Təfəkkür, insanlarla mələklərin və ruhanilərin ortaq xüsusiyyətləridir. Yəni insanların, heyvanlarla “bəslənmək, görmək, eşitmək, gəzmək, çoxalmaq” kimi bir sıra ortaq xüsusiyyətləri olduğu kimi, ruhun və qəlbin qidası olan iman, mərifət, təsbeh, təkbir, həmd və təfəkkür kimi ülvi vəzifələri yerinə yetirməkdə də mələklərlə bənzərlikləri vardır.
Təfəkkürün əhəmiyyətini bu hədisi-şərif gözəl şəkildə nəzərə çatdırır:
“Bir saat təfəkkür, bir il (nafilə) ibadətdən xeyirlidir”.
Bu aləmdə qənaət edən Zat, sonsuz bir hikmətlə iş görür. İnsandakı bütün əza, sümüklər və damarlarda, hətta bədənin hüceyrələrində, hər yerində, nəhayətsiz bir hikmət əli ilə iş görülür.
İndi isə yaradılışımızı zərrə qədər də olsa təfəkkür edək.
Kainatda heç bir şey səbəbsiz yerə yaradılmamışdır, hər obyektin hər varlığın mütləq bir vəzifəsi vardır. Necə ki, Qurani – Kərimin Sad surəsində:
“Biz göyü, yeri və onların arasındakıları boş yerə yaratmadıq”, ayəsi bunun açıq-aydın dəlilidir. Kainatdakı bu nizam eyni şəkildə insan bədəninə da sirayət etmişdir. Ən böyüyündən ən kiçiyinə qədər hər orqanın bir funksiyası var.
Aşağıdakı ayələrə diqqət yetirək:
O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı (Adəmi) yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif (dəyərsiz) sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan (özünün yaratdığı ruhdan) üfürdü (həyat verdi). O sizə göz, qulaq və ürək verdi. Siz (bu nemətlərə) az şükür edirsiniz!” (Səcdə, 7-9).
“Biz insanı ən gözəl biçimdə yaratdıq”. (Tin, 4)
Orta hesabla bir insan ömrünü 60 il qəbul edək. Bu insanın həyatı boyunca hüzur içində yaşadığını, sağlam olduğunu düşünərək insanın bəzi orqanlarının işlərini nəzərdən keçirək.
İnsan orqanizmində həyat üçün lazımsız orqanın ola biləcəyini düşünmək tamamilə qeyri-mümkündür. Elə bir orqanımız yoxdur ki, əskikliyi hiss edilməsin. İyirmi barmaqdan bir dənəsinin yoxluğu, ağızdakı bir dişin əskikliyi, burun tıxanıqlıqları zamanı insanın ağzının dad ala bilməməsi və buna bənzər nə qədər vəziyyətlər var ki, yoxluğunun hər anı böyük əskikliklərə gətirib çıxarır. Bunların hikmət dolu vəzifələri aşağıdakılardır:
Beyin
Sinir sistemini təşkil edən hissələrdən ən əhəmiyyətlisi beyindir. Sinir sistemi çalışdığı zaman hərəkət, hiss, duyğu, refleks, qidalanma, böyümə və inkişaf, psixi (ruhi) funksiyaları tam yerinə yetirir. Beyin, bu gün üçün möcüzəvi görünən hər hansı bir elektron beynin edəcəyindən qat-qat çox işləri nizamlı şəkildə edə bilər. Beyni qidalandıran damarlardan hər hansı biri tıxandığı zaman xəstədə iflic, koma və hətta ölüm olur. Beynin tıxanan arteriyasına aid hissəsində isə beyin hüceyrələri 4-5 dəqiqə içində bir daha düzəlməyəcək şəkildə ölərlər.
Təxminən bir insan ömrünü 60 il qəbul etdiyimizə əsaslansaq beyin hüceyrələrində 5 dəqiqəlik qidalanma olmazsa, bir insan ömründə beyin neçə dəfə ölərdi?
Ürək
Ürək və ağciyər orqanları insanın sinə boşluğuna yerləşdirilmişdir. Ürək dəqiqədə 60-100 dəfə qan ilə dolur və bir o qədər də qanı ağciyər və böyük dövrana verir. Orta hesabla 70-80 dəfə bu əməliyyatı etdiyi qəbul edilə bilər. Hər dəfə də təxminən 70 sm3 qanı həm ağciyərə, həm də böyük dövrana verir. Bir dəqiqədə 5 litr ətrafında qan dövrü olur. Belə mükəmməl bir iş bir ürəkdə dəqiqədə 70-80 dəfə təkrarlanır. Eyni qəlb bu işi bir gündə (Bir dəqiqədə 70 dəfə çalışdığını fərz edərək) 100.000 dəfə təkrarlayır. 60 illik bir insan ömründə ürəyin bu işi 2.190.000.000 dəfə heç axsatmadan təkrarladığı hesablana bilər. Ürəyin fəaliyyəti dayandığı zaman insan həyatı da sona çatır.
Ağciyər.
Ağciyər sinə boşluğunda körük (hava üfürən alət) vəzifəsini icra edir. Sinə əzələlərinin çalışması, qandakı oksigen və karbondioksid miqdarları ağciyərin işinə təsir edir. Ağız və ya burun yolu ilə alınan havanın istər soyuq, istər isti olsun – müəyyən bir istilikdə ən uc hissələrinə çatmasını təmin edir. İnsan hər dəqiqə 16-20 ( təxminən 18 ) dəfə nəfəs alır və verir. Bir ömür boyu təxminən 560.000.000 nəfəs alır. Bir insanın ən çox 2-3 dəqiqə nəfəssiz qala bilməsi mümkündür.
Aysel Seyidova