İBADƏT VƏ MƏSULİYYƏTLİ HƏYAT

0

Allaha qarşı olan məsuliyyətimiz bəşəriyyətə qarşı olan məsuliyyətlərimizdən ayrı deyildir.

İbadət eyni zamanda ictimai məsuliyyət gətirir. Çünki ibadət “insanları toplum içində, toplumun bütünündən ayrılmadan ayrı-ayrı, tək-tək fərdlər halında daim təlim-tərbiyə edib yetişdirən və beləliklə onları toplum mənfəətlərinə yönəldən, topluma xidmət etməyə hazırlayan, ancaq şəkil və görünüş etibarilə bir-birinə bənzəməyən hərəkət və fəaliyyətlər bütününə deyilir.”[1] İbadətin insan üzərində psixoloji olduğu qədər sosial təsiri də vardır. Sosial bağları ibadətlə güclənən insanlar arasında fərdiyyətçiliyin yerinə kollektiv ruh hakim olur.

Qulun Allah və digər insanlarla olan münasibətləri bir-birindən ayrı deyildir. Bunlar dinin bir-birini tamamlayan tövhid və ədalət qanadlarıdır. Əgər bunlardan biri qırılarsa digəri öz rolunu itirər.   

Çox təəssüf ki, bu gün ibadət-ictimai məsuliyyət əlaqəsini qura bilmirik. Bu əlaqəni qura bilməməymizin ən böyük səbəbi isə ibadətin teoriya yönünü əvvəlcədən düzgün şəkildə meydana gətirməməyimizdir. 

 Məhz aşağıda haqqında danışacağımız Maun surəsi də bu məsələyə diqqət çəkir. Surənin ilk ayələri insanın digər insanlarla, sonrakı ayələri də insanın Allahla münasibətini ələ alır.

Surədə diqqət çəkilən əsas nöqtə Allaha könüldən ibadət et­məklə yardımlaşma və dayanışmanın bir-birindən ayrılmazlığının vur­ğulanmasıdır. Buna görə həqiqətən dinə inanan və axirət məsuliiyəti daşıyan insan həm Allaha, həm də məxluqata qarşı vəzifələrinin şüurunda olub bunları ixlas və səmimiyyətlə yerinə yetirən, fərdiyyətçiliyi aşaraq ictimai sahəyə faydası toxunan insandır.

Surə daha öncə də qeyd etdiyimiz kimi insnaın ictiami məsuliyyətindən bəhs olunur:

  1. (Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) gördünmü?

  2. O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz);

  3. Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar).

Daha sonra isə insanlar arasındakı münasibətlər mövzusu insan-Allah münasibətlərinə istiqamətlənir ki, bu da qeyd etdiyimiz kimi tövhid-ədalətin bir-birləri ilə nə qədər əlaqəli olduqlarını göstərir.

4.       Vay halına o namaz qılanların ki,

5.  Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar);

  1. Onlar (namazlarında) riyakarlıq edər,

  2. Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər).

Qurana görə ibadətlərdə niyyət ve ixlas tövhidin əməldəki əksidir. Məqsədindən qopan ibadət öz xüsusiyyətini itirər. İbadətin hikməti, qayəsi unudulmamalıdr. Yəni namaz qılarkən onun haqqı verilməlidir. Namazdakı hərəkətləri yerinə yetirməklə, namazın dualarını oxumaqla yanaşı qəlblər namazın həqiqətini idrak etməlidir. Çünki insandan istənilən namazı iqamə etməkdir. Onu əda etmək deyil. Namazı iqamə etmək isə onun həqiqətini yaşamaq və onu sadəcə Allah üçün qılmaqla mümkündür.

Buradan da belə başa düşürük ki, qəflətlə namaz qılanlara namazın heç bir təsiri olmaz. Və belə bir ibadət ictimai məsuliyyətə sövq etməz.

Nəticə olaraq deyə bilərik ki, Maun surəsi dinin bir bütün olduğunu və onun bütün təlimlərinin yerinə yetirilməsinin vacibliyini bildirir. Əgər dinin bütünlüyü pozular və din sadəcə bəzi şəkilçi ibadətlər və adətlər səviyyəsinə gətirilərsə,  o zaman din həm insan həyatındakı rolunu, həm də dəyərini əhəmyyətli dərəcədə itirər.

[1] Ali Murat Daryal, Dini Hayatın Psiko-Sosyal Temelleri , s.66.

Dr. Mehman İsmayılov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜBARƏK İZ

Aləmlərin Rəbbi olan Allah-Təala Qurani-Kərimdə buyurur:

Bağla