonra əzələlərimi gücləndirməyə çalışıram. Bu da ətrafına zəhər saçan alətin təsirindəndir hər halda.
Digər hadisə isə; bir bərbər dükanında təraş olmaq üçün növbəmi gözləyərkən yaşandı. 13-14 yaşlarında yetkinlik çağına yeni girmiş bir uşağın dükana təlaşla girməsi ilə hər kəsin diqqəti ona tərəf çevrildi. Uşaq çox həvəsli və həyəcanlı səs tonuyla “əmi, mənim saçlarımı bu şəkildəki artistin saçı kimi kəsə bilərsənmi?” -deyə soruşdu. Bərbər “Kəsməyinə kəsərəm, amma bu hansı serialdır?” –deyə soruşduqda yeniyetmə “əmi, sual-cavabı bir yana qoy, nə olar elə et ki, saçım belə olsun.” –deyə cavab verdi.
Bu cür misalları artıra bilərik. Başda əxlaqi dəyərlərimiz olmaqla mühafizəkar quruluşumuza tamamən zidd olan bir icaddır televiziya. Ondan faydalı istifadə etmək də öz əlimizdədir, lakin biz tamamilə əksini etdiyimiz üçün lazımsız bir icad olaraq xarakterizə edirəm bu qara qutunu.
Evlərin vazkeçilməz əşyasına çevrilən, ətrafına bir qram da faydası olmayan bu xəstəliyi bir an əvvəl evlərimizdən uzaqlaşdırmalıyıq. Heç olmasa, özünü düşünən insanların bu adımdı atmasının vacibliyini düşünürəm. Onu eyvandan aşağı atmaq üçün və ya bir zibilliyə tullamaq üçün saysız səbəbimiz olduğunu unutmayaq.
Məhəbbət dolu bir ailə mühitindən uzaq qalmaq istəmiriksə, heç vaxt itirmədən xilas olmağa çalışaq evlərimizdəki televizorlardan. Yox “mən bu qadın proqramları ilə xoşbəxtəm”, “tariximi çəkilən seriallardan öyrənmək istəyirəm” və ya “uşağımın bu sərsəmliklərlə böyüməsindən həzz alıram” deyirsinizsə qərar sizindir. Mən xəbərdarlığımı etdim. Yaxında televizorda gördüyü bir kadrdan təsirlənərək uşağınızın sizə əl qaldırdığı ilə qarşılaşsanız, əsla ona cavab verməyin. Çünki bunu etməsi üçün ona həmin şəraiti siz öz əllərinizlə hazırladınız.
Mahmud Sami Əfəndi televizoru necə də gözəl təsvir edir: “Qəlbi məşğul edər, hüzurunuza mane olar.” Bu qədər bir böyük bir təhlükənin fərqinə varmadan evlərimizdə rahat yaşamağa çalışırıq.
Hasan Enes ÜNLÜ