Səmimi bir mömin dedikdə ilk növbədə ağılımıza sevgi, barış, sadəlik, mərhəmət və qayğıkeşlik gəlir. Bunun əksi, yəni özünü düşünən, eqoist, təkəbbürlü, mərhəmətsiz, ənaniyyətinə boyun əyib yalnız öz güzəranını fikirləşən birinin, sözün əsl mənasında mömin olduğunu söyləmək həqiqətən də çətindir. Müsəlmanın çöhrəsində təbəssüm, davranışında ədəb-ərkan və sadəlik, danışığında şirinlik, düşüncəsində isə müdriklik olmaqla yanaşı digər din qardaşlarını da düşünməkdə yüksək bəsirət və könül sahibi olmalıdır. Harda bir dərdli, kədərli, möhtac insan varsa onun köməyinə tələsməli, dərdinə şərik olmağa çalışmalıdır. İlahi rizaya nail olub, məsuliyyətdən və ilahi qəzəbdən xilas olmaq istəyiriksə belə olmağa çalışmalıyıq. Uca Rəbbimiz Həcc surəsində belə buyurur: “Ey iman gətirənlər! Rüku edin; səcdəyə qapanın; Rəbbinizə ibadət edin; xeyirli işlər görün ki, qurtuluşa nail olasınız.” (əl-Həcc,77)
Bu ayədən də anladığımız kimi, iman gətirmək, rüku etmək, səcdəyə qapanmaq, Uca Rəbbimizə ibadət etmək, təkbaşına bizim nicat tapmamıza kifayət etmir, eyni zamanda xeyirxah işlər görməklə bu əməllərimizin güclənib cəhənnəm əzabı qarşısında bir qalxana çevrilməsinə çalışmalıyıq.
Digər insanların dərdləriniə şərik olmaq mövzusunda Rəsulullah (s.ə.s)-dən bizə gələn hədislərə göz gəzdirdikdə görürük ki, Uca Rəbbimiz bizə yardım edib, ehtiyacımızı yerinə-yetirməyi, bizim öz din qardaşımıza yardım etməyimizə bağlamışdır. Bir sözlə, sən nə qədər mərhəmətli olub insanlara acıyarsansa sənə də o nisbətdə mərhəmət olunar. Bu da bir həqiqətdir ki; “Mərhəmət etməyənə mərhəmət olunmaz” Əbu Hüreyrə (r.a)-dan rəvayət edildiyinə görə Rəsulullah (s.ə.s) belə buyurdu: “Kim bir möminin dünya sıxıntılarından birini həll edərsə, Allah da qıyamət günündə o möminin sıxıntılarından birini həll edər. Bir şəxs darda qalana asanlıq göstərərsə, Allah da ona dünya və axirətdə asanlıq göstərər. Bir şəxs bir müsəlmanın ayıbını örtərsə, Allah da onun dünya və axirətdəki ayıblarını örtər. Mömin bəndə din qardaşına yardım etdiyi müddətdə, Allah da ona yardım edər…” (Müslim, Zikr, 38)
Bu dünyada hər birimiz ilahi imtahanla qarşı-qarşıyayıq. Bu gün biz sağlam, imkanlı, heç kimə möhtac olmaya bilərik. Amma sabah necə olacağımız məchuldur. Dünya həyatında olmasa belə o dəhşətli qiyamət günündə bizə şəfaət edəcək, birini həsrətlə gözləyəcəyik. Bu qurtarıcı bu gün əlindən tutduğumuz möhtac, başını oxşadığımız yetim, qeydinə qaldığımız qohum və ya qonşumuz, heç bir şey verməyə imkanımız olmayanda Allah younda istəyənə göstərdiyimiz bir təbəssüm də ola bilər.
Uca Yaradan Qurani-Kərimdə belə bəyan edir; “Yaxşı əməl, üzlərinizi şərqə və qərbə çevirmək deyildir. Əsl yaxşı əməl, o şəxsin etdiyi əməldir ki, Allaha, axirət gününə, mələklərə, kitablara peyğəmbərlərə inanır, (Allah rizası üçün) yaxınlarına, yetimlərə, yoxsullara, yolda qalmışlara, dilənənlərə və qullara, sevdiyi malından xərcləyər, namaz qılar və zəkatını verər. Əhd bağladığı zaman sözünü yerinə yetirər. Sıxıntı, xəstəlik və savaş zamanında səbr edər. (Bəli) əsl doğrular bu vəsifləri daşıyanlardır. Müttəqilər (Allahdan haqqıyla qorxanlar) onlardır.” (əl-Bəqərə, 177)
Diğər ayeyi-kərimədə Allah-Təala belə buyurur: “Onlar ürəkləri istədiyi halda yeməklərini; yoxsula, yetimə və əsirə yedizdirirlər. Biz sizi ancaq Allah rizası üçün doyururuq, əvəzində hər-hansı bir şey və təşəkkür gözləmirik.” (əl-İnsan, 8-9)
Geniş ürək sahibi saleh insanlar nəinki sədəqə verdikləri insandan təşəkkür gözləyər, əksinə, sədəqələrini və ya zəkatlarını aldıqları üçün o möhtaclara özləri təşəkkür edirdilər.
Biz də verdiyimiz sədəqələrin, etdiyimiz xeyirxahlıqların başqasının yox, yalnız Allahın görüb-bildiyini dərk etməliyik. Bir də nəyi çox seviriksə Allah yolunda onlardan verməliyik. Bildiyimiz kimi bəzi peyğəmbərlər ən çox sevdikləri övladları ilə imthana çəkiliblər.
Ayeyi-kərimədə belə buyurulur; “Özləri zərurət içində olsalar da başqa möhtacları özlərindən öncə düşünərlər. Nəfsinin tamahkarlığından qorunmuş şəxslər, əsl nicat tapanlardır.” (əl-Həşr, 9)
Nə qədər zərurət içində olsaq da bizdən daha möhtac insanlar olduğunu düşünməliyik. Bunun üçün həm səbir eməli, həm də əlimizdən gəldiyi qədər xeyirxah işlər görərək könüllər almağa çalışmalıyıq. Bir sözlə, sən şam kimi yanmalısan ki, insanlara işıq saçasan.
Biz də bütün bu ayə və hədislər üzərində dərin-dərin düşünüb, bizdən daha möhtac insanları arayıb tapmalı, onların sayəsində Rəbbimizin razılığını və cənnəti qazanmağa tələsməliyik.
Aqil Əliyev