ÖVLADA AD QOYMAQ

0

Allah ata və anaya bir çox vacib vəzifələr yükləmişdir. Valideynlərin ən həssas və ən mühüm vəzifələrindən biri də övlada ad qoymalarıdır. Ad seçmək əsla kiçik və əhəmiyyətsiz bir mövzu kimi düşünülməməlidir.

İnsana qoyulan ad onun həyatına da, psixologiyasına da öz təsirini göstərir. Gözəl ada sahib olan kimsənin hər zaman alnı açıq olar. Pis ada sahib olan insan isə utanc hissi keçirər, pis adı özü üçün nöqsan sayar və hər zaman “alçalma” kompleksinə qapılar. Əksər vaxtlar belə insanlar bədrəftarlar tərəfindən istehzaya məruz qalar. Bu hal istər-istəməz onun ruhunda mənfi təsirlər meydana gətirər. Buna görə də İslam dini yaxşı ad seçməyi ata-ananın vəzifəsi və onların övladlarına qarşı ilk yaxşılığı sayır.

Allahın həbibi, peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Övladına gözəl ad seçmək hər bir atanın vəzifəsidir”.

Rəsuli-əkrəm (s.ə.s) başqa bir hədisində buyurur: “Övladın atası üzərində üç haqqı vardır: Ona gözəl ad qoyması, oxuma-yazma öyrətməsi və evləndirməsi”.

Digər tərəfdən, ad seçməyin ictimai yöndən də çox böyük təsiri vardır. Normal bir ata-ananın qoyduğu isimlərdən, adlardan onların fikir və hədəflərini anlamaq mümkündür. Əgər valideynlərin bir şairə qarşı simpatiyaları varsa, öz övladlarına həmin şairin adını seçərlər. Əgər elmə maraq duyurlarsa, alimlərin adlarını seçərlər. Əgər ibadət əhli mömindirlərsə, peyğəmbərlərin və din öndərlərinin adlarını seçərlər. Məsələn, din yolunda fədakarlıq və mücadilə etmək əzmləri varsa, Məhəmməd, Hüseyn, Əmmar, Həmzə, Əli, Əbuzər, Səd kimi şəxsiyyətlərin adlarından istifadə edərlər.

Hər bir valideyn seçdiyi adla özünü və övladını sevdiyi bir qrupa bağlamış sayılır. Bu ismi bağlılıqlar ictimai nəzərlərdə təsir buraxdığı kimi, adətən ad sahibinin də düşüncə tərzindən təsirsiz ötə bilməz.

Rəsulullah (s.ə.s) buyurub: “Yaxşı adlar seçin, çünki Qiyamət günü sizə o adlarla xitab ediləcək və “Ey filankəsin oğlu filankəs, qalx və hidayət olduğun nura tərəf get; ey filankəsin oğlu filankəs, səni hidayət edəcək nurun olmadığı halda qalx!” – deyiləcək”.

Düşüncə tərzlərini yaymaq və bəzi şəxsiyyətləri yad etmək üçün hər fürsətdən istifadə edərək şəhər, küçə və meydanlar daxil, hər mühitdə müəyyən adların qoyulduğu dünyada sorumluluğun, məsuliyyətin ağırlığını dərk edən hər bir müsəlman dinini yaymaq üçün heç bir fürsətdən, hətta ad seçimindən belə qafil qala bilməz. Bəli, peyğəmbər adları, əshabi-kiram və əhli-beyt adlarını seçmək və yayğınlaşdırmaq vasitəsilə İslamın fədakar və mömin igidlərinin qəhrəmanlıq xatirələrini qəlblərdə yaşatmaq, fədakarlıq özəlliyini ictimai şüurda yerləşdirmək mümkündür.

Təqva sahibi müsəlman heç vaxt övladı üçün zalımlardan və ya İslam düşmənlərindən birinin adını seçməyə razı olmaz. O, belə bir ad seçməyin bir növ zülmü yaymaq olduğunu dərk edər.

Hədislərdə də bildirildiyi kimi, ən yaxşı və üstün adlar peyğəmbər adlarıdır. Peyğəmbərimiz ad qoyma mövzusuna o qədər əhəmiyyət verərdi ki, əgər əshabından birinin adını bəyənməsə, dərhal onu dəyişdirərdi. Necə ki, Əbdüşşəms (günəşin qulu) adını Əbdülvəhhaba, Əbdüluzzanı (bütün qulu) Abdullaha çevirmişdi.

Yaxşı ad qoymaq peyğəmbərimizin (s.ə.s) getdikcə unudulmağa üz tutan ən gözəl sünnələrindən biridir. Hər bir müsəlman bu işdə məsuliyyət daşıyır. Övladlarımıza gözəl adlar seçək, Allah da onların gələcəyini gözəl eləsin…

Elvin Arifoğlu

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Azərbaycan nitq mədəniyyəti” kitabı işıq üzü görüb

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycan nitq mədəniyyəti” kitabı işıq üzü görüb.

Bağla