Oktyabrın 10-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və İmişli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə İmişli rayonunda “Şəhidlik mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilib.
Fonddan bildiriblər ki, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, İmişli Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Hüseyn İbrahimov, ilahiyyatçı ekspert Rövşən Nəzərov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Adıgözəl Bəşirov, din xadimləri, dini icma sədrləri, ictimaiyyət nümayəndələri və dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov İmişli rayonunda dini-mənəvi dəyərlərin təbliği və bu sahədə görülən işlər barədə məlumat verib.
Seminar-treninqdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev Fondun yaranması və fəaliyyəti haqqında məruzə ilə çıxış edib. C.Əliyev Prezident İlham Əliyevin Fərmanı ilə Fondun yaradılmasından bir il ötdüyünü qeyd edib, ötən müddət ərzində həyata keçirilmiş işlər haqqında məlumat verib. Seminar-treninqin mövzusu ilə bağlı fikirlərini bölüşən icraçı direktor müavini şəhidliyin xalqımızın milli-mənəvi dəyərlər sistemindəki yeri haqqında da danışıb.
Tədbirdə çıxış edən ilahiyyatçı ekspert Rövşən Nəzərov şəhidliyin İslam dinindəki mahiyyəti haqqında məruzə edib. Ekspert dini maarifləndirmə və radikalizmlə mübarizənin əhəmiyyətindən də bəhs edib.
Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Adıgözəl Bəşirov İslam dinində şəhidlik, eləcə də Məhərrəmlik ayı ilə bağlı öz fikirlərini bölüşüb.
Tədbirin yekununda iştirakçılarla fikir mübadiləsi aparılıb.