Quranda insan inşası

0

Hz. Peyğəmbər (s.ə.s) bir hədisində: “Allah-Təala sizin xarici görünüşünüzə və görkəminizə baxmaz; qəlblərinizə və niyyətlərinizə baxar”, (Müslim, İbn Macə) – buyurmuşdur. Bu hədisə baxaraq deyə bilərik ki, Allah üçün önəmli olan insanın daxili gözəlliyidir. Daxili gözəllik də, əlbəttə, gözəl əxlaqdan ibarətdir. İslamın özü elə gözəl əxlaqdan ibarət deyilmi? Bu barədə: “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim”,- deyə buyurmurmu, o nümunəvi şəxsiyyət Hz. Peyğəmbər?  Deməli, hər bir mömin öncə gözəl əxlaq sahibi olmalıdır. Bu əxlaqa sahib olmaq üçün isə hər şeydə öndərimiz olan Qurani-Kərimə müraciət etməliyik.

Həyatda Rəbbimizin rizasını təmin etməyin yollarını öyrənmək üçün öncə onun  rəhmət sifəti ilə tanış olmaq lazımdır. Rəhmət sifəti ilə tanış olaq ki, onun rəhmətindən feyz alaraq bütün məxluqata mərhəmətli ola bilək. Elə bir səviyyəyə gələk ki, nəinki bir insanı incitmək, balasını əmizdirən bir iti narahat etməmək üçün on minlik bir ordunun istiqamətini dəyişdirən bir peyğəmbərin ümməti olduğumuzun fərqinə varaq. Ölmək üzrə olanda dəvəsinə: “Ey dəvə, qiyamət günü məndən şikayətçi olma. Çünki mən sənə artıq yük yükləmədim”,– deyən Əbu Dərdaları nümunə alaq…

Allah-Təalanı rəhman sifətiylə tanıyıb, onun təsirini üzərimizdə əks etdirməyə çalışdıqdan sonra rəhman sifətiylə həmhal olmağın şüurunu verdiyinə görə, rəbbimizə həmd-səna etməliyik.

Ədəb-ərkan, əxlaq yolçuluğunun qapısını öncə Allah-Təalanın rəhmət sifəti ilə açdıq. Bu bəxtiyarlığı bizə bəxş etdiyi üçün ona həmd etdik. Sonra bütün amalımızın ona ibadət etmək olduğunu bildirərək bu yolda dirayətli, iradəli ola bilməmiz və özəlliklə bizi onun yolundan gedənlərlə yoldaş etməsi üçün ondan yardım diləyərək əxlaq yolçuluğumuza davam edək.

Hər bir mömin bütün möminləri qardaş bilməlidir. Qurani-Kərimdə buyurulan bu hökmə dayanaraq hər bir mömin kişi öz yoldaşı xaric hər bir qadını bacısı, hər möminə qadın da həyat yoldaşından başqa bütün müsəlmanları qardaşı bilməlidir. (Burada qəsd etdiyimiz din qardaşlığıdır. Unutmayaq ki, məhrəmiyyət məsələsində dini baxımdan bacı-qardaş ilə doğma bacı-qardaş arasındakı münasibət eyni deyildir). İnsanların bir-birlərinə olan münasibətləri belə bir qardaşlıq əsasında qurularsa, o cəmiyyət xoşbəxt olar. Bu zaman əxlaqi keyfiyyətləri bir virus kimi yeyib-bitirən, bu gün cəmiyyətimizin ən çox narahat olduğu pozğunçuluqlar da olmayacaq.

Müsəlmanların qardaş olduğunu bilməklə yanaşı, bu qardaşlığa xələl gətirən mikrobları da Qurani-Kərimə müraciət edərək tanımalıyıq. Bunların xüsusiyyətlərindən sayılan: başqası haqqında pis niyyətli olmaq, qeybət, dedi-qodu etmək,  kin bəsləmək, həsəd  aparmaq, din qardaşına onun istəmədiyi ləqəbi taxmaq, onu lağa qoymaq insanların arasını açan ən önəmli mənəvi xəstəliklərdir. Qurani-Kərimdə bu haqda ayələrdə belə buyurulmaqdadır: “Ey möminlər! Bir camaat digərlərini məsxərəyə qoymasın!..”, “Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır. Bir-birinizi güdməyin, bir-birinizin qeybətini qırmayın!..”.(əl-Hücurat,11-12)  Eyni zamanda Hz. Peyğəmbər (s.ə.s): “Bir-birinizə kin bəsləməyin, həsəd aparmayın, bir-birinizə üz çevirməyin. Ey Allahın qulları, qardaş olun!”,  “Bir adama, müsəlman qardaşını təhqir edib alçaltması günah olaraq kifayət edər”, – deyərək müsəlmanları bu kimi mənəvi xəstəliklərə qarşı xəbərdar etmişdir.

Təkəbbürlü olmaq da Allahın qullarında görmək istəmədiyi xüsuslardandır. Bu haqda Hz. Loğman oğluna: “Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündənrazını, lovğalanıb fəxr edəni sevməz!” – deyə buyurmuşdur.

Bir cəmiyyətin sağlam olmasının ən önəmli məhək daşlarından biri də ata-anaya hörmət etməkdir. Allah-Təala: “Biz insana ata-anasına (yaxşılıq etməyi) tövsiyə etdik…” –ifadəsi ilə başladığı  ayənin sonunda: “Mənə və ata-anana şükür (təşəkkür) et!”– buyuraraq ata-ananı öz adıyla bir hallandırmışdır.

Bütün bunlar insanlar arasındakı münasibəti tənzim edən, onlar arasında sevgi və məhəbbət toxumu əkən mübarək kəlamlardır.

Allah-Təala insanların bir-birlərinə qarşı rəftarlarını tənzim etdiyi kimi, insanların ona qarşı olan vəzifələrini də xatırladır. İlk növbədə Allah-Təala özünün tək olduğunu, onun şərikinin olmadığını bizlərə öyrədir. İxlas surəsinin birinci ayəsində: “De, O Allah təkdir”,- buyurulmuşdur. Loğman (ə.s) öz oğlunu bu barədə:  “Oğlum, Allaha şərik qoşma!..”- deyərək tənbehləmişdir. Bir çox ayə Allahın varlığını qəbul etməklə yanaşı, axirətə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirməyi, namaz qılmağı, oruc tutmağı, bütün əmr və qadağalarına riayət etməyi əmr etmişdir. 

Qurani-Kərim, yuxarıda da görüldüyü kimi, insanın həm Allah-Təalaya qarşı, həm də insanlara qarşı münasibətlərini tənzimləməklə insan şəxsiyyətini inşa etmiş və onu şəkilləndirməyə çalışmışdır.

Ramiz Məmmədov

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ BEYNƏLXALQ İSLAM KONFRANSI KEÇİRİLƏCƏK

Türkiyənin İstanbul şəhərində “Səbahəddin Zaim Universiteti” İslam və Qlobal Əlaqələr Mərkəzinin (CİGA) təşkilatçılığı ilə “Beynəlxalq Müsəlman Ümməti” konfransı keçiriləcək. 14,...

Bağla