MƏHƏRRƏM AYI VƏ AŞURA GÜNÜ

0

           Məhərrəm “haram olan, qadağan edilən, müqəddəs və hörmət edilən” deməkdir.

Məhərrəm ayı haram sayılan dörd hicri aydan birincisidir. Quranda Məhərrəm sözü ay adı olaraq keçmir. Lakin dolayı olaraq döyüşün (muharibənin) haram olduğu aylardan bəhs olunur və bu aylara hörmət göstərmək əmr edilir. Peyğəmbərimiz (s.ə.v) ayədəki haram ayların Zilqədə, Zülhiccə, Məhərrəm və Rəcəb ayı olduğunu bildirmişdir.

Məhərrəm ayının özünə xas xüsusiyyətlərindən biri bu ayda Aşura gününün olmasıdır. Aşura “onuncu” gün deməkdir. Hicri təqviminin ilk ayı olan Məhərrəm ayının onuncu günüdür. Bu günə “Aşura” deyilməsinin səbəbi Allahın məhz həmin gün on peyğəmbərinə etdiyi lütflərlə bağlıdır.

Aşura günü bu hadisələr baş vermişdir.

  1. Hz Adəm (ə.s) tövbəsi aşura günü qəbul edilmişdir.

  2. Hz Nuh (ə.s)-ın gəmisi Cudi dağına aşura günü çıxmışdır.

  3. Hz İbrahim (ə.s)-ın oğlu Hz İsmail (ə.s) dünyaya gəlmişdir.

  4. Hz Yaqub (ə.s)-ın oğlu Hz Yusuf (ə.s)-ın həsrəti ilə görmə qabiliyyətini itirən gözləri aşura günü işığına qovuşmuşdur.

  5. Hz Yusuf (ə.s) qardaşlarının atdığı quyudan aşura günü xilas olmuşdur.

  6. Aşura günü Allah təalanın bəxş etdiyi möcüzə ilə dəniz yarılmış Hz Musa (ə.s) Firon və ordusunun təqibindən xilas olmuşdur. Firon və ordusu sulara qərq olmuşdur.

  7. Hz Davud (ə.s)-ın tövbəsi aşura günü qəbul edilmişdir.

  8. Hz Yunus (ə.s) balığın qarnından bu gün xilas olmuşdur.

  9. Hz Əyyub (ə.s) aşura günü xəstəlikdən şəfa tapmışdır.

  10. Hz İsa (ə.s) aşura günündə dünyaya gəlmiş və yenə həmin gün səmaya yüksəldilmişdir.

           Məhərrəm ayı fəzilətli və haram aylardan biridir. Peyğəmbər (s.ə.v)  Ramazandan sonra ən çox əhəmiyyət verdiyi aylardan biri Məhərrəm ayı olduğunu vurğulamışdır. Ramazandan sonra ən fəzilətli oruc Allahın ayı Məhərrəm ayında tutulan orucdur, fərzlərdən sonra ən fəzilətli namaz isə təhəccüd namazıdır. Məhərrəm ayının ən fəzilətli günü isə Aşura günüdür.  İbn Abbas (r.a) rəvayət etmişdir: Peyğəmbər (s.ə.v) Mədinəyə gəldikdə Yəhudilərdən soruşdu: “Bu nədir? Onlar dedilər: “Bu gözəl bir gündür. Bu Allahın İsrail oğullarını düşmənlərindən xilas etdiyi bir gündür. (Buna görə də) Musa (ə.s) həmin gün oruc tutmuşdur”. Allar Rəsulu (s.ə.v) dedi:  “Mən Musaya (onun etdiyini davam etməyə) sizdən daha haqlıyam”. Sonra O, həmin günü oruc tutdu, səhabələrinə də əmr etdi.

 Ürək ağrısı ilə qeyd etməliyik ki, Rəsulullahın (s.a.) nəvəsi Hz Hüseyn (r.a) və onun ailə üzvləri, hicrətin 61-ci ilində Aşura günü Kərbəlada şəhid edilmişdir.

Uca Allah cc Qurani Kərimdə belə buyurur: “Həqiqən, Allah yanında ayların sayı on ikidir. Bunu da Allah göyləri və yeri yaratdığı gündən kitaba yazmışdır. Bunların dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin (Tövbə:36)

Pəyğəmbərimizin (s.ə.v) məhəbbətlə bağrına basdığı, öpüb oxşadığı, namazlarında belə mübarək belinə aldığı əziz nəvələsi Hz Hüseynə qarşı işlənən cinayət, İslam tarixinin gördüyü ən ağır fəlakətlərdən biridir. Bu cinayətin İslam dünyasının bağrında açdığı yara hələdə qanamaqdadır.

 

Mübariz İSAOĞLU

                           

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANIN DİN XADİMLƏRİ PREZİDENTƏ MÜRACİƏT ÜNVANLAYIB

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı və Azərbaycanın arxuyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev,...

Bağla